11 Noyabr 2019 13:41
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan elə bir varlıqdır ki, dəyirman kimi hər şeyi öz yaddaşına çəkib xırdalayaraq istədiyi formaya salmağa meyllidir. Əgər belə bir güc insanın yaddaşında yox əlindədirsə - Tanrının özü kimi yaratmaq və dağıtmaq gücündədirsə, zamana tabe olmadan hər şeyi öz ehtirasının qurbanına çevirmək istəyir. Lakin insan təkcə zaman üzərində hökmranlıq edə bilmir, sonda zamanın hökmünə baş əyib səhnəni tərk edir. Zaman hər şeyi udur, insanı belə…

Zamana gücü çatmayan insan həmişə öz yaddaşı ilə oynayır.

****

Saman çöpləri başımı deşib çölə çıxmışdılar – yaddaşımın içindən boylanırdılar. Sonra bu saman çöpləri cücərdilər, daha doğrusu uzandılar. Uzaqda görünən dağlar yanıb bir topa külə çevrilmişdi, ətrafda rəngi olan yeganə şey bu sarı saman çöpləri idi. Nə baş verdiyini anlamdan binaları, küçələri, ağacları, səması və torpağı paslanmış dəmirdən olan şəhərdə peyda oldum.

Nə keçmiş, nə də gələcəyimə dair heç bir vəd verməyən dəmir şəhərlə üz-üzə qalmışdım. Heç bir izin xatirəsi yox idi. Yaddaşım bu dəmir şəhərin bütün küçələrindən keçdi, özümə aid bir şey tapmadım. Heç insanları da yox idi bu şəhərin. Nə xoşbəxt idim, nə də əzab çəkirdim, sadəcə görürdüm. Amma mən bu yad yerin köhnə sakini idim.

Başqa heç nə...

Bu yuxu idi, daha doğrusu, şüurumun altında baş qaldırmış unutmaq arzusu – bu yerlərin və insanların mənə yaşatdığı yadlıq duyğusu. Buna görə də, həmişə yuxunun insanı yaşamaq istədiyi yerə aparan və beyinin ortasından keçən bir dəhliz olduğuna inanmışam. Bu xoşbəxtlik insan oyananadək davam edir. Lakin bu xoşbəxtlikdən daha çox, bir neçə saatlıq, bəlkə də bir neçə saniyəlik süni nəfəs verən yaddaşın aldatmacasıdır. Buna görə də bəlkə yuxu həyatın özündən daha qorxuncdur. Çünki yuxu insanı getmək istədiyi yolun yarısından qaytarır, həyatınsa səni hansı yola döndərəcəyi bəlli deyil.

Həyat və yuxuların insanı aparacağı yollar beyindən – yaddaşdan başlayır.

İnsan həmişə öz yaddaşının içində çırpınır – xatirələr anbarında qurdalanır, xoşbəxt ola bilməmək, özünə əzab vermək üçün nəsə axtarır. Zatən təsəllini və ya sakitliyi keçmişində axtaran xoşbəxt ola bilməz. Elə buna görə də insan kimsədən yox, yaddaşının xatırlatmasından qaçmaq istəyir. Amma bu mümkün deyil.

Yaddaşı olan heç bir canlı azad deyil. Daha çox keçmişə bağlı qalan yaddaş insanı geri itələyən ən qarşısıalınmaz gücdür.

İnsan unutmur dözür, bu da yaddaşın bir oyunudur, tapmacasıdır. Yaxud insan dözmür öyrəşir, bu da sadist insan yaddaşının bir işgəncə alətidir.

Yaddaş insanın xoşbəxtliyinə əngəldir. Addımbaşı öz oyununu oynayan, öz işgəncə alətini işə salan yaddaş həmişə ən dibdə eşələnir, həmişə oradan nəsə tapır, nəyisə xatırladır.

Yaddaşı olan canlı xoşbəxt ola bilməz. Buna görə də xoşbəxt olub-ola bilməmək, yaxud unudub-unutmamaq insan iradəsinə tabe deyil. İnsan unuda bilmədiyi kimi yaddaşından da imtina edə bilmir. Buna görə də ölənədək həyatını untutmağa xərcləyən insan yaradılışın ən ali canlısı deyil.

Həmişə yaddaşı insanı harasa, hansısa yaşanmış, bəlkə də yaşanmamış zaman və məkana sürükləyir. Yaşanmamış gələcək isə bura daxil olmur və yaddaş insanı həmişə keçmişə çəkir. Buna görə də insan həyatının sonunadək təəssüflənməkdən başqa bir işin yiyəsi olmur. Çünki hər keçmiş xatirə bir ağrıdır. Qısaca desək, insan həyatının sonunadək şikayət edən canlıdır. Ölənədək də ən az özündən şikayət edir.

Doğuluş və ölüm arasındakı həyat insanın öz-özünə monolqu ilə başa çatır. Yəni, insan həyatı bu monoloqdan ibarətdir. Bu monoloqu isə insanın başqalarından özünə yazdığı “şikayət məktubu” da adlandırmaq olar. Yəni, həyat insanın özünü ən az təqsirli elan etdiyi məhkəmə prosesidir.

Amma yaddaşının əzab vermədiyi canlı bütöv ola bilməz, insanı bütöv varlıq edən xatirələr anbarının – yaddaşın olmasıdır. Əgər yaşanılmalı bir əzab varsa, bundan imtina edirsənsə, bütöv ola bilməzsən. Əzabı axıradək yaşamaq yerinə ağıl və məntiqlə heç bir əlaqəsi olmayan gülməyə üstünlük verirsənsə, həyatdan yarım-yamaq qalırsan, zatən nə vaxtsa fırlanıb gəlib o əzaba ilişirsən. Nə qədər etiraz etsə də, insan yaddaşı ilə hesablaşmağa məcburdur və bu lənətdən xilas olmaq mümkün deyil.

Yaddaş gələcəyi alatoran belə göstərmir, keçmişi isə işıqlı göstərir, çünki görüb və yaşayıb. Gələcək isə zülmətdə qabağa salınmış fənər işığıdır, addımladıqca nəyi işıqlandırdığını görürsən.

İnsan gələcəyə şikayətlərlə gedir və gələcəyə keçmişindən işıq salır. Amma “gələcəyi xatırlaya bilmək”, bu ifadə hər nə qədər qeyri-real görünsə də, insan gələcəyi də xatırlayır, keçmişi kimi - yəni düşünür.

İnsan gələcəyə də öz izini qoyub, getmədiyi yerlər kimi... İnsanın xəyalında getmədiyi, yaşamadığı məkanlara, zamana öz izini qoyub, buna görə də, həyat keçmişdən başlayır, gələcəkdə başa çatır. Çünki insanın xəyal dünyası o qədər genişdir, bu xəyallar içində ayaqlarına güc verdiyi yaddaş elə yüyrəkdir ki, ayaq basmadığı yer, yaşamadığı zaman qalmayıb, buna görə də insan yaddaşı əlçatmazlığı - gələcəyi də köhnəldir, gözdən salır.


Müəllif: Mənsur Rəğbətoğlu