20 Dekabr 2019 13:34
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

60 yaşını keçmiş bir kişi tabe olduğu məmur üçün yığdığı rüşvətdən pay alır. Həyata keçirdiyi bu xidmətə görə “min manatı götür” hədiyyəsi ilə mükafatlandırılır. O da rahat şəkildə həmin pulu cibinə qoyur.

Saxlanılan icra başçısının aylıq “qazandığı” rüşvətin miqdarı bizim pul haqqında təsəvvürlərimizi aşdığı üçün köməkçisinin min manatının keçdiyi macəralardan yazacağıq. Tatarovun aldığı o min manat:
Hazırda o rayonda xəstə yatan bir təqaüdçünün dərmanları üçün gecə-gündüz Tanrıdan dua edərək istədiyi bir vəsaitdir;
İki uşağı olan gənc bir atanın bir ay ərzində 12 saat işləməyə razı olub qazanmaq istədiyi pulun miqdarıdır;
Bir tələbənin universitetə ödəməli olduğu illik təhsil haqqıdır;
Sosial şəbəkədə dənəsi 10 qəpiyə daş daşımaq xidməti təklif edən işçinin ömrü boyu bir arada görmədiyi pulun miqdarıdır.

Siyahını uzatmaq olar.

Tatarov və başçısı bu pulları aldığı zaman sosial şəbəkələrdə müalicə üçün hesab açıb vətəndaşlardan yardım istəyən analar, atalar fəryad edirdi.

Qocalar, kimsəsizlər, şəhid ailələri, ehtiyacı olanlar dövlətin verdiyi təqaüdlə həyatlarını başa vurmaq arzusunda ikən onlar üçün ayrılan pullar “başçı”nın seyfində yatırmış...

Ölkədə işə ehtiyacı olan vətəndaşlar hər sabah “çörək pulunu haradan qazanım” deyə düşünərkən “başçı” siyahıda olub, faktiki olmayan iş yerləri açıb, büdcəni talan etməklə məşğul imiş.
Bunları bilmirdikmi? Bilirdik!

Nəhayət, rəsmi şəkildə üzə çıxdı, iki cinayətkar həbs edildi. Ümid edirik ki, şəhid ailələrinin təqaüdünə də göz dikən bu kimi cinayətkarların kökü birdəfəlik kəsilər.

*

İcra başçısı dövlətin bölgələrdəki təmsilçisi və güzgüsüdür. Dövlət vətəndaşa, fərdə xidmət etmək məqsədilə var olduğu üçün təmsilçi də xalqın içindən seçilmiş, təhsilli, intellektual, bacarıqlı, peşəkar və vicdanlı bir şəxs olmalıdır.
Əhali başçıdan qorxmamalı, ondan hesabat istəyə bilməlidir. Başçının vəzifəsi regionda iş adamlarına şərait yaratmaq, bu yolla işsizliyi aradan qaldırmaq, bölgəni inkişaf etdirməkdir. Amma praktikada başçı iş adamından məktəb direktorunadək hər kəsə aylıq rüşvət təyin edir, dövlət idarəsində bununla bağlı qeydlərini seyfdə saxlayır.
Direktordan alınan hər min manat bir şagirdin gələcək ümidlərinin öldürülməsidir.

Biznesmendən alınan hər min manat iş adamlarının yatırımlardan qorxması, işsizliyin artmasıdır.
Ehtiyaclı ailələrin təqaüd kartlarına göz dikmək o ailədə böyüyən uşaqların dövlətə qarşı etimadsızlığının artmasıdır.

Şəhid ailələrinə edilən dəstəyə göz dikmək Qarabağın azad ediləcəyinə olan ümidin qırılmasıdır.

Bu baxımdan Azərbaycanda rüşvətxor məmur anlayışının yeni ilə, yeni dönəmə keçməməsi üçün bütün addımlar atılmalıdır...


Müəllif: Dilqəm Əhməd