10 Avqust 2020 09:10
9 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunun Azərbaycandakı hərbi təlimləri bu dəfə geniş müzakirə edildi. Türkiyə-Azərbaycan konfederasiyası, Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi kimi müxtəlif təkliflər verildi. İyul döyüşlərində ən ali səviyyəli Türkiyə siyasətçilərinin və hərbçilərinin Azərbaycana hərbi dəstək verə biləcəklərini açıqlamaları məsələni daha da aktuallaşdırdı. Ekspertlər isə təlimlərin

Ermənistanda təşviş yaratdığını yazdılar.

Gündəmdə bu müzakirələr davam edərkən 1992-ci il martın 8-də Türkiyə ermənilərinin patriarxı Kazancıyanın “Milliyet” qəzetindəki müsahibəsi qarşıma çıxdı. Jurnalist Ercüment İşleyene verdiyi müsahibəsində Kazancıyanın söylədiyi bəzi fikirlərə diqqət edək:
“Hər iki tərəfdə də məsum insanlar ölürlər. Ermənilərdən də böyük itkilər var. Hərbdə ölənlər üçün qətliama gedildi deyə bilmərik”.
Patrik Xocalıda törədilən soyqırımı hərb hesab edib, günahsız, silahsız insanların qətlini “hərbdə ölənlər” deyə adiləşdirib.
“Adlarına baxın. Tarixi yaxşı oxuyun. Azərilər kök etibarilə tatarlara yaxındırlar”.

Jurnalist bu cümlədən öncə “Azərilərin türklüyünə şübhə etdiyini söyləyən Kazancıyan” ifadəsini işlədib.

Patriarxın məqsədi aydındır. Azərbaycanlılar türk deyil, monqol-tatardır, yəni gəlmə xalqdırlar.
Müsahibənin gedişində Qaregin Kazancıyan maraqlı bir politik cümlə işlədib:
“Türkiyədə yaşayan ermənilər özlərini Türkiyə vətəndaşı kimi hiss edirlər... Buradakı ermənilər türk kimi düşünürlər. Mənə 10 nəfər erməni gətirin, Qarabağın yerini belə göstərə bilməzlər. Çünki bilməzlər”.

İlk baxışdan xoş görünən fikrin izahı belədir: Türkiyədəki ermənilər bu məsələyə qarışmırlar. Qarabağdakı erməni məsələsi bizlik deyil, eləcə də vətəndaşı olduğumuz Türkiyənin deyil. Çünki ardınca bu cümləni deyib:
“Qarabağ ilə Türkiyə arasında bağ qurmaq yanlışdır. Hər türkcə danışan türk deyildir. Bu gün mən Suriyada, İordaniyada evlərində türkcə danışan çərkəzlər tanıyıram. Bunlar indi türkdürlər? Qarabağ ilə Türkiyə arasında əlaqə qurmaq ən böyük yanlışdır”.
Məhz bu cümlədə tədricən Kazancıyanın əsl arzusu ortaya çıxıb: Qarabağda, dolayısı ilə Qafqazda türkcə danışanlar assimilyasiyaya məruz qalmış qafqazlılardırlar, onların isə Türkiyəyə dəxli yoxdur.

Kazancıyan Qarabağda türk amilini kənarlaşdırdıqdan sonra Türkiyənin din amilindən də məsələyə qarışmaması üçün bildirir:
“Türkiyədə bəzi çevrələr hadisələri müsəlman-xristian qarşıdurması kimi göstərmək istəyirlər. Bu mövzuda hər hansı bir şey olmadı. Yanlış anlamayın. Qarabağda belə bir vəziyyət yoxdur. Bu olay siyasi bir məsələdir. Kökünə baxsaq, 1988-də Qorbaçovun yaratdığı bəlalar sırasında açılmış bir yaradır. Ondan əvvəl iki millət savaşsız yaşayırdı”.

Bəllidir ki, XIX əsrin sonlarından etibarən ermənilərin yaratdıqları terror təşkilatları sırf türk və müsəlman olduqları üçün Anadoluda və Qafqazda insanları qətlə yetirirdilər. Bu cümlədə məsələni Qorbaçovun üzərinə atmaqla Türkiyənin türk və müsəlman bir məmləkətə kömək etməməsinin vacibliyi ilə əsl düşüncəsinin rüşeymlərini bildirib.

Növbəti fikirlərində yenə insanların ölməsindən, sülhdən bəhs edən Kazancıyan yekunda açıq şəkildə Türkiyənin Qarabağ məsələsinə qarışmamasının vacibliyini deyib və hətta dolayı yolla faciənin yaşanacağını bildirib:
“Türkiyənin Qarabağa əsgər göndərməsi məsələsinə gəldikdə, İkinci Dünya müharibəsində İsmət İnönü məmləkəti hərbə soxmayaraq ən gözəl davranışı sərgilədi. Türkiyə əgər İkinci Dünya müharibəsinə girsəydi, bir şey qazana bilməzdi. Birinci Dünya müharibəsinə girdi, torpaqlarını itirdi. Mənim dediyim, Türkiyə yeni bir dövlət deyil ki, edəcəyi işi bilməsin. Çox yaxşı bilir. Şəxslər danışar, fəqət siyasət qəlblə düşünülməz, fikirlə düşünülər. Nazirlər gələr və gedərlər, fəqət siyasət dəyişməz”.

Göründüyü kimi cümlədə hətta dolayı təhdid də var. Türkiyə Qarabağ məsələsinə müdaxilə edərsə, torpaq itkisi ilə qarşılaşa bilər.

28 il əvvəl müharibənin qızğın vaxtında ermənilərin ən qorxduğu məsələ Türkiyənin müdaxiləsi idi. İndi də elədir.

Ona görə də Türkiyə ordusunun Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etməsində göstərə biləcəyi yardımı qınayarkən patriarxın qorxu və təhdidlərini yada salıb kimlərlə hansı mövqedə olduğunuzu müəyyənləşdirin.


Müəllif: Dilqəm Əhməd