6 May 2014 16:51
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasında yeni komandanın oyununa tamaşa edəcəyik. Çempionatın reqlamentinin hələ tam dəqiqləşməməsinə baxmayaraq artıq ikinci diviziondan kimin elit liqaya yüksələcəyi bəllidir.

Premyer Liqanı hansı klubun tərk edəcəyi isə qeyri-müəyyən qalır. Bir ara söz-söhbət yayıldı ki, çempionatı heç bir klub tərk etməsin, əvəzində aşağı dəstədən iki klub da qoşularaq yenidən 12 komandalıq sistemə keçilsin.

Bu qərarın çempionatın ortalarında, mübarizənin qızğın vaxtında verilməsi xeyli müzakirələrə yol açdı. Bundan istifadə eləyən autsayder imici formalaşdırmış iki klub - “Rəvan” və “Sumqayıt” daha rahat oynamağa başladılar.

Ancaq çox keçmədi, AFFA prezidenti Rövnəq Abdullayev növbəti açıqlama ilə çıxış edərək bildirdi ki, ola bilsin, elitanı bir klub tərk eləsin, aşağı dviziondan isə onun yerinə bir klub mübarizəyə qoşulsun.
Bu da hələ ki, dəqiqləşməmiş variantdır. Aşağı dəstəyə hansı komandanın düşəcəyi tam bəlli olmasa da “aşağı”dan “yuxarı” çıxacaq bir klubun adı artıq məlumdur.

Hələ çempionatın lap əvvəlindən də gözlənildiyi kimi bu, Naxçıvanı təmsil eləyən “Araz” klubudur.
Uzun müddət futboldan uzaq qalmış Naxçıvanda yaradılan, yaxşı maliyyə və infrastruktura malik klub mübarizəyə qoşulduğu ilk ildəcə yüksək liqaya real namizəd olduğunu sübut eləməyi bacardı.

Premyer Liqa təcrübəsinə sahib gənc və təcrübəli oyunçularla yerli futbol məktəbinin yetirməsi olan gənclərin əla harmoniyasını təşkil eləməyi bacarmış klub rəhbərliyi mübariz komanda formalaşdıra bilmişdi. Və bu klub çıxış elədiyi turnirin aşkar favoriti idi.

Üstəlik, bir neçə xarici oyunçunun da komandaya uğurla qoşulması nəticəsində Muxtar Respublika təmsilçisi qarşısına qoyulmuş vəzifəyə doğru sürətlə irəliləməyi bacardı.

Baş məşqçi postuna təcrübəli Əsgər Abdullayevi gətirən rəhbərlik bu mütəxəssisin zəngin təcrübəsindən və məşqçi bacarığından faydalana bildi.

Bunun nəticəsidir ki, “Araz” futbol üzrə Azərbaycan çempionatının ikinci dəstəsində çıxış eləyən bütün rəqibləri üçün qorxulu röyaya çevrildi.

Hələ çempionatın başa çatmasına dörd tur qalmasına baxmayaraq artıq çempionluğu rəsmiləşdirən klub yüksək dəstəyə əla əhval-ruhiyyə ilə gəlir.

Bu vaxta qədər 26 oyun keçirən və keçirdiyi görüşlərdə 21 qələbə qazanıb, 4 bərabərliklə ayrılan klub cəmi bir dəfə məğlubiyyət acısı dadıb.

“Araz” klubu bu müddət ərzində nəinki aşağı dəstə komandalarına qarşı, hətta elita təmsilçilərinə də öz gücünü göstərməyi bacarıb.

İlk olaraq ölkə kubokunun 1/8 final mərhələsində elitanı təmsil eləyən Zaqatalanın “Simurq” komandasına qalib gələn naxçıvanlılar aşağı dəstə təmsilçisi olaraq Premyer Liqa klubunu yenməyi bacararaq bir ilkə imza atıb.

Növbəti mərhələdə güclü heyəti və nüfuzlu baş məşqçisi ilə tanınan “Xəzər Lənkəran”a qarşı əzmlə döyüşüb, iki oyunun nəticəsinə görə 1-2 hesabı ilə yenilərək kubokla vidalaşmalı olub.

Bununla belə, gücünü göstərməyi bacaran debütant bir növ elitada çıxış eləyən klublara meydan oxuyub, asan rəqib olmayacağının mesajını verib.

Ümumiyyətlə, bol maliyyəsi, peşəkar idarəçiləri olan bir əyalət klubunun Premyer Liqada oynaması yaxşı haldır.

Premyer Liqaya xoş gəldin, “Araz” Naxçıvan!


Müəllif: Zaur Xudiyev