29 İyun 2022 00:13
10 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeşilçam filmlərini ilk dəfə Azərbaycanın o qarışıq günlərində izləmişdim. Ümumi adı “Qara Murad filmləri” idi. Daha çox Cüneyt Arkının çəkildiyi filmlər göstərildiyi üçün yaddaşımıza bu şəkildə hopurdu. Dəqiq xatırlamasam da, sanki o illərdə Türkiyənin hansısa kanalının ölkə daxilində yayımı vardı.

Bakıya qaçqın olaraq gəldiyimiz üçün Sovet dövründə formalaşan Bakı mədəni mühitinə yad şəkildə böyümüşdüm. Bu yadlığı yetkinlik dövründə də yaşadım. Çünki istər-istəməz 70 ildə formalaşan bir Bakı kültürü vardı, bizim ailələrimizin böyüdüyü mühit isə tamam başqa idi.

Sərhədlər yeni açıldığı üçün Türkiyənin, İranın təsiri getdikcə güclənirdi. Bir müddət sonra 3-4 Türkiyə kanalı artıq sərbəst şəkildə yayımlanmağa başlamışdı.

“Qara Murad filmləri” daha da çoxalmışdı. Əslində, o illərdə Türkiyədə də özəl televiziyalar yeni-yeni formalaşırdı...

Uşaqlığı, yeniyetməliyi 90-larda keçənlər çox yaxşı xatırlayırlar. O dövrlərdə Türkiyənin arabesk musiqisi sürətli şəkildə ölkəmizdə yayılmışdı. Sovet dövründə bir neçə türk sənətçisi Bakıda konsert versə də, indi daha rahat şəkildə sərhədləri aşmışdı.

Hələ İbrahim Tatlısəsin Bakı konserti dövlət televiziyasında göstərilmiş, böyük maraq doğurmuşdu. Həmin sənətçilərin kasetləri evləri bəzəyirdi...

O illər sanki uzaq bir dövr kimi yada düşür indi. Halbuki xaricə həsrət qalan Sovet vətəndaşlarının dünyagörməmiş övladları cahanı Amerika serialları, türk filmləri ilə tanımağa çalışırdılar.

Tanımaqla bərabər oxşatmağa da cəhd edirdilər. Xüsusilə, gənc oğlan və qızların yeni saç şəkilləri serial qəhrəmanlarınkı kimi olardı...

Şübhəsiz ki, Amerika serialları daha əlçatmaz bir dünya idi. Amma Türkiyə filmləri, musiqi albomları daha doğma gəlirdi. Film kirayə budkalarında bir VHS kasetə yazılmış iki bədii film olardı. İmkanlılar satın alar, imkansızlar isə bir günlük kirayəyə götürərdilər.

Qonum-qonşuya, yaxında qalan qohumlara da xəbər verilərdi. O dövrün rəngli televizorlarının ölçüsü də balaca olardı...

Kemal Sunal filmləri də o illərdə həyatımıza girmişdi.

Bu gün Youtube-də bir tıkla istənilən filmi, musiqi albomunu əldə etdiyimiz üçün o illərin həyəcanını yaşamırıq. Hazırda bir Avropa şəhərinə oxşayan Bakı sanki o illəri yaşamamış şəkildə ömür sürür.

“Gənclik Mall”ın yerində yerləşən ticarət mərkəzindən, 20 Yanvar dairəsindən ucalan o arabesk mahnılar sanki bu diyarda heç səslənməyib. Bugünkü nəslə irad bildirənlər sanki küçük Əmrahı yaxından görmək üçün dəridən-qabıqdan çıxmayıblar...

İbrahim Tatlısəsə toxunmaq üçün sanki onu İçərişəhər tərəfdə hərəkət edən maşınının arxasınca qaçmayıblar. İbo onu kəşf etsin deyə qardaşı ilə birgə özünü səhnəyə atan Azəri qızı Günel olayı sanki heç olmayıb...

90-lar bütün tərəfləri ilə maraqlıdır. Həmyaşıdlarım o illərlə bağlı xatirələrini yazsalar, maraqlı, ağrılı, gülməli hadisələr oxuyacağımıza əminəm.

Müharibə, müstəqilliyin ilk illəri, məğlub edilmiş dövlətin uşaqları, yoxluq, aclıq... Hər amilin bir travma yaşatdığı o uşaqlar indi 35-40 yaş arasındadırlar və əminəm ki, heç biri o illəri unutmayıblar. Amma özlərini unutmuş kimi göstərirlər. Çünki zaman sürətli dəyişməyi tələb edir. Zaman xatirələri də silməyi tələb edir.

Bu gün o illərin qəhrəmanlarından Cüneyt Arkın vəfat etdi. Türk film tarixinin ustad sənətkarlarından idi. Romantik aşiqdən Osmanlı igidinə, müəllimdən mafiya adamına qədər müxtəlif rollarda gördüyümüz aktyor xarakteri, insanlığı ilə də türk xalqının sevgisini qazanmışdı.

Vətən müharibəsinin bitdiyi 10 noyabr 2020-ci ildə Arkın sosial mediada belə yazmışdı: “Zəfərin zəfərimiz, sevincin sevincimizdir can Azərbaycan. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır”.

Müharibə vaxtı ermənilərin mülki əhalimizi raketlə vurmasına da sərt təpki göstərmişdi. Bu baxımdan onun vəfatı təkcə Türkiyədə deyil, bizdə də xeyli üzüntü yaratdı. Çünki Arkın o qarışıq 90-cı illərdə Türkiyədən gələn mühüm dəyərlərdən biri idi.

Yeşilçamla böyüyən nəslin nümayəndəsi olaraq onu hər zaman xatırlayacağam.


Müəllif: Dilqəm Əhməd