14 Avqust 2022 19:14
11 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

16 noyabr 1919-cu il. Qafqaz İslam Ordusunun komandanı Nuri paşa İran yolu ilə Şuşaya gəlir. İki gün burada Qarabağın hərbi valisi Xosrov bəy Sultanovun qonağı olur. Nuri paşa Xosrov bəylə birgə Xankəndinə yola düşür.Xankəndidə qurulan hərbi şurada Zəngəzur məsələsi müzakirə edilir. Bir neçə gün Xankəndidə qalan Nuri paşa Bakıya qayıdır. Ayın 19-da türk zabitləri Şuşadan Zəngəzura keçirlər...

Bu bilgilər Osmanlıda çıxan “Sabah” qəzetindəki (sayı 10777, 17.11.1919) “Nuri paşa Qafqazda” adlı məqalədəndir.

Həmin dövrdə Osmanlı mətbuatı Ermənistanın Zəngəzur iddiasına qarşı Azərbaycanın yanında olub. Məsələn, “Tasviri-Efkar” qəzetinin 27 noyabr 1919-cu il tarixli sayında dərc edilmiş məqalənin başlığı belə idi: “Zəngəzur məsələsində Azərbaycan-Ermənistan ixtilafı: Haqq azərbaycanlıların tərəfində”.

Məqalədə Parisdən Bakıya qayıdan azərbaycanlı siyasətçidən İstanbulda bu mövzuda müsahibə də alınıb. Böyük ehtimal bu şəxs Paris Sülh Konfransından Bakıya qayıdan Məhəmmədhəsən Hacınskidir.

O, türk müxbirə Zəngəzur haqqında belə danışıb: “Zəngəzur Qarabağ vilayətinin bir qəzasıdır. Qarabağ istər tarixən, istərsə də əhalisinin əksəriyyəti etibarı ilə Azərbaycanın ayrılmaz bir hissəsidir. Vaxtilə Qarabağ müstəqil bir xanlıq olaraq yaşamış və hətta Osmanlı dövləti ilə siyasi münasibətlər də qurmuşdur. Hicri XIII əsrin əvvəllərində Qarabağ hökmdarı İbrahimxəlil xan İstanbula Mirzə Əli Məhəmməd ağa namında bir zatı səfir olaraq göndərmişdi.

Qarabağ xanlığı rus istilasına qədər davam etmişdir. Biz azərbaycanlılar Zəngəzurun Azərbaycandan ayrılmasını heç bir zaman təsəvvür etmədik və edə bilmərik də. Mütarəkədən sonra Qafqazdakı ingilis komandanı da Zəngəzur məsələsində bizim haqqımızı təslim etmişdir”.

Siyasətçi ardınca türk müxbirə ingilis komandanlığının Xosrov bəyin Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir uyezdlərinə hərbi vali təyin edildiyini xatırladaraq deyib: “Görürsünüz ki, Zəngəzur bizimdir. Azərbaycan əsgərinin Zəngəzura təcavüz etməsi məsələsi isə doğru deyil. Azərbaycan Cümhuriyyəti indiyə qədər həmişə sülhpərvər bir siyasət təqib etmişdir”.

O dövrdə Cümhuriyyət hökuməti Zəngəzur məsələsində qətiyyətli mövqe tutmuşdu. Təsadüfi deyil ki, özünü bölgənin ağalarından hesab edən Amerika təmsilçisi Haskel də Zəngəzurun Azərbaycanın olduğunu hesab edirdi. Nəsib bəy hökuməti də Cümhuriyyətin işğalına qədər Qarabağ və onun bir hissəsi olan Zəngəzur məsələsində qətiyyətlə dayandılar, bölgədəki erməni fitnəsinə qarşı mübarizə apardılar.

Buna görə də Üzeyir bəy “Azərbaycan” qəzetində “Ermənistan və Azərbaycan münasibəti” adlı məqaləsində yazırdı: ““Zəngəzur məsələsi” zatən ermənilər tərəfindən meydana çıxarılmış olan “Qarabağ məsələsi”nin mabədidir... Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd uyezddən biridir. Zəngəzursuz Qarabağ Qarabağ ola bilməz”.

Amma təəssüf ki, Rusiyanın Azərbaycanı işğalından sonra ölkəmizdə qurulan oyuncaq hökumət qısa zamanda Cümhuriyyətin bütün əziyyətlərini hədər etdilər. Belə ki, ermənilərin tələbləri qarşısında tab gətirə bilməyən Nəriman Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzur və Naxçıvanın Ermənistana güzəştə gedildiyini, Qarabağda isə ermənilər üçün tam muxtariyyət yaradılacağını bildirdi.

Elan edilən bəyanatda deyilirdi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyinetmə hüququ verilir. Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

Sonrakı müddətdə Qarabağda muxtar vilayət qurulsa da, faktiki bu da bölgəyə rusların qoyduğu bombalardan biri idi ki, 1988-ci ildə partladı.

Şübhəsiz ki, tarixi sorğulamaq, Nərimanovun addımlarını təftiş etmək bu gün anlamsızdır. Amma ozamankı tarixi gedişat buna səbəb oldusa, bugünkü tarixi gedişat tamam başqa cür ola bilər. Haqsız yerə qurulan sərhədlər bir gün dağılmağa möhtacdır. O zaman isə biz hazır olmalı, Qarabağın tarixi hissəsini ona qaytarmalıyıq.

Gün gələcək, Nuri paşa ilə Xosrov bəy kimi Xankəndidə Zəngəzur məsələsini müzakirə edəcəyik.


Müəllif: Dilqəm Əhməd