Amerika və bir çox Avropa dövlətlərinin çox ciddi təhdidlərinə və təziqlərinə baxmayaraq, Azərbaycanda Birinci Avropa Oyunlarının keçirilməsi Cənubi Qafqazın mədəni həyatında olduqca mühüm və əlamətdar hadisəyə çevrildi. Azərbaycan Avropa oyunlarına ev sahibliyi etməklə özünün sülhsevər bir dövlət olduğunu dünyada bir daha təsdiq etdi.
Oyunlar ərəfəsində Azərbaycana qarşı başlanan qarayaxma kampaniyaları oyunların sonuna qədər davam etdi. Avropa dövlətləri və Amerika qonşu Gürcüstandan və Ukraynadan olan bir qrup deputatı və dövlət məmurlarını, eləcə də Azərbaycanın daxilində bir neçə qeyri-hökumət təşkilatını və siyasi partiyaları bu siyasi şouya qatmaqla apardıqları təbliğata yeni bir rəng qatmaq istəsələr də, bu Azərbaycanda ictimai fikrə təsirsiz ötüşdü. Çox ciddi-cəhdlə təşkil edilən bu qarayaxma kampaniyaları mahiyyətcə uğursuzluğa uğradı.
Avropa Oyunları Azərbaycanı müsbət mənada dünyaya bir daha yenidən tanıtdı. Azərbaycan idmanın bütün növləri üzrə mübarizə apararaq müvəffəqiyyət qazanmaqla sübut etdi ki, o çoxlarının təsvir etdiyi “banan ölkəsi” deyil, sivil, inkişaf etməkdə olan müasir, güclü bir dövlətdir. Bu oyunlar vasitəsi ilə Azərbaycan qapılarını dünyaya açmaqla özünün sülhsevər, sabit, mədəni bir ölkə olduğunu diqqətə çatdırmağı bacardı. Dövlətə vətəndaş cəmiyyətinin dəstəyi ona qarşı yönələn hücumları zəiflətdi. Bununla da sübut olundu ki, Avropa oyunlarının Azərbaycanda keçirilməsi ideyasının dəstəklənməsində xalq dövlətlə yekdildir.
Avropa Oyunları, ərazisinin 20 faiz işğal altında olan ölkənin gələcək inkişafı üçün daha geniş və etibarlı dəstəyə ehtiyacı olan Azərbaycanın, onunla eyni aqibəti yaşayan Gürcüstan və Ukrayna ilə münasibətlərinin birmənalı olmadığını da aşkara çıxardı.
Birinci Avropa Oyunlarının gedişində Azərbaycan 21-i qızıl olmaqla, qazandığı 56 medalla nəinki ölkədə idman çoxnövçülüyünün inkişafında, eləcə də idman peşəkarlığı sahəsində bütün Avropa ölkələrindən qat - qat üstün olduğunu sübut etdi. Bakıda bu oyunların təşkili, gələcək illərdə ölkədə turizmin inkişafına əsas yaratdı.
Birinci Avropa Oyunlarının idman mübarizəsində azərbaycanlılarla yanaşı, Azərbaycanda yaşayan digər xalqların və millətlərin də nümayəndələrinin yüksək əyarlı medallara layiq görülməsi, bu ölkədə tolerantlığın nümunəsi kimi qiymətləndirildi. Bu isə öz növbəsində Azərbaycanda aborigenlərlə etniklər arasında milli, irqi, dini ayrıseçkiliyin olmamasının göstəricisidir. Bu hadisə Azərbaycana qarşı yönəlmiş qarayaxma kampaniyasını və erməni təbliğatını çox ciddi şəkildə iflasa uğratdı.
Birinci Avropa Oyunları bitdi, bu oyunun sonuna kimi iftixarla, kimi peşimançılıqla, kimlərsə də diş qıcamaqla baxırdı... Beynəlxalq Olimpiya Komitəsi hər 4 ildən bir Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulan ölkələrə Olimpiya məşəlinin Azərbaycandan aparılmasına qərar verdi və Azərbaycanın təcrübəsinin öyrənilməsini tövsiyə etdi... Bu Azərbaycanın Birinci Avropa Oyunları çərçivəsində uzaq prespektivə hesablanmış nailiyyətlərinin başlanğıcıdır. Bununla fəxr etməyə dəyər... Azərbaycanın bundan daha möhtəşəm bir oyunda, ərazi bütövlüyünün bərpası istiqamətində edəcəyi gedişlər isə hələ qabaqdadır...
Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri