10 Noyabr 2015 16:35
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəramət Böyükçöl

Rafiqin və Zeynəbin qocalıb əldən düşdükdən sonra həyatlarına məna qatan yeganə şey evdəki əşyaların yerini tez-tez dəyişməkdi. Elə ki darıxırlar, ər-arvad başlayır əşyaların yerini dəyişməyə. Neçə illərdən bəri otağın küncündəki elə də böyük olmayan kitab rəfini o biri küncə keçirirlər, onun yerinə şifoner qoyulur. Soyuducunu gətirirlər paltaryuyan maşının yerinə. Çarpayını aparırlar qonaq otağına. Rəfdəki kitablar aram-aram boşaldılır. Kitablar boşalandan sonra rəf xeyli yüngülləşir və asanlıqla, yəni Zeynəbin köməyi olmadan rəfin də yeri o söz.

Hərdən rəfin ayaqları axsayır, yerində dingildəyir. Belə olanda Rafiq ya kitablardan birini iki qatlayıb onun qıçının altına basır, ya da rəfi əvvəlki yerinə qaytarır, asılqanı da onun yanına. Çarpayı ilə kitab rəfinin arasında təxminən bir metrə yaxın yer qalır. Bu balaca yerə qoymaq istədiyi əşya isə arvadının köhnədən qalma cehiz güzgüsü olur. Ancaq güzgü yerləşmir ora. Təzədən çarpayını dolayı uzadır və görür ki, bu dəfə otağın eni çarpayıya boy vermir. Bir müddət keçəndən sonra əşyaların yeri bu qayda ilə yenidən dəyişdirilir, qayıdır əvvəlki yerinə.

Rafiqlə Zeynəb demək olar ki, son 20-25 ili bu cür yaşayıblar. Başqa işləri yoxdur. Rafiq səhər yuxusundan həmişə sübh çağı oyanır, gecələr tez yatır deyə səhərlər ertədən qalxır. Hər dəfə gözlərini açanda yanında arvadını görür. Ancaq bu səhər o, nədənsə, arvadını bir başqa cür gördü. Bütün bu illər ərzində hələ onun Zeynəbə belə baxdığı olmamışdı. Düz əlli il bir yerdə ömür sürdüyü Zeynəbin kömürə dönmüş bədəninə ilk dəfə görürmüş kimi xeyli tamaşa elədi. Onu diqqətlə, lakin gənclik illərinə xas olan nəzərlə deyil, tamamilə başqa bir nəzərlə süzdü. Rafiq ömrünün qürub çağında belə özgə arvadlarının bədəninə baxmaqda böyük təcrübə və qabiliyyət sahibi idi. Ancaq öz arvadının zorla gedib-gələn nəfəsi və cavanlığını itirmiş bədəni onu demək olar ki, bu yaşa qədər şəhvani hisslərlə yaşamış bir kişi kimi deyil, yalnız ömür-gün yoldaşı kimi əməlli-başlı narahat elədi. Zeynəbin əlini tutdu.

Bəlkə də içində gəncliyinə məxsus heç bir hiss olmadığı üçün Rafiq bütün gecəni rahat yata bilməmişdi. Eləcə kürəyini balışa söykəyib dik bir vəziyyətdə dayandı. Öz fikrində, xəyalında keçmiş günləri xatırladı, ona elə gəldi ki, içində böyük bir meşə - təbiət quruyub. Və onu da fikirləşdi ki, bir vaxtlar bu təbiət; qollu-budaqlı ağaclar, laləzar bağlar, açılan bənövşələr, kol-koslar arasında qarşısına bu yerlər üçün tamamilə qeyri-adi geyimdə olan bir qız çıxmışdı. Bahar fəslinə məxsus yaşıllığın içində, gülün gülü, bülbülün bülbülü çağıran vaxtı - ceyran misallı bu qız sallana-sallana yüz naz-qəmzə ilə qoca təbiəti seyr eləyirdi. Qız nə qız; qaşlar qara, gözlər qara, baldan şirin ləbləri, sinəsi qar kimi ağappaq. Özü də yazın ortası idi, baxırdın ki, səma əngin, tutqundur. Hər tərəfdə dağınıq halda ağ dəyirmi buludlar dolaşır. Ucsuz-bucaqsız göy səmada buludlar iki-üç dəfə yerini dəyişir, göydə yenidən birləşir və tələsmədən, aram-aram taxtadan hazırlanmış kənd evlərinin üstünə tökülürdü.

- Qız, sənin adın nədir? - Rafiq soruşdu.

Zeynəb Rafiqi görəndə əvvəlcə bir az pis oldu, qızardı, əlləri, ayaqları əsdi, ayağının altındakı daş dərəyə diyirləndi.

- Adım Zeynəbdir - gözlərini süzdürə-süzdürə cavab verdi.

Rafiq elə oradaca Zeynəbin əlindən tutdu. Bu asan başa gəlməmişdi. Neçə illər idi ki, bu əllər öz əllərini axtarırdı. Buna qədər bu əllər çox əllərə dəymişdi, görmüşdü ki, uyğun deyil, dəyişib və nəhayət öz əlinə gəlib çıxmışdı. Rafiq Zeynəbi ən çox əllərinə görə sevirdi və onu ən çox əlindən tanıyırdı. Elə bu səbəbdən də Zeynəb tez-tez Rafiqin əlinin içini qıdıqlayırdı. Rafiqi gülmək tuturdu. Bu cür qıdıqlamalar adətən o biri otaqda - buna bəy otağı deyirlər - yekunlaşırdı.

Doğrudan, bəy otağı özündə çox sirləri gizlədir. O da Rafiqin yadına düşdü ki, onun sinəsinin tükləri Zeynəbin necə xoşuna gəlirdi, hər dəfə baxanda elə bil qıvrılmış tükləri saymaq istəyirdi. Hərdən də barmaqları ilə daraqlayırdı. Rafiq də ovuclarını Zeynəbin saçları ilə doldururdu. Uzun müddət bir-birinin üzünə baxırdılar. Bu baxışlar orda doğulur, orda da qurtarırdı. Rafiq Zeynəbin saçlarını da eynən o cür darayırdı. Zeynəb də onun cod saçlarını əlləri ilə qarışdırırdı.

Rafiqlə Zeynəb övlad üzünə həsrət qalmışdı. Həkimlərin dediyinə görə Rafiqin böyrəklərini bərk soyuqlayıb, səbəb də elə budur. Bu soyuğun haradan gəldiyini Rafiq yaxşı bilirdi. O, hərbi xidmət zamanı çox vaxt daşın üstündə gecələyirdi. Həkimlərin yanına çox gedib gəldilər.

- Hər şey Allahın əlindədir - həkimin sözü hər dəfə belə olurdu.

Övladları olmasa da, Rafiqlə Zeynəb bir ömür xoşbəxt yaşadılar. Heç vaxt bir-birlərinin xətirlərinə dəymədilər. Zeynəb həmişə Rafiqin üzünə təbəssümlə baxırdı. Rafiqin də üzündən gülüş əskik olmurdu.

Rafiq uşaq məsələsi ilə bağlı fikrini Zeynəbə cəmi bircə dəfə dedi, onu da deyəsən, zarafat eləmişdi.

- Əlli il ər-arvad oyunu oynadıq, ancaq uşaqlarımız olmadı...

Bütün ömrü bir anın içində Rafiqin gözlərinin önündən lent kimi gəlib keçdi. Hələ yatağından qalxmamışdı, eləcə xəyallara daldı. Yatdıqları otaqda başlarının üstündə pəncərə var idi. Hər səhər Xəzərin sərin mehi onların canına dolur və bu vəziyyət ər-arvadı olduqca xoş-hal edirdi. Həm də bu meh Rafiqi öz keçmişi və gələcəyi haqqında kor-koranə düşünməkdən bir qədər də olsa çəkindirirdi. Çünki son iyirmi-iyirmi beş ildə onları həyata bağlayan təkcə evdəki əşyalar idi.

Əşyalar olmasaydı, Rafiq də, Zeynəb də, bəlkə də ölərdi...


Müəllif: Kəramət Böyükçöl