16 Yanvar 2018 15:57
2 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatı ilə bağlı yeni detallar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Fərat Qalxanı əməliyyatında olduğu kimi Afrin hərəkətlənməsi zamanı da Azad Suriya Ordusunun (ASO) imkanlarından istifadə ediləcək.

Türk Silahlı Qüvvələrindən sızan məlumatlara görə, Afrin əməlyiyyatında fərqli ssenarilərdən istifadə oluna bilər. Ancaq hərbçilər ilkin mərhələdə daha çox ASO-nun imkanlarından istifadə etməyə, növbəti addımda isə türk ordusunun Suriyaya daxil olmasına üstünlük verir.

Ssenariyə görə, Afrin əməliyyatından əvvəl türk artilleriyası bombardmanlar sayəsində ərazini təmizləyəcək. Bundan dərhal sonra ASO hərəkətə keçəcək. Bunun ardınca Türk Silahlı Qüvvələrinin zirehli texnikası və hərbi kontingenti ASO-ya dəstək məqsədilə Suriyaya daxil olacaq. Bu plan çərçivəsində hazırda İdlibdə olan Türk Silahlı Qüvvələrinin bölmələri Afrini şimaldan atəşə tutacaq.

Türkiyə Baş Qərargahının planında PYD-nin istifadə etdiyi Minnak hava limanını ələ keçirmək də var.

Hazırda Türkiyə Silahlı Qüvvələri əməliyyat hazırlığı çərçivəsində Suriya ilə sərhəddə hərbi texnika və canlı qüvvə cəmləşdirir. Məlumata görə, Şırnakda olan 172-ci ordu birləşməsinə aid qüvvələr yük avtomobilləri vasitəsilə Hataya gətirilib. Söhbət əsgəri kontingentdən və tanklardan gedir. Eyni zamanda Hatayda olan Havk raketdəm müdafiə sistemləri də Afrinə doğru istiqamətləndirilib.

Bu arada bəlli olub ki, Türkiyə Silahlı Qüvvələri Afrin sərhədi boyunca yerləşdirilən “Fırtına” modelli silahları Suriya istiqamətində hazır vəziyyətə gətirib. Hətta bəlli olub ki, həftə sonunda Afrindən PYD/YPG qüvvələrinin təcavüzünə qarşı “Fırtına” model silahlar vasitəsilə 80 atəş həyata keçirilib.


Müəllif: Cavad