23 İyun 2017 11:08
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il keçirdiyim insultdan sonra gözlərim çox zəifləmişdi. Çox pis görürdüm. Bir gözüm isə ümumiyyətlə görmürdü. Əməliyyatı çarə bildim...

Bu sözləri xalq artisti Flora Kərimova əməliyyat olunması barədə Teleqraf.com-a açıqlamasında deyib.

O, bunun artıq ikinci göz əməliyyatı olduğunu bildirib:

“Hardasa yarım il əvvəl də mən gözümdən əməliyyat olundum. Onda sol gözümü cərraha təslim vermişdim. Lakin dünən mən ikinci dəfə əməliyyata getməli oldum. Bu dəfə sağ gözümü çox sevdiyim, ərk etdiyim və güvəndiyim həkimə Paşa Qəlbinura həvalə etdim”.

Flora Kərimova əməliyyatın tam təmənnasız aparıldığını açıqlayıb:

“Qəlbinurun həqiqətən qəlbi, üzü nurdur. Mən ona sizin vasitənizlə təşəkkürümü bildirirəm. Tibb bacılarından tutmuş anestezioloqa qədər hamı mənim üçün əlindən gələni etdilər. Ordakı personaldan mahnı oxuyan da var idi, təki mən qorxmayım, narahat olmayım, ağrını hiss etməyim deyə...”

Xalq artisti artıq çox yaxşı olduğunu, əslində uzun sürməyən, bir neçə dəqiqəlik əməliyyat keçirdiyini vurğulayıb:

“Əməliyyat çox qısa sürdü. İndi də hər şey əladır, elə bil, heç nə olmayıb. Əsas odur ki, dünyada yaxşılıq qalacaq. Mən bu yaxşılığı unutmayacağam”.


Müəllif: Könül Əlibəyli