10 May 16:28
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtında başlayan siyasi gərginlik iki-üç günə səngiyəcək.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Ermənistan daxilində baş verən son siyasi proseslərə diqqət çəkib:

“İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq. Kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə biliblər, ancaq etirazların lideri və simvolu olan Baqrat Qalstanyanın dünən gedib Köçəryanla görüşməsi və “Qarabağ klanı”nın aksiyanın əsas sponsoru olduğu üzə çıxmasından sonra prosesin 2-3 günə sönəcəyini artıq indədən söyləmək mümkündür.

Paşinyan və komandası erməni toplumu üçün “acı” da olsa, bəlli bir həll yolları təqdim edir, yeni siyasi-fəlsəfi diskurs açır (xəyali Ermənistandan real Ermənistana keçid), sülh və əməkdaşlıqdan danışır. Bəs “Qarabağ klanı”, kilsə və keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə - pafos, müharibə, münaqişə, tarixi miflər. İndi orta statistik ermənini bu mövzlarla cəlb etmək mümkün deyil, özü də prosesdə “Qarabağ klanı” varsa, heç mümkün deyil.

Bu gün orta statistik erməni anlayır ki, indi zəifdirlər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir, iqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur, yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir.

Dünən İrəvanın baş meydanında 20-25 min adam yığışdı, bu, son illər Paşinyan əleyhinə olan ən böyük mitinq idi. Amma bu gün - sabah artıq o qədər insan yığılacağını düşünmürəm. Üstəgəl, məlum olsa ki, dünən meydanda olanların arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən mən təəccüblənmərəm. Bu gün İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır”.


Müəllif: Mənsur Rəğbətoğlu