5 Aprel 2016 11:27
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hərbi məğlubiyyətini ört-basdır etmək üçün təbliğat sahəsində çox çirkin və cəfəng fikirlər yaymaqdadır”.

Bunu Teleqraf.com-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Ermənistan həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlub vəziyyətdədir: “Bizim şanlı ordumuz, qəhrəman əsgərlərimiz ermənilərə böyük dərs verdilər. Ermənilərin yaydığı cəfəng fikirlərdən biri də guya Suriyada qeyri-qanuni silahlı dəstələrin içərisində olan azərbaycanlıların geriyə qayıdaraq Qarabağda müharibədə iştirakı haqqında yayılan fikirlərdir.

Birincisi, Suriyada hər hansı qeyri-qanuni silahlı dəstədə azərbaycanlı varsa, Azərbaycan qanunvericiliyinə görə həmin şəxs ölkəmizə qayıdanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaq və məhkəmə qarşısında cavab verməli olacaq. Çünki qanuna görə qeyri-qanuni silahlı birləşmələrdə iştiraka görə cəza nəzərdə tutulub. Suriyada hər hansı azərbaycanlı varsa, onun silahı ilə Azərbaycana keçməsi ikinci cəfəngiyyatdır. Erməni tərəfi böhtanları yaymaqla ictimai rəyi çaşdırmaq istəyir.

Xüsusilə, Rusiyanın bəzi KİV-lərində əyləşmiş ermənilər Rusiya ictimai rəyində yanlış təəssürat yaratmaq istəyir ki, guya İŞİD qruplaşmaları da Azərbaycana gələ və ermənilərlə qarşı-qarşıya dura bilər. Azərbaycan Ordusunun kifayət qədər gücü, qüdrəti var. Azərbaycan xalqının orduya, Prezidentimiz cənab İlham Əliyevin siyasətinə böyük dəstəyi var. Dünyanın da Azərbaycana böyük dəstəyini hər gün görməkdəyik. Ona görə ermənilərin yalan, təxribat fikirləri heç kəs tərəfindən ciddiyə alınmır. Bu, erməni təxribatının, çirkin sifətinin formasıdır”.

Mübariz Qurbanlı qeyd edib ki, qoşunların təmas xəttində baş verən silahlı toqquşmalar Azərbaycanın öz torpaqlarının azad etmək uğrunda apardığı ədalətli mübarizədir:

“Azərbaycan BMT-yə daxil olanda ölkəmizin sərhədlərini bütün dünya qəbul edib. Ona görə də Azərbaycanın işğal olunmuş bütün əraziləri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq azad edilməlidir. BMT-nin nizamnaməsinin 51-ci maddəsində qeyd edilir ki, hər hansı bir ölkə işğala, təcavüzə məruz qalarsa, öz ərazisini silahla, güclə azad etmək haqqına malikdir. Bu, Azərbaycan xalqının haqqıdır, hüququdur. Biz haqq uğrunda mübarizə aparırıq. Prezidentimizin çox gözəl ifadəsi var, erməni əsgəri işğal olunmuş ərazilərdə nə gəzir ki, orada ölsün? Erməni əsgəri torpaqlarımzıdan rədd olmalıdır ki, xalqımız ərazilərimizin üzərində suverenliyini bərpa etsin. Bu haqq uğrunda da mübarizə aparırıq”.

Nərgiz Ehlamqızı


Müəllif: