29 Aprel 2014 12:39

Kartofun qiyməti niyə bahadır?

Bazarlarda nübar meyvə və tərəvəz mövsümüdür. Alça, çiyələk, xiyar, pomidor, təzə kartof, soğan indi bazarlığın əsas məhsulları sayılır. Amma qiymətlərin bahalığı bu və digər məhsulların hər kəsin bazarlıq səbətinə dolmasına imkan vermir...

Qeyd edək ki, hələ aprelin əvvəlində, Ai-95 markalı avtomobil benzini satışdan çıxarılan zaman bahalaşma proqnozları verilmişdi. Millət vəkili Vahid Əhmədov bunun hətta sosial gərginliyə səbəb olacağını açıqlamışdı: “Ümumiyyətlə, yanacağın bahalaşması hər bir şeyə təsir edən amildir. Nə qədər desələr də digər məhsullar bahalaşan deyil, bu, qaçılmazdır, bahalaşmalar olacaq və benzinin qiyməti bütün sahələrə təsir edəcək”.

Hazırda mövsümlə əlaqədar bəzi məhsulların qiymətində ucuzlaşma gözlənilsə də, bu, baş vermir. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, mart ayını 0,3 faiz inflyasiya ilə başa vurmuşuq və inflyasiya izləri özünü apreldə də göstərib. Bu barədə statistik göstəricilər bir neçə günə açıqlanacaq.
Ötən ay isə ölkədə ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb. Komitədən aldığımız məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Ay ərzində qarabaşaq yarması, çörək, toyuq əti, yumurta, göyərti, çuğundur, kök, kartof, şəkər tozunun qiymətlərində ucuzlaşma, uzun və yumru düyü, buğda unu, balıq məhsulları, kolbasa məmulatları, kərə yağı, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, balqabaq, soğan, sarımsaq, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Bu ilin mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb. Birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,1 və 0,2 faiz bahalaşıb.

Məlumata görə, birillik bitkilərdən lobya dəninin istehsalçı qiymətləri 0,5 faiz, kələmin 1,0 faiz, kartofun 0,2 faiz, quru otun istehsalçı qiymətləri 0,6 faiz bahalaşıb. Bahalaşan məhsullar sırasında göyərti də var - 1,1 faiz. Baş sarımsağın 0,1 faiz, baş soğanın 0,2 faiz, yoncanın istehsalçı qiymətləri isə 2,4 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən fındığın və qozun istehsalçı qiymətləri müvafiq olaraq 2,7 və 0,5 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,3 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,2 faiz, mal ətinin (diri çəkidə) 0,3 faiz, südün 1,8 faiz, diri qoyun və keçilərin 1,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 4,6 faiz ucuzlaşıb ki, bunu da ekspertlər mövsümlə izah edirlər.

Kartofun dəyəri

Kartof son ayların qiymətində ancaq artım müşahidə olunan məhsuldur. Ötən ilin sonlarından başlayaraq qiymətində sıçrayış edən kartof hələ də ucuzlaşmayıb.
50-60 qəpikdən birdən-birə 1 manat 10, 1 manat 60 qəpiyədək qalxan kartof hazırda da elə bu qiymətə satılır. Baxmayaraq ki, artıq bazarlarda təzə məhsul çıxıb və təzə kartofun kiloqramı 2 manat 50 qəpikdən 3 manat arası dəyişir.

Nübar tərəvəzlərdən olan lobyanın kilosu 3 manat 50 qəpiyədir. Zirə pomidoru 4 manat, xiyar isə 3 manatadır. Digər tərəvəzlərə gəlincə, badımcan 1 manat 50 qəpik və 2 manat, bibərin 3 ədədi 1 manatadır.

Satıcılar nübar meyvə-tərəvəzlərinin satışının elə də yaxşı olmadığını deyirlər. Alıcılar isə zəif alış-verişi qiymətlərin baha olması ilə əlaqələndirirlər.

Çiyələk qramla, alça ədədlə

Mövsümün sevilən neməti alçanın qiyməti ölçüsündən asılı olaraq dəyişir. Kiçik alçanın stəkanı 1 manatadır. Nisbətən böyük stəkanlarda isə 3 manata təklif edilir. Satıcılar bildirirlər ki, bir müddət əvvəl alçanın bir ədədi 10 manat idi: “İndi ucuzlaşıb, kilosu 10-15 manat edir”.

Bazarlarda əsasən göycə alça satılır. Satıcıların sözlərinə görə, kiloqramla alça alan tək hallardadır: “Ona görə stəkanlara töküb satırıq”.

Çiyələyin kiloqramı 8 manatdan başlayır. Satışda əsasən Cəlilabad, Sabirabad çiyələyidir. Kiçik qablara bölünən çiyələk iki manatdan başlayan qiymətlərlə təklif edilir. İki manata satılan qablarda cəmi iki yüz qram çiyələk qoyulur. Bəzi satıcılar bu çiyələyin gübrə vasitəsilə yetişdirildiyini bildirir və yeyilməsini məsləhət görmürlər. Satışda şaftalı, ərik, gavalı kimi meyvələr də var və əsasən xaricdən gətirilir. Satışda yerli meyvələrimiz də var və bunu qiymətinə baxmaqla da müəyyən etmək olar. Belə ki, hazırda marketlərdə yerli almanın bir kilosu 1 manat 20 qəpik - 2 manat arasındadır. Armud 2 manata, 40 qəpik, mandarin 1 manata 20 qəpikdən başlayır.

Mövsüm ucuzlaşmasını gözləyək

Ölkədə qiymətlərin ancaq artan tendensiya ilə getməsinin səbəbləri barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan məlumat aldıq. O, artımın səbəbləri içərisində səhv istehlakçı siyasətini, aqrar sahədə proqnozların zəifliyini, xarici bazardan asılılıq və bazarın inhisarçıların əlində olmasını qeyd etdi: “Alçanın ədədlə, çiyələyin qramla satıldığı bir ölkədə hökumətdən külli miqdarda vəsait alan sahibkarların yaxasından yapışmaq lazımdır ki, bəs soyuducu anbarlar niyə tikilib? Əgər qışda da, yay da qiymətlərdə fərq olmayacaqdısa, onda bu anbarlar nəyə lazım idi?”

Ekspert ölkə başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncamı istehlakçı hüquqlarının təminatı, bolluq yaradılması baxımından vacib sənəd sayır. Onun sözlərinə görə, ölkədə şişirdilmiş qiymətlər var: “Yanacaq bahalaşmasından əvvəl anbara yığılan məhsul əvvəlki nəqliyyat xərcləri ilə daşınıb, yeni məhsul isə yeni xərclərlə daşınır. İstehsal məhsullarının qiyməti yeni xərclərlə hesablanır. Bu tendensiya haradasa 2-3 aya bazarda oturuşmalıydı. Prosesin başa çatdığını demək olar. Ancaq başqa bir amil monopolist biznes qurumlarının süni qiymət artımı yaratmasıdır. Bu da bazara təsir edir. Yanacaq bahalaşması həmin qurumların qiymətə yenidən baxması üçün bəhanə verdi”.

Bununla belə iqtisadçılar yazın gəlişi, təzə meyvə-tərəvəzin bazara daha çox çıxmasına görə qiymətlərin sabitləşəcəyini, hətta ucuzlaşmanın da gedəcəyini istisna etmirlər.

Naibə QURBANOVA


Müəllif: