Artıq qlobal istiləşmənin ciddi fəsadlarını müşahidə edirik. Əvvəllər il ərzində bir-iki dəfə dolu düşərdisə, indi iki-üç dəfə artıb. Dolunun düşdüyü ərazilərdə yağıntı məhsuldarlığa müəyyən qədər təsir edir. Ümumillikdə apardığımız müşahidələrə əsasən kənd təsərrüfatına daha çox quraqlığın təsiri var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli qeyri-stabil hava şəraiti və regionlara yağan dolunun kənd təsərrüfatı məhsullarının məhsuldarlığına təsiri barədə danışarkən deyib.
"Digər tərəfdən susuzluq daha çox bitkiçiliyə mənfi təsir göstərə bilər. Dolunun düşməsi isə daha çox dağlıq və dağətəyi ərazidə yaşayan əhalinin fərdi təsərrüfatına ziyan verir. Apardığımız müşahidələr göstərir ki, dolu keçən il və ondan öncəki il də məhsuldarlığa az təsir göstərib. Hazırda bəzi regionlarda bitkilərin çiçəklənmə dövrüdür. O baxımdan indi elə vaxtdır ki, dolunun düşməsi bitkiyə ciddi təsir edir", - o bildirib.
Meyvə-tərəvəzə gəlincə, ekspert qeyd edib ki, Azərbaycanda əksər meyvə-tərəvəzin qiyməti qonşu ölkələrə nisbətən 30-40% yüksəkdir: "Hətta bəzi meyvələrin qiyməti iki dəfə bahadır. Bu, ümumi istehsalın səviyyəsinin aşağı olması ilə bağlıdır.
Təəssüf ki, Azərbaycanda məhsuldarlıq aşağıdır, məhsulun maya dəyəri yüksəkdir. Fermerlər, kəndlilər maarifləndirilmir, onlar daha baha istehsal vasitələrindən istifadə edirlər. Ölkəyə gətirilən gübrənin keyfiyyəti aşağıdır. Bunlar hamısı ümumi istehsala təsir edir. Maya dəyəri yüksək, məhsuldarlıq aşağı olduqda, əlbəttə, fermerlər gəlir əldə etmək üçün məhsulun qiymətini qaldırırlar. Məhsuldarlıq aşağıdırsa, qiymətdə artım baş verir. Bu proses çox dərindir.
Bizim maarifləndirmədə, kənd təsərrüfatı sahəsi üzrə yaxşı kadrların hazırlanması, istehsal vasitələrinin ölkə daxilində istehsal edilməməsi istiqamətində problemlərimiz var. Eləcə də hazırda vəziyyətdən sui-istifadə edən adamlar peyda olub, məhsulu fermerdən, kəndlidən ucuz qiymətə alıb, 2-3 dəfə baha qiymətə satırlar".