17 Noyabr 2017 09:44
4 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

…məsələn, xristian ermənilər, İran meyilli ələvi və şiə ermənilər Bəşər Əsəd rejiminin qatı müdafiəçiləri sırasındadırlar. Onlara əks mövqedə dayanan sünni məzhəbli ermənilər isə müxalifət qruplaşmalarının tərkibində döyüşürlər. Bundan başqa, İŞİD döyüşçülərinin tərkibində də sələfi ermənilər vardır. Bu silahlı qruplar içərisində xristian ermənilər xüsusi amansızlıqları ilə seçilirlər. Onlar dinc əhaliyə qarşı kütləvi terror aksiyalarında hətta İŞİD cəlladlarını heyrətləndirə bilən qəddarlıq göstərirlər. Bu isə Ermənistanın gözləmədiyi əks-effekt doğurmuş, Suriya müsəlmanlarında ermənilərə qarşı nifrət hissinin yaranmasına səbəb olmuşdur. Hələb şəhərinin müsəlman icmasının xristian erməni hərbi qruplaşmalarının cinayətləri haqqında yaydığı bəyanatda bu barədə bildirilirdi ki, Suriyadakı ermənilərin hərəkətləri artıq onların kənardan idarə olunduqlarını, köləlik etdiklərini göstərir. Onların – ermənilərin də cəzası verilməlidir. Bu cəlladlar vətəndaş müharibəsindən istifadə edərək bizə – müsəlmanlara divan tuturlar.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Hazırda təkcə qondarma “erməni soyqırımı” iddialarının təbliğində deyil, həm də Ermənistanla islam dövlətləri arasında münasibətlərin qurulması istiqamətində də “müsəlman ermənilər” amilinin nəzəri bazasının yaradılmasında Yerevan Dövlət Universitetinin digər türkoloqu, “Azərbaycanda siyasi islam” mövzusunda tədqiqatların müəllifi və həmin universitetdə Azərbaycan dilini tədris edən Qayane Çobanyan da xüsusi fəallıq göstərir. Paralel olaraq, Ermənistanın Gənc Türkoloqlar Cəmiyyətinin sədri olan Q.Çobanyan Türkiyə və Yaxın Şərq dövlətlərinin ərazilərində yaşayan müsəlman ermənilərin sayını artırmaq məqsədilə bu təsnifata “ərəbləşmiş erməniləri” də əlavə etmişdir.

Onun qənaətinə görə, həmin ermənilər Türkiyənin Maraş, Muş, Hatay və Antep bölgələrində, Suriyada (əsasən Kasaba, Qamışlı yaşayış məntəqələrində, Hələb və Dəməşqdə), İraqda, İordaniya və Livanda yaşayırlar. Suriyada 200 min etnik erməninin yaşadığını iddia edən Q.Çobanyan onların təqribən yarısının – 100 min nəfərdən çoxunun müsəlman (ərəbləşmiş) erməni olduğunu bildirir. Ermənistanın Suriyadakı müsəlman ermənilərə marağı və onların Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması planı bilavasitə Türkiyədə yaşayan soydaşlarla müqayisədə “ərəbləşmiş ermənilərin” özlərini erməni kimi daha çox identifikasiya etmələridir. Təsadüfi deyildir ki, Suriya hadisələri baş verən kimi Ermənistan nəinki bu ölkədə yaşayan müsəlman erməni əşirətlərini, hətta Türkiyənin Suriya ilə sərhədlərində “zorən islamlaşdırılmış” soydaşlarını da birdən-birə xatırlamış, onların Ermənistana köçürülməsinin təşkilinə başlamışdır.

Ermənistan araşdırmaçıları, o cümlədən Qayane Çobanyan “ərəbləşmiş erməniləri” din və ya məzhəb fərqinə, etnik kimliklərini dərketmə səviyyəsinə görə əsasən dörd qrupa ayırırlar. Vaxtilə erməni etnoloqu Akop Çolakyanın irəli sürdüyü bu təsnifata aşağıdakı qruplar daxil edilmişdir:

  1. Ərəbləşmiş və islamı qəbul etmiş ermənilər. Onlar erməni kimliklərini tamamilə unutmalarına, ərəb dilini ana dili hesab etmələrinə baxmayaraq, bəzi erməni kəlmələrini və mədəniyyət elementlərini qoruyub-saxlamışlar.
  2. Yunan ortodoks və ya yunan katolik kilsəsinə bağlı olan ərəbləşmiş ermənilər. Bu qrupun içərisində babalarının mənşə etibarilə erməni olmalarını xatırlayanlar vardır.
  3. Roma katolik kilsəsinə bağlı olan ərəbləşmiş ermənilər. Onlar erməni kimliklərinə dair daha çox məlumatlıdırlar.
  4. Ərəb dilində danışmalarına baxmayaraq, qriqorian kilsəsinə bağlı ermənilər. Bu qrupun nümayəndələri erməni kimliklərini daha çox qorumuş, erməni etnik mədəniyyətinə aidiyyətlərini tam mühafizə etmişlər.

Lakin onlar bununla kifayətlənməmiş, “ərəbləşmiş erməniləri” həm xronologiya, həm də miqrasiya dövrü baxımdan daha iki qrupa bölmüşlər. Birinci qrupa xilafət dönəmində və orta əsrlərdə ərəb ölkələrinə köç etmiş və etnik kimliklərini tam və ya qismən itirmiş ermənilər daxil edilmişdir. Müsəlman erməni əşirətləri içərisində yaşayan bu insanları ərəblər “əl-ərman əl-qüdama”, yəni “köhnə ermənilər” adlandırmışlar. İkinci qrupun formalaşması isə sırf siyasi xarakter daşıyır. İddialara görə, bu qrupu təşkil etmiş ermənilər qondarma “erməni soyqırımı”ndan sonra buraya köçürülmüş və ərəb etnomədəni mühitinə “zor gücünə” assimilyasiya olunmuşlar. Qayane Çobanyan Türkiyənin intellektual mərkəzində – İstanbulda “islamlaşdırılmış ermənilərə” həsr edilmiş konfransdakı çıxışında (2013-cü il) bu qrupdan danışarkən “türk qəddarlığına” qarşı “ərəb humanizmini” qoymuş və bu zaman, siyasi mülahizələrə görə, “zorla islamlaşdırılmış və ərəbləşmiş ermənilər” məsələsinə, “erməni qadın və qızlarının zor gücünə ərəblərə ərə verilməsi” iddiasına “insanpərvərlik aksiyası” donunu geyindirməyə çalışmışdı: “Nizami türk ordusuna qarşı qırx gün ərzində igidliklə müqavimət göstərmiş Musa dağı xalqına qucaq açmış Misiri də unutmamalıyıq. Bəzi ərəb qəbilələri vicdanlarının səsini dinləyərək çox sayda ermənini qorumuşdur. Bir çox erməni (kişiləri – A.Q.) öz qadınlarının və uşaqlarının həyatını xilas etmək üçün onları ərəb ailələrinə təslim etmişdir. Bunun səbəbi ərəblərin islam dininə mənsub olmalarına baxmayaraq, onların da Osmanlı boyunduruğu altında qalmaları və bir xalq kimi ermənilərlə eyni taleyi yaşamalarıdır”.

Türk xalqlarına pataloji nifrətini gizlədə bilməyən türkoloq Qayane Çobanyan bütün səmimiyyəti ilə ümumerməni türkofobiyasını və ərəb-erməni qardaşlığını belə bir ifadə ilə zənginləşdirmişdir: “Böyük mədəniyyət yaradan və türk boylarından daha mütərəqqi xalq olan ərəblərin Osmanlı boyunduruğu altında olması onların təbii inkişafına ciddi maneə idi”. Q.Çobanyan öz tədqiqatlarında ərəbləşmiş erməniləri də qondarma “erməni soyqırımı qurbanları” kimi təsnif etməyə çalışır. Hətta Hrant Dink Vəqfinin 2013-cü ildə İstanbulda təşkil etdiyi konfransda da o, çıxışını bu mövzuya həsr etmişdir. Erməni tarixçisi və politoloqu Nikolay Ovanesyan isə ərəb və ermənilər arasında tale birliyini möhkəmləndirmək və hər iki xalqın vahid düşmənini nişan vermək üçün belə bir iddia uydurmuşdu ki, guya “Birinci Dünya müharibəsi illərində Türkiyə hökuməti ermənilərlə birlikdə ərəbləri də soyqırımına məruz qoymağı planlaşdırmışdı”.

Q.Çobanyanın iddialarına baxmayaraq, ərəbləşmiş ermənilər mühitində böyümüş livanlı jurnalist Amo Moskofyan Ermənistan tədqiqatçıları ilə müqayisədə tamamilə başqa fikirdədir. “Dinini dəyişmiş ermənilərin oyanışı” məqaləsində ərəbləşmiş ermənilər arasında 1915-ci il hadisələrindən sonra islamı qəbul edənlərin də oluğunu bildirsə də, həqiqəti yazmağı unutmur: “Xristian ermənilərin ərəbləşməsinin və islamı qəbul etmələrinin tarixi soyqırımından çox-çox əvvəlki dövrləri əhatə edir. Hələ Kilikiya şahlığı dövründə dinini dəyişmiş ermənilər həşşaşilər hərəkatında mühüm rol oynamış, Məmlüklər imperiyasında isə yüksək vəzifələr tutmuşdular”.

Beləliklə, erməni tarixşünaslığının iddialarına baxmayaraq, Suriyanın müsəlman ermənilərinin heç də hamısı qondarma “erməni soyqırımı”ndan sonra buraya sürgün edilənlər deyildirlər. Vaxtilə Osmanlı dövlətinin ərazisi olan Suriyada islamın sünni və şiə məzhəblərinə tapınan xeyli sayda erməni var idi və onların törəmələri indi də orada yaşayırlar. Sadəcə olaraq, Ermənistan onların təşkilatlanması və siyasi proseslərdə istifadəsinə ötən əsrin 90-cı illərinin sonlarından etibarən başlamışdır. Suriyada islam dininə tapınan ələvi və şiə ermənilərin böyük hissəsi (təqribən 25 min nəfər) Şeyx Əli Hovagimyanın 1998-ci ildə yaratdığı “Əşirət Ərmən əl-Müslüman” (Müsəlman ermənilər əşirəti) ətrafında birləşərək mərkəz Rəsulayn yaşayış məntəqəsi olmaqla Türkiyə ilə həmsərhəd bölgələrində məskulaşmışdır. Lakin icma Ermənistan və erməni diaspor təşkilatları ilə sıx təmaslardan sonra “Əşirat Ərmən əl-Şadat” (Erməni diasporu əşirəti) adlandırılmışdır. Q.Çobanyana görə, onlar erməni kimliklərini tanısalar da, ərəb etnik mədəniyyətinin, həyat tərzinin, islam təfəkkürünün daşıyıcısıdırlar. Öz aralarında ərəb dilində danışır və islam dinini tərk etmək niyyətində deyillər. Xüsusilə qeyd etmək lazımdır ki, Suriya-Türkiyə sərhədində yaşayan həmin əşirət üzvləri Bəşər Əsəd hakimiyyətinin sadiq tərəfdarları, İran meyilli dini icma kimi tanınır və hərbi müxalifətə qarşı döyüşlərdə fəal iştirak edirlər.

Suriyadakı qriqorian, katolik və evangelist erməni dini icmalarının mətbuat katibi Jirayr Raisyan da ölkədəki müsəlman ermənilərin guya 1915-ci ildən sonra zorən islamlaşdırılmasına dair fərziyyəyə inanılmaz “faktlar” əlavə etmişdir. Rusiya-Ermənistan Strateji və İctimai Təşəbbüslərə Dəstək Mərkəzinin saytında yayılmış müsahibəsində ərəbləşmiş erməniləri “öz etnik mənsubiyyətlərini tamamilə itirilmişlərə” və “öz köklərini qismən qorumağa nail olanlara” bölür və ikinciləri “etnik mənşələrini yaxşı dərk etmələrinə baxmayaraq, onu açıq etiraf etməyə qorxduqlarını” bildirir (?). Onun sözlərinə görə, ermənilərin islam dinini məcburən qəbul etməsi problemi bu gün əsasən Türkiyədə, sonra isə Suriyada daha aktualdır və bir çox hallarda ermənifobiya xarakterini daşıyır. Belə ki, “Cəzirə bölgəsindəki səhrada yaşayan Baqqara ərəb tayfası müsəlman erməni kişi və qadınlarının onlara qarışmaması üçün onlara xüsusi kənd yerləri ayırmışdır. İndi burada yalnız ermənilər yaşayırlar. Belə ki, Atli kəndinin sakinləri atalarının və ya analarının erməni olmasını xatırlasalar da, onların adlarını və ya hansı soyadını daşıdıqlarını unutmuşlar. Bu ermənilər özlərini “ərəb” və “müsəlman” hesab edirlər, Halbuki onların arasında “Məhəmməd Karapet” kimi adlara da rast gəlinir”.

Türkiyə mənşəli, hazırda Fransada yaşayan erməni araşdırmaçı Yervant Baret Manok isə bu məsələdə nisbətən obyektiv olmağa çalışmışdır. Suriya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya və Avropada “islamlaşdırılmış ermənilərin gizli tarixini” arayan və “kimliklərinə qayıtmaları” üçün yollar təklif edən tədqiqatçı İstanbulda fəaliyyət göstərən “Nor Zartonk” (Yeni oyanış) erməni gənclər təşkilatının saytına verdiyi müsahibədə Suriyadakı erməni müsəlman əşirəti barədə ilk məlumatın vaxtilə araşdırmaçı Gevoq Apelan tərəfindən verildiyini, buradakı xristian və müsəlman erməni icmaları arasında əlaqələrin zəif olmasına görə onların mövcudluğuna çoxlarının inanmadığını demişdir. Yervant Baret Manokun sözlərinə əsasən, “Şərq cəmiyyətində “əşirət” anlayışı çox önəmlidir. Lakin ermənilər bir əşirətə bağlı deyillər. Mümkündür ki, onların bir hissəsi türk və kürd əşirətlərinin tabeliyində olsunlar. Bundan başqa, Suriyada heç bir əşirətə daxil edilməyən çox sayda müsəlman erməni yaşayır. Burada ərəbləşmiş, kürdləşmiş ermənilər də vardır. Təmas nöqtələri isə onların sünni məzhəbinə aidiyyəti və erməni kökənli olmalarıdır”. Y.B.Manok Suriyada erməni islam əşirətinin 1998-ci ildə Suriya hökuməti tərəfindən qurulduğunu xatırladır və hazırda onların B.Əsəd tərəfdarı olduğunu da vurğulayır.

Ermənistan İordaniya Haşimilər Krallığında yaşayan və hələ xilafət dövründə islamı qəbul etmiş erməniləri də uzun illər boyu unutmuş, məhz dini mənsubiyyət amilini önə çəkərək, onları etnik erməni identikliyindən kənarda saxlamışdı. Nəticədə, İordaniyada bütövlükdə 50-80 min arası etnik erməninin yaşaması iddia olunduğu halda, Ermənistan son illərədək onların ümumi sayının cəmi 3 min nəfərə çatdığını, təqribən 2500 nəfərinin erməni-qriqorian, qalanlarının isə katolik və protestant kilsələrinə tapındığını bildirirdi. Ermənilər əsasən ölkənin Maan, Kapak, Ruseyfa bölgələrində və Əmman şəhərinin Cəbel əl-Əşrəfiyyə rayonunda məskunlaşmışlar.

İordaniyanın müsəlman ermənilərinin sayı barədə hələ də dəqiq məlumat yoxdur. Yalnız onların sünni məzhəbinə aid olmaları və əşirət halında yaşadıqları bildirilir. Müsəlman ermənilərin böyük hissəsi burada yerli ərəblər kimi yarımköçəri həyat tərzi sürür, səhrada heyvandarlıqla məşğul olur, yalnız qış aylarında şəhər və kəndlərə qayıdırlar. Ermənistan Respublikası özünün xarici siyasət strategiyasında islam dövlətləri və islam təşkilatları ilə əlaqələrin qurulması, onlardan siyasi-iqtisadi və maliyyə yardımlarının alınması planlarını gündəmə gətirdikdən sonra bu zəngin ölkədə yaşayan müsəlman ermənilərə mənfi münasibət sürətlə dəyişmiş və rəsmi Yerevanın maraqlarının ödənilməsində onlardan da istifadə olunmağa başlanılmışır. Missionerlik fəaliyyəti ilə həmin ermənilərin islamdan imtina edib “xristian dininə qaytarılması” təşəbbüsünün İordaniya-Ermənistan əlaqələrinə ciddi ziyan vura bilməsi ehtimalını nəzərə alaraq, əsas diqqət onlarda məhz erməni identikliyinin bərpasına yönəldilmişdir. Digər tərəfdən, İordaniyanın müsəlman erməniləri də tarixən tapındıqları islamdan və ənənəvi həyat tərzindən imtina etməyə, xristianlaşmağa qətiyyən həvəs göstərmirlər.

Ermənistan apardığı təbliğatla bu gün onları inandırmağa çalışır ki, İordaniyadakı müsəlman ermənilərin böyük hissəsi də 1915-ci il erməni soyqırımı zamanı həyatlarını qurtarmaq üçün “Qərbi Ermənistanı” tərk etmiş ermənilərin törəmələridir. Odur ki, həmin insanların “tarixi vətən” – Ermənistan Respublikası ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, rəsmi İrəvanın siyasi maraqlarının təminatına yönəldilməsi məqsədilə intensiv fəaliyyətə başlanılmışdır. Belə ki, İordaniyanın müxtəlif bölgələrində erməni dili kursları, folklor ansamblları yaradılır, buradakı ərəbləşmiş ermənilərin Ermənistana turist səfərləri təşkil edilir, erməni tarixi və mədəniyyətinin, qondarma “erməni soyqırımı”nın təbliği məqsədilə kütləvi tədbirlər keçirilir.

Lakin Yaxın Şərqdə cərəyan edən hadisələr buradakı ermənilərin də həm dini, həm də siyasi baxımdan parçalanmasına səbəb olmuş, onlar hətta rəqib hərbi qruplaşmaların tərkibində bir-birinə qarşı döyüş əməliyyatlarında iştirak etmişlər. Məsələn, xristian ermənilər, İran meyilli ələvi və şiə ermənilər Bəşər Əsəd rejiminin qatı müdafiəçiləri sırasındadırlar. Onlara əks mövqedə dayanan sünni məzhəbli ermənilər isə müxalifət qruplaşmalarının tərkibində döyüşürlər. Bundan başqa, İŞİD döyüşçülərinin tərkibində də sələfi ermənilər vardır. Bu silahlı qruplar içərisində xristian ermənilər xüsusi amansızlıqları ilə seçilirlər. Onlar dinc əhaliyə qarşı kütləvi terror aksiyalarında hətta İŞİD cəlladlarını heyrətləndirə bilən qəddarlıq göstərirlər. Bu isə Ermənistanın gözləmədiyi əks-effekt doğurmuş, Suriya müsəlmanlarında ermənilərə qarşı nifrət hissinin yaranmasına səbəb olmuşdur. Hələb şəhərinin müsəlman icmasının xristian erməni hərbi qruplaşmalarının cinayətləri haqqında yaydığı bəyanatda bu barədə bildirilirdi ki, Suriyadakı ermənilərin hərəkətləri artıq onların kənardan idarə olunduqlarını, köləlik etdiklərini göstərir. Onların – ermənilərin də cəzası verilməlidir. Bu cəlladlar vətəndaş müharibəsindən istifadə edərək bizə – müsəlmanlara divan tuturlar.

Əsasən Hələbin və Həma vilayətindəki Mührəda şəhərinin sakinləri olan xristian erməni döyüşçülərinin bir hissəsi Suriya Respublika Qvardiyasının 106-cı briqadasının tərkibində döyüşür. Lakin ölkədə xristian ermənilərdən ibarət xeyli sayda könüllü dəstələr də vardır. Məsələn, Suriyanın şimalında yerləşən Kəsaba şəhərindəki döyüşlərdə dünyanın müxtəlif guşələrindən, eləcə də Ermənistandan, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindən gəlmiş muzdluların ümumi sayı 17 min nəfərə çatmışdı. “Sputnik France” informasiya portalının məlumatına söykənən “Hayastan news” agentliyi ermənilərin buradakı fəaliyyətinə belə bəraət qazandırmağa çalışır: “Onların məqsədi burada 1915-ci il hadisələrinin bir də təkrar olunmaması, xristianların məhvinə yol verilməməsidir”.

(Ardı var)


Müəllif: Teleqraf.com