13 İyul 20:55
483

Azman rejissorun gündəliyindən...

Ömrünün 25 ilində ara-bərə yazdığı gündəliklərin sayı yeddiyə çatdı; dəftərçələrinə “martiroloq” adı verdi - Martiroloq I, Martiroloq II və beləcə, yeddinciyəcən (martiroloq xristian "şəhidlərinin" həyatından bəhs edən kitab - P.C.). Son qeydini ölümünə iki həftə qalmış yazdı. Görəsən Tarkovskinin öz əməyinin siyahısını erkən xristianlıq əzabkeşlərinə bənzətməsinin anlamı nəydi? Məşhur kinorejissorun bütün şəxsi materiallarının toplandığı Andrey Tarkovski adına Beynəlxalq institutun Florensiya arxivində saxlanılan, az əvvəl işıq üzü görmüş qalın cildli gündəlikləri bu suala tam, bitkin olmasa da, sanballı cavab verir.

Nəzərə alanda ki, gündəliklərdə tərəfsiz və sərt şəkildə xarakterizə edilən çağdaşlarının bir çoxu hələ ömürlərini başa vurmayıblar, o zaman gündəliklərin bəlkə də vaxtından əvvəl çap edildiyini düşünmək olar. Bütün hallarda bu adam öz taleyi və yaratdığı filmlərlə dediklərinin arxasında durur.

Teleqraf.com sənətkarın gündəliyindən bəzi qeydləri təqdim edir:

1970

15 avqust

Larisa 1970 ci il, 7 avqust, saat 6.25 də oğlumuzu doğdu. Anddryuşkanı. <…> Qrupumuzda Rudinayla Tamara Georgiyevnadan savayı bizi təbrik eləyən olmadı. Neynək. Onlar şərikinə bir uşaq arabası almaq istəyirlər. Deyəsən, dəli olublar. Yusov nə üçünə soruşub: “Belə bahalı hədiyyə nəyə lazımdı axı?” Adamlar başlarını və insan simalarını itiriblər. <…>

Mannı oxuyuram. Dahi yazıçıdı. “Venetsiyada ölüm” sarsaq süjetilə belə, sadəcə fövqəladə əsərdi.

1 sentyabr

Elə istəyirəm ki, “Rublyov”u Soljenitsına göstərim. Bəlkə Şoctakoviçlə danışım?

7 sentyabr

“Yeni dünya”da təsadüfən Yevtuşenkonun “Kazan universiteti”ni oxudum. Bu qədər də küt, zay bir şey olar?!! Adamı lap karıxdırır. Zamanında Severyanin min dəfə bundan talantlıydı. Ama ondan nəsə qaldımı? “Şampaniskdə ananas”mı? Hələ onun həqarətli gülüşləri... Hansısa zavallı, vecsiz, qəmzəli Jenya. <…>

Mənzilinin divarları boya-boy iyrənc rəsmlərlə doludu. Burjuy... Elə istəyir ki, onu çox istəsinlər - həm Xuruşşov, həm Brejnev, həm də qızlar...

18 sentyabr

Zamyatinin “Biz”ini oxudum. Həm çox zəif, həm də iddialıdı. Belə cındırlığıyla guya “dinamik” nəsrdi. Nəsə çox iyrənc bir şeydi.

Bu gün Bondarçukun “Vaterloo”suna baxdım. Yazıq Seryoja. Onun yerinə mən xəcalət çəkdim.

17 oktyabr

Naumovla Alovun “Qaçış”ını izlədim. Lap dəhşətdi. Bu, xarakteri, insanı, zabitiylə bütün rusları masğaraya qoymaqdı. Şeytan bilir nədi.

17 noyabr.

İndilər Soljenitsını yaman səsə-küyə salıblar. Onun Nobel mükafatına layiq görülməsi hamını çaşdırıb. O, yaxşı yazıçıdı. Hər şeydən əvvəl isə yaxşı vətəndaşdı. Bir qədər qəzəblidi, bu da anlaşılandı.

<…> Onun şəxsiyyəti qəhrəman şəxsiyyətidi. Nəcib və möhkəm adamdı. Onun varlığı mənim də həyatıma məna qatır.

1971

14 avqust

Mənəvi və əxlaqi mədəniyyəti təsadüfi talanta sahib fərd deyil, mənəvi həyata şəxsi arzusundan asılı olmayaraq yaradıcılığa malik şəxsiyyəti püskürən xalq yaradır.

İstedad hamıda var. Ama o istedada malik insan plantasiyalarda çalışan qul kimi, bir narkoman, bir səfil kimi dəyərsizdi, İstedad bədbəxtlikdi, çünki bir tərəfdən hörmət və ehtirama heç bir haqq vermir, əks tərəfdən isə nəhəng məsuliyyətlə yükləyir. <…>

Yəni doğrudanmı bütün aktyorlar bu qədər kütdülər?! Artıq o fikrə gəlirəm ki, ümumiyyətlə ağıllı artist olmur. “Yeni dünya”da C. Birmanın “Taleyin bəxş etdiyi görüşlər” kimi zövqsüz başlıqla çap etdirdiyi xatirələrindən hissələri oxuyuram. Allah özün saxla! <…>

Aktyorlar kütbeyindilər. Həyatımda hələ bir ağıllı aktyora rast gəlməmişəm. Bir dəfə də. Xeyirxahını, ziyanxahını, özünəvurğununu, təvazokarını gördüm, ama ağıllısını bircə yol da! Bir ağıllısını gördüm - Berqmanın “Çiyələkli tala”sında, sən demə, o da rejissormuş.

4 dekabr

<…> Çuxray mənim heç xoşuma gəlmir. İstedadsız, yelbeyin, özünəvurğunun biridi. Bir vaxtlar “41-ci ildə” və “Əskər balladası”yla meşşanlığın ideoloqu olmuşdu. Şıltaq, etibarsız, həm də boş adamdı.

1973

27 yanvar

Bu işıqlı dünyada yaşamaq necə də kədərlidi! Mən dövlətdən asılı olmadan öz işiylə məşğul olmağı bacaranlara həsəd aparıram. Kinonu və teatrı çıxmaq şərtilə - demək olar ki, hamıya. (Mən televiziyanı incəsənət saymadığımdan o haqda danışmıram.) Azaddılar. Onlar da maaşdan azaddılar, ən azı onlar işləyə bilirlər. Nə qədər qanmaz bir hakimiyyət! Məgər onlara ədəbiyyat, musiqi, şeir, rassamlıq, kino gərəkdi?

1978

10 fevral

Tomas Mannı Dostoyevckiylə nəsə bağlayırmı? Allahsızlıqmı? Bəlkə də... Ancaq bu onlarda ayrı formalardadı.

(12.11): Mann Allahı həddən ziyadə “anlayır”, Dostoyevski isə, istəyə-istəyə Ona inana bilmir - orqanın ölgünləşdiyi sezilir...

24 mart

Biri atamdan soruşub: “Pasternaka münasibətiniz?..” Atam deyib: “Mən ona həmişə qadın kimi yanaşmışam - gah incimişəm, gah zəhləm gedib, gah fəxr eləmişəm, gah da nifrət...”

16 aprel. gecə saat 2

Bütün rus dahiləri düşünüblər ki, onların böyüklüyü, əzəməti dayaz, mənasız zəmindən gələ bilməz və bununçün də öz ölkələrini Böyük adlandırıblar, gələcəyini isə messian (messianizm - burada - hər hansı bir xalqın, bəşəriyyətin nicatındakı rolu haqqında mürtəce şovinist görüş - P.) kimi görüblər. Onlar hiss eləyiblər ki, “xalqın imdadıdırlar və “cavabsız qalan imdad” olmaq istəməyiblər, istəyiblər ki, özlərində xalqsa - yalnız Böyük xalqın, ölkə isə - Böyük gələcəyi olan ölkənin mahiyyətini təcəssüm etdirsinlər. Bu mənada Puşkin hanıdan təvazökardı (...). Yalnız ona görə ki, Puşkinin dahiliyində harmoniya, Tolstoyun, Dostoyevskinin, Qoqolun dahiliyində isə bədii şəkildə ifadə olunan ideyalarla arzuladıqlarının konfliktindən yaranan diskomfort, disqarmoniya var.

1980

21/22 mart

Televizorda Kozintsovun “Hamlet”ini göstərirdilər. Bundan da miskin bir şey ağlına gəlməsin! Yazıq Qriqori Mixayloviç! Yəni doğrudanmı o nəsə dəyərli bir iş gördüyünə inanır...

1981

3 aprel

Evdə bir qəpik də qalmayıb. Dünən Mosenerjidən bir qadın gəlmişdi və tələb eləyirdi ki, işıqpulunu ödəyək. Sabah isə doğum günümdü - Larisa bütün tanışlara zəng vurub guya nəyə görəsə doğum gününü keçirməyəcəyimizi deyir. Ki, gələn olmasın.

Az əvvəl Mosenerjidən gəlib işığımızı kəsdilər.

29 aprel

Bu gecə Brejnev girmişdi yuxuma, özü də çox xeyirxahcasına danışırdı mənimlə. Dio-Mio!

12 noyabr.

Bu gün Tv ilə Brejnev və Kirilenkonun ölümünü elan elədilər. Məncə, Andropov gələcək. Buna əminəm. Nəsə olacaqmı? İlahi! Hər şeyi özün bildiyin kimi elə.

14 Noyabr

Andropov... Səfirlikdə olduq, son verəcəyimizi də verdik. Andropovun nə olacağı bəlliydi zatən. Əgər belədisə, deməli, onunku sadəcə hakimiyyət hərisliyi deyil, nəsə proqramı var. Belə deyilsə, hər şey onun gözləri qarşısında dağılmağa başlayacaq, nə siyasətə, nə çörəyə pul tapılmayacaq. İndi həyat hər gün öz köhnə yoluyla uçuruma sürüklənib gedir. Andropov bunu bilməyə bilməz...

30 may

Soljenitsın özünün “Vestnik” jurnalında “Rublyov” haqda yekə bir tənqidi yazı yazıb. Bu dəqiqə elə bircə bu əskik idi. Özü də düz mənim qəliz durumda olduğum bu zamanda.

16 iyun

Jora Vladimov “Rublyov” və ayrıca mənim haqqımda iki məqalə hazırlayır. Soljenitsının əleyhinə. Heç cür ağlıma gəlməzdi ki, Soljenitsın belə ağılsız, kinli, paxıl və ən başlıcası bu qədər vicdansız ola bilər.

1985

22 yanvar

Bu gün Nyu Yorkdan Ernst Neizvestnı zəng eləmişdi. Deyir ki, onun haqqında kitab yazılıb və hansısa prodüser bu kitabdan film çəkmək istəyir. O da prodüsserə deyib ki, bu filmi ancaq Tarkovski çəkə bilər. Mən də həvəssiz cavab verdim ki, məmnuniyyətlə bu kitabı oxuyaram. Ancaq söhbətdən məndə dəhşət xoşagəlməz bir təəssürat qaldı.

15 dekabr

İnsan tez, ya gec öləcəyini bilə-bilə yaşayır. Ancaq öləcəyi günü bilmədiyindən bu məqamı qeyri-müəyyən bir vaxta qədər “uzadır”. Bu onun yaşamasına yardım eləyir. Mən isə bu saat - bilirəm. Və heç nə mənə yaşamaq üçün kömək ola bilməz. Bunu bilmək isə çox ağırdı.

13 fevral

Ayaqlarım ağrıyır, üşüyür.

Dahiyanə “Anna Karenina” oxuyuram.

22 fevral

Moskvadan Nikita Mixalkov gəlib. Mənimlə görüşmək arzusundadı. Ürəyim istəmir.

Nə cürsə Otar İoseliani peyda olub burda. Mənə məktub yazıb. Mən heç kimi görmək istəmirəm.

22 may

Özümü pis hiss eləyirəm: öskürürəm, sağ ayağım quruyub, belim ağrıyır.

15 dekabr

Gecə-gündüz oturmadan yataqda uzanıb qalmışam, hətta yeriyə də bilmirəm. Ayağım hərəkətdən düşüb. Əllərim çox pis incidir. Hədsiz zəifəm. Ölürəmmi?..


Müəllif: Pərviz Cəbrayıl