22 May 2017 15:54
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Prezidenti Prokopis Pavlopulosun İstanbula səfər etməsi artıq bu ölkənin Türkiyə ilə münasibətləri əvvəlki formada davam etməyə maraqlı olmadığını göstərir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 1952-ci ildən bu yana ilk dəfə yunan prezidentin Türkiyəyə səfər etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Yunanıstan Avropa Birliyi ölkəsidir və bu baxımdan daha sivil münasibətlər qurulmalıdır:

“Türkiyəyə qarşı aqressiv yanaşmaların mənası yoxdur. Artıq yeni proses başlayır. Yunanıstan anlayır ki, qarşılıqlı təmaslar önəmlidir. Son dönəmlərdə bir sıra rəsmilərin ziyarətləri tez-tez gerçəkləşir. Prezident səviyyəsində səfərlərin baş tutması ən azı əvvəlki kin-küdurət əvəzinə real işlərin önə çıxmasına imkan yaradır. Məsələnin mahiyyəti budur və müsbət hal kimi qiymətləndirirəm”.

Deputat Yunanıstanın artıq Avropa ilə sıx və isti təmasları olmadığını vurğulayıb:

“Buna görə də yunanlar bir çox münasibətləri müstəqil şəkildə qurur. Aleksis Çipras baş nazir seçiləndə ilk dəfə Rusiyaya səfər elədi, rəsmi Kremllə münasibətlər qurmağa çalışdı. Halbuki bu, Avropa Birliyinin başı üzərindən atılan addım idi. Əslində, Yunanıstan Avropa Birliyindən çıxmaq üçün bəhanələr axtarır. Borcları çox olduğuna görə problemləri var. Bu baxımdan da müstəqil siyasət yeritməsi Avropa Birliyini də qıcıqlandırdı. Onlar da istəyir ki, yaxasını Yunanıstandan tez qurtarsınlar”.

Fazil Mustafa türk və yunan cəmiyyətlərinin barışığa və yaxşı təmaslara hazır olduğunu qeyd edib:

“Bir az yunan cəmiyyəti aqressivdir, türk cəmiyyətində anti-yunan əhval-ruhiyyəsi demək olar ki, yoxdur”.

Qeyd edək ki, Yunanıstan Prezidenti Prokopis Pavlopulos Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün bu gün İstanbula gələcək. Prezident Prokopisin türkiyəli həmkarı Ərdoğanla görüşü planlaşdırılıb. 67 yaşlı Prokopis Pavlopulos Türkiyəyə səfər edən ilk Yunanıstan prezidenti olaraq tarixə düşəcək.

Xatırladaq ki, sonuncu dəfə 1952-ci ildə Yunanıstan kralı Pavlos Türkiyə prezidenti Cəlal Bayarın dəvəti ilə Ankara və İstanbulda olub.

Bu dəfə Prezident Ərdoğan Yunanıstan prezidentini tədbirə dəvət edib. Yunanıstan prezidenti 3 həftə əvvəl dəvəti qəbul edib.


Müəllif: Nərgiz Ehlamqızı