18 May 09:57

Nikol Paşinyan siyasi səhnəyə çıxanda Azərbaycanda müxtəlif fikirlər var idi. Bəziləri deyirdilər ki, o, Levon Ter-Petrosyanın komandasında olub. Buna görə münaqişənin həllinə daha loyal yanaşacaq. Ter-Petrosyanın Qarabağla bağlı fikirlərinə yaxın mövqedə olacaq.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı deyib.

O qeyd edib ki, bu da həll üçün imkanların tükənmədiyini, həll üçün inamın qaldığı demək idi:

“Bəziləri isə deyirdilər ki, o, Ermənistandakı ümumi təfəkkürün daşıyıcısıdır. Ola bilsin ki, Qarabağ münaqişəsinin həlli metodu ilə bağlı fərqli fikirdə olsun. Yəni, Sərkisyanla, Köçəryanla yanaşma tərzində fərqlər ola bilər. Amma yekun nəticə ilə bağlı möpvqe eynidir. Ona görə bir şey dəyişməyəcək. Bu mövqelərin hər ikisini əsaslandırmaq üçün fikirlərə müraciət edə bilərik. Paşinyanın ilk dövrdən bu günədək səsləndirdiyi fikirlərə əsaslanaraq onun həm Ter-Petrosyanın mövqeyinə yaxın mövqedən çıxış etdiyini deyə bilərik. Həm də demək olar ki, yox. Onun mövqeyi mahiyyətcə Sərkisyanın mövqeyinin eynisidir. Ancaq əvvəlki mərhələdə nə düşündüyündən daha çox onun hakimiyyətə gəlmə prosesində və hakimiyyətə gəldikdən sonra sərgilədiyi mövqedir. Məni daha çox maraqlandıran budur”.

A.Aslanlı qeyd edib ki, Ermənistanda istənilən siyasi fiqur mövqeyini müəyyənləşdirərkən və addımlar atmağa çalışarkən mütləq xarici qüvvələri nəzərə alır:

“Xarici qüvvələr deyəndə biz əsasən Rusiyanı, erməni lobbisini, Fransanı, ABŞ-ı və eyni zamnda müəyyən dərəcədə İranı nəzərdə tuturuq. Paşinyanın özünün ürəyindən keçənləri təbii ki, mənim demək imkanım yoxdur. Amma praktik atdığı addımlar və verdiyi açıqlamalar var. Birincisi, o, baş nazir seçilən kimi başqa dövlətin – Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazisinə səfər etdi. Bu bir meydan oxumaq deməkdir. Yəni, normal praktikada prezidentlər, baş nazirlər, yaxud dövləti təmsil edən kimlərsə mümkün qədər ilk səfərlərini mübahisəli bölgələrə etməməlidir. Hərçənd ki, Dağlıq Qarabağ bizim üçün mübahisəsiz ərazidir. Bizim ərazimizdir. Ancaq əgər Ermənistan fikirləşirsə ki, bu Azərbaycanın ərazisi deyil, mübahisəlidirsə yenə də Paşinyan baş nazir kimi ilk səfəri ora etməməli idi. Əgər normal, beynəlxalq sülhə, beynəlxalq hüquqa hörmətlə yanaşırsa, həmçinin sülh yolu ilə həllə inanırsa bunu etməməlidir”.

Müsahibimiz əlavə edib ki, N.Paşinyanın güzəştlə bağlı səsləndirdiyi fikirlər də qüsurludur:

“O deyir ki, Azərbaycan Dağlıq Qarabağın “müstəqilliyini” tanısa, biz onlarla danışıqlara hazırıq. Axı məsələnin mahiyyəti odur da. Ermənistan işğal yolu ilə ərazi əldə edib. İndi istəyir ki, biz onun işğal yolu ilə əldə etdiyi ərazidən imtina edək və bu prosesin adı dinc danışıqlar olsun. Bu, absurd bir şeydir. Əgər Paşinyan desə ki, münaqişənin başladığı ilk variant, sıfır varianta qayıdaq və dinc danışıqlar aparaq. Deyək ki, burda bir məntiq var. Amma “biz bizə lazım olan əraziləri işğal etmişik və bununla bağlı statusu da Azərbaycan tanısın” deyərək bu şərtlərlə danışıqları davam etdirməyə çağırış etmək beynəlxalq hüquqa da, danışıqları dinc yolla həll etmək mexanizminin mahiyyətinə, qonşuluğa da uyğun deyil. Amma ola bilər ki, hansısa mərhələdə Paşinyan fikrini dəyişər, Qarabağ probleminə daha fərqli yanaşar, o zaman fərqli dəyərləndirmə edə bilərik. Yəni, bu gün üçün verdiyi açıqlamalar və atdığı addımlar Ermənistanın işğalçılıq mahiyyətindən fərqli deyil. Sadəcə onun bir az mədəni-inqilabçı-demokratik görüntülü formasıdır. İşğalla bağlı mahiyyətdə təəssüf ki, fərqli bir yanaşma görmürəm. Ancaq sabah hakimiyyətin möhkəmlənməsindən sonra mövqeyinin dəyişiləcəyini deyə bilmərəm”.


Müəllif: Səxavət Həmid
Загрузка...