26 Aprel 09:28
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyevin Almaniya səfəri nə ilə əlaqəlidir, xüsusən də bu səfərdə Kansler Olaf Şolzun şəxsən maraqlı olduğunu nəzərə aldıqda? Diqqətçəkən bir məqam da odur ki, Cənubi Qafqaz istiqamətində fəallaşan Almaniya Fransa ilə müqayisədə daha obyektiv mövqe sərgiləməyə çalışır.

- Əslində, Fransa yanlış siyasəti ilə təkcə özü yox, bütöv Avropa Birliyi üçün problemə çevrilib. Fransa həm demokratiyanı ayağı altına alır, həm beynəlxalq hüququ görməzdən gəlir, həm kobud formada Azərbaycan-Ermənistan sülh prosesinə müdaxilə edir, həm də sülh müqaviləsi imzalanmadan təcavüzkar Ermənistanı silahlandırır. Bunlar Avropa Birliyi-Azərbaycan, ümumən Avropa Birliyi-Cənubi Qafqaz əlaqələrinə ciddi zərər vurur.

Avropa Birliyinin aparıcı dövlətlərindən biri də Almaniyadır. İqtisadi-maddi baxımdan Almaniya həmişə bu birlikdə birinci olub. Beləliklə, Fransa ilə müqayisədə Almaniya Avropa Birliyində Azərbaycan üçün daha cəlbedicidir. Çünki Berlin məsələlərə daha obyektiv yanaşmağa çalışır. Bu da Azərbaycanı Almaniya ilə əməkdaşlıq etməyə sövq edir. Bundan başqa, Almaniya Ermənistan-Azərbaycan prosesində bitərəf qalmağa çalışır. Azərbaycan və Ermənistan liderləri və nazirlərinin Almaniyada da görüşləri də bununla əlaqəlidir. Əlbəttə, Avropa Birliyi və digər bölgələr üçün başağrısına çevrilən Fransadansa, texnoloji və digər cəhətlərdən inkişaf etmiş Almaniya ilə əməkdaşlığı gücləndirmək Azərbaycan üçün daha cəlbedicidir.

Azərbaycan prezidenti bugünlərdə Rusiyaya da səfər etmişdi. Bu səfərdən uzağagedən nəticələr çıxaran daxili və xarici qüvvələr oldu. Hətta iddialar səsləndirildi ki, guya Moskvada Azərbaycanın nüvəsi Rusiya olan birliklərə üzvlüyü ilə bağlı anlaşmalar əldə ediləcək. Deyilənlər olmadı. Bu baxımdan, Azərbaycan prezidentinin Moskva səfəri lupa ilə izlənilirdi. Amma prezidentin əvvəl Moskva, ardınca da Berlin səfəri bir daha sübut edir ki, Azərbaycan xarici siyasətinin prioriteti olan balans xəttini pozmaq fikrində deyil. Çünki balansı hansısa gücün xeyrinə pozmaq Azərbaycanın iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına uyğun deyil.

Azərbaycan bütün qlobal güclərlə balanslı şəkildə münasibət qurub, yoluna belə də davam edir. Almaniya səfəri bir daha bunu göstərir. Paralel olaraq, Almaniya səfəri Avropa Birliyi və ya Qərbdə anti-Azərbaycan proseslərinə tormozlayıcı amil ola bilər. Çünki Almaniyanın Avropa Birliyi məkanında nüfuzu kifayət qədər güclüdür.

- Orta Asiya ölkələri liderlərinin Azərbaycana səfərini necə şərh etmək olar? Qazaxıstan və Özbəkistanın ardınca Qırğızıstan prezidenti də ölkəmizə gəldi. Tacikistan lideri isə mayda səfər edəcək.

- İlk növbədə, bu, bir milli-mənəvi inteqrasiyadır. Qırğızıstan, Qazaxıstan və Özbəkistan qardaş ölkələr olaraq, Qarabağın yenidən inşasında öz tarixi izlərini buraxırlar. Bu tikililər əsrlərlə Azərbaycan türkləri tərəfindən xatırlanacaq, bunlar unudulacaq məsələlər deyil. Yəni bu, tarixi iz qoyan bir mənəvi prosesdir. Kimlərsə buna “Azərbaycana yardım” kimi baxırlarsa. yanlışdır. Bu, qardaşın qardaşa həssas bir dönəmdə əl uzatmasıdır. Məhz mənəvi bağlar bu qardaşları bir-birlərinə yaxınlaşdırır. Belə mənəvi bağlar varsa, iqtisadi, hərbi, mədəni, siyasi və digər aspektlərdə birliklər qura bilərsiniz. Bu səfərlər də belə dəyərləndirilməlidir. Bunlar türk birliyinin perspektivlərini müəyyən edir.

- Böyük Britaniya xarici işlər naziri Devid Kemeronun Orta Asiya turu da diqqət çəkir. Səfər çərçivəsində Britaniya ilə Qazaxıstan arasında strateji tərəfdaşlığa dair anlaşma imzalandı. Xüsusən də bu səfər kontekstində Azərbaycanın da yaxından maraqlandığı Orta dəhliz məsələsinin gündəmə gəlməsi də maraqlıdır. Nə baş verir?

- Kemeronun bölgəyə səfəri Orta Asiya uğrunda qlobal güclər arasında ciddi geosiyasi rəqabət və mübarizənin başladığını göstərir. Əvvəldən demişdik ki, Rusiya-Ukrayna müharibəsi Moskvanın maraqlarının olduğu digər bölgələrə də transformasiya ediləcək. Bunu açıq şəkildə Cənubi Qafqazda görürük, proses artıq ciddi şəkildə Orta Asiyaya sirayət edir. Britaniya Orta Asiyaya ciddi şəkildə maraq göstərirsə, demək, bölgədə Rusiyanın nüfuzunu qırmaq, müəyyən geosiyasi layihələri reallaşdırmaq və həmin bölgədən başlayaraq Cənubi Qafqazdan keçəcək nəqliyyat dəhlizlərini açmaq istəyi ortadadır.

Britaniya nazirinin bölgəyə səfərinə Tacikistandan başlaması da təsadüfi deyil. Bilirsiniz ki, taciklər fars mənşəli xalqdır. Yəni səfərin İrana bir köynək daha yaxın olan Tacikistandan başlaması Moskva ilə yanaşı, həm də Tehrana verilən mesajdır. Əlbəttə, bu çərçivədə Çindən başlayaraq Orta Asiya və Cənubi Qafqazdan keçən Orta dəhliz projesinin aktivləşdirilməsi Azərbaycanın marağına uyğundur. Belə güclərin prosesdə yer alması və fəallıq göstərməsi sözügedən xəttin tez bir zamanda açılması və işə başlaması üçün real imkanlar yaradır. Bu, Çindən başlamaqla Orta Asiya, Cənubi Qafqaz – Azərbaycan, Ermənistan, Türkiyə və Qərb dünyasına birbaşa dəhlizin açılması deməkdir. Bu da o anlama gəlir ki, Ermənistan Zəngəzur dəhlizinin önünü kəsmək üçün uzun müddət dirəniş göstərə bilməyəcək. Əgər Britaniya və Avropa Birliyi öz mövqeyini ortaya qoyursa, Avropa Yenidənqurma Bankı maliyyə ayırırsa və Qazaxıstan prezidenti bununla bağlı Ermənistana səfər edirsə, bunlar həmin dəhlizin perspektivini göstərir.

Ermənistanın uzun müddət müqavimət göstərməsi üçün heç bir zəmin yoxdur. Ermənistanın prosesə mane olmaq üçün irəli sürdüyü “Sülh qovşağı” layihəsi yenə də Azərbaycandan keçir. Azərbaycan razı olmadan heç bir layihə reallaşmayacaq. Azərbaycan üçün alternativlər də var. Məsələn, İran və Gürcüstan üzərindən keçən yollar. Yəni Zəngəzur dəhlizi Azərbaycan üçün “olmazsa, olmaz” deyil. İndi Ermənistan bu durumda və qlobal güclərin hərəkətə keçməsi fonunda hara qədər dirənəcək? Heç bir perspektivi yoxdur. Əksində, Ermənistanla Azərbaycanın başlanğıc nöqtəsinə gələcəklərinə dair müsbət işartılar var. Bu da Zəngəzur dəhlizinin hansı statusda açılacağını müəyyən edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər