24 İyun 2014 16:03

Məhərrəm Həsənov: “Bələdiyyədə qanunvericiliklə məşğul olan adamlar işləməlidir”

Bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında çıxışı zamanı Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bələdiyyələrin fəaliyyəti ilə əlaqədar bir sıra vacib məqamlara toxunub.
Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin əsas vəzifələrindən biri vətəndaşlarla hakimiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirmək və əhaliyə daha yaxın olmaqdan ibarətdir. Lakin bələdiyyələr hələ də əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində öz rolunu və yerini tapa bilməyiblər.

Administrasiya rəhbəri bələdiyyələrin fəaliyyətində problem yaradan amillərin - mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirilməməsi, iqtisadi və maliyyə resurslarının aşağı səviyyədə olması, peşəkar kadrların çatışmazlığı olduğunu bildirib.

Bələdiyyələr torpaq satışından əldə olunan gəlirləri səmərəli istifadə etmədi

O, bələdiyyələrin təşkilatçılıq bacarığının aşağı olması, təşkil olunduqları ilk vaxtlardan bələdiyyələrin torpaq satışından əldə olunan gəlirləri səmərəli istifadə edilməməsini də vurğulayıb: “Acınacaqlı haldır ki, bəzi bələdiyyələr işçilərin əməkhaqqını aylarla verə bilmirlər, dövlət tərəfindən verilən dotasiyanı isə öz maliyyə borclarının bağlanmasına sərf edirlər".

Ölkəmizin dördüncü bələdiyyə seçkiləri ərəfəsində olduğunu xatırladan administrasiya rəhbəri seçicilərin əhali və cəmiyyət qarşısında məsuliyyəti üzərinə götürə bilən, bələdiyyələrin fəaliyyətini ölkəmizin dinamik inkişafına və zamanın tələblərinə uyğun qurmaq bacarığı olan şəxslərə səs verəcəyini arzulayıb: “Seçkilərdə namizədlərini irəli sürəcək siyasi partiyalar, ayrı-ayrı şəxslər bələdiyyə işinin məsuliyyətini dərindən dərk etməli, bu yükü daşımaq iqtidarında olan insanlara etimad göstərməlidirlər. Bunu onlardan ölkə həyatının bütün sahələrində baş verən inkişaf tələb edir".

Bələdiyyə yerli hökumət kimi insanların qayğısına qalmalıdır

Xətai rayon bələdiyyəsinin hüquq komissiyasının sədr müavini Məhərrəm Həsənovun Teleqraf.com-a açıqlamasına görə, bələdiyyə seçkiləri ərəfəsində bələdiyyələrin işi hərtərəfli öyrənilib və Ramiz Mehdiyev tərəfindən düzgün qiymətləndirlib. Yerli idarəetmədə yaranan nöqsanların subyektiv və obyektiv səbəbləri olduğunu bildirən Məhərrəm Həsənov bunun səbəblərini belə izah etdi: “Bilirsiniz ki, qarşıdan növbəti 4-cü bələdiyyə seçkiləri gəlir, çox yaxşı olardı ki, seçkilər demokratik keçirilməklə yanaşı, daha savadlı, qabiliyyətli və bu sahəyə canı yanan, layiqli kadrlar seçilsin. Elə bələdiyyə sədri var ki, ad-soyadını düz yaza bilmir. Ya partiyalılığına görə, ya qohumluğa, dost-tanışlığa görə seçilib. Bələdiyyə kollegial qurumdur, bu sahədə qanunvericiliklə məşğul olan adamlar işləməlidir. Bələdiyyənin işi əmlak vergisi, torpaq vergisi yığmaq deyil. Ramiz müəllim çox düzgün buyurur ki, bu sahədə müxtəlif sosialyönümlü layihələr işlənib üzə çıxarılmalıdır, bələdiyyə sədrləri və üzvlərinin insanlarla işləmək bacarığı lazımdır. Bəldiyyənin üzvləri daim seçicilərin içərisində olmalıdır. Çünki bələdiyyə yerli hökumətdirsə, yerlərdəki insanların qayğısına, problemlərinə bələd olmaq və bu problemlərin həlli istiqamətində təkliflər verməkdir”.

Məhərrəm Həsənov dedi ki, hazırda bələdiyyələrin kadr hazırlığının gücləndirilməsi üçün müəyyən təcrübə mübadilələri keçirilir. Digər tərəfdən, bələdiyyəyə seçilmiş insanlar üçün hazırlıq kursları da mövcuddur. Amma bu proseslərin bir qədər də sürətlənməsinə ehtiyac var: “Bizim Türkiyənin Tartus bələdiyyəsi ilə əmkdaşlığımız var. Türkiyədə bələdiyyə seçkiləri çox demokratik keçir, biz bu təcrübədən yararlana bilərik”.

Bəzi icra strukturları bələdiyyələri çox sıxışdırır

Məhərrəm Həsənov hesab edir ki, bəzi icra hakimiyyətləri ilə bələdiyyələrin də münasibətlərinin tənzimlənməsi üçün müəyyən işlərin görülməsinə ehtiyac var: “Bəzi yerlərdə icra strukturları bələdiyyələri çox sıxışdırırlar. Bu üzdən bələdiyyələr işini günün tələbləri səviyyəsində qura bilmir. Amma bizim bələdiyyənin Xətai İcra Hakimiyyəti ilə çox gözəl münasibətlərimiz var. İcra hakimiyyətindən qayğılarımızla maraqlanırlar, öz köməklərini əsrigəmirlər. Birgə fəaliyyətin nəticəsidir ki, müəyyən sosial yönümlü tədbirləri uğurla həyata keçirmişik”.

Bələdiyyələrin torpaq satışından əldə etdikləri gəlirin səmərəli istiqamətə yönəlməməsi ilə bağlı Ramiz Mehdiyevin iradları ilə razılaşdığını deyən bələdiyyə rəsmisi dedi ki, yarandığı ilk gündən bələdiyyəyə çox geniş imkan, müstəqil səlahiyyət verildi, amma bu müstəqillikdən sui-istifadə edib, bu sahədə qara işlər görən bələdiyyələr çoxluq təşkil etdi:

“Torpaq satışından əldə olunan maliyyə təyinatı üzrə xərclənmədi. Yaxşı haldır ki, 2007-ci ildə cənab prezident bələdiyyələrin torpaq satışı ilə alqı-satqısını dayandırdı. Bu məsələ torpaq hərracına yönəldildi. Düzgün hərrac isə düzgün qiymətləndirmə və sağlam rəqabət deməkdir. Amma təəssüf ki, hərracla bağlı olan texniki məsələlər də həllini tapmayıb. Bunun üçün məsələn, Dövlət və Xəritəçəkmə Komitəsi bütün bələdiyyələrin xəritəsini hazırlamalıdır. Bələdiyyənin sərhədləri müəyyənləşməlidir. Ona görə də hərracı həyata keçirə bilmirik. Bu xəritə əlimizdə olsaydı, hərracı həyata keçirmək mümkündür”.


Sevil HİLALQIZI


Müəllif: