17 İyul 17:02
264

Birinci mərhələ ilə ikinci mərhələdə keçirilən qəbul imtahanlarının nəticələrinə görə abituriyentlərin bilik səviyyəsini təyin etmək mümkün deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

Onu sözlərinə görə, detallı müqayisə və təhlillər “Abituriyent” jurnalının 12-ci buraxılışında çap olunacaq: “İndi sadəcə, imtahanın nəticələri elan edilir. Ayın 22-si I və IV qrup imtahanlarının cavabları bəlli olduqdan sonra bal intervalı da müəyyənləşəcək. Ondan sonra baxıb səviyyənin necə olması baxımından hansısa qənaətə gəlmək olar. Yəni 22-dən sonra statistik göstəriciləri təqdim edəcəyik. 14 iyulda olan imtahanda 33 nəfər abituriyent imtahandan xaric olunub. Onlardan 4-nün üzərindən mobil telefon aşkar olunaraq götürülüb. Yenə də xəbərdarlıq etmişik ki, imtahana qadağan olunmuş vasitələrlə gələn abituriyentlərin nəticəsi avtomatik olaraq ləğv edilir. Əgər tələbə birinci imtahanda iştirak edib və ikincidə nəticəsi ləğv edilibsə, onun ilk imtahandakı nəticəsi də ləğv edilir. Yəni müsabiqəyə buraxılmayacaq. Abituriyentlərin bəziləri fikirləşir ki, mən birinci imtahandan 500 bal toplamışam, ikincində də istədiyimi edim, nə olar, olar, alınmaz, alınmaz. Bu yanaşma olmamalıdır. Valideynlər də diqqətli olsunlar”.


Müəllif: Şəfiqə Nazimqızı