2 May 2014 17:49
775

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 1-də keçirdiyi mətbuat konfransında qabiliyyət imtahanı təklifinin doğurduğu nəticələrdən narazılığını bildirib.

Xatırladaq ki, qabiliyyət imtahanı təklifi ilə bir müddət əvvəl Mətbuat Şurası (MŞ) çıxış etmişdi.

MŞ-dan gələn təşəbbüsün məsələyə həlledici təsir göstərdiyini söyləyən TQDK sədri bildirib ki, müəyyən ixtisaslar üzrə təlim-tədris prosesləri müasir dövrün tələblərinə uyğun gəlmir və problemlər bu səbəbdən ortaya çıxır. Onun sözlərinə görə, imtahanın yox, tədris prosesinin formasını dəyişmək lazımdır: “Təkcə yazmaq qabiliyyəti məsələni həll etmir”.

Teleqraf.com-un məlumatına görə, MŞ sədri Əflatun Amaşov Məleykə Abbaszadənin jurnalistika fakültəsinə qəbulla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: “Mətbuat Şurası bu barədə təklif verdi və istəyinə nail oldu. Məleykə Abbaszadənin ali məktəblərə qəbul məsələsində jurnalistika fakültəsinin üzərində xüsusi dayanmasını isə cəmiyyətin bu peşəyə diqqətini artırmaq niyyəti kimi qəbul edirik. Onlar dəfələrlə bəyan etdikləri kimi jurnalistika fakültəsində sahəyə marağı olanların təhsil almasının tərəfdarıdırlar.

Bizim üçün əsas kəmiyyət deyil, keyfiyyətdir. Digər tərəfdən, əgər indiki dövrdə jurnalistikaya maraq azdırsa, nə edəcəyimizi bilməliyik. Əlbəttə, tədrisin səviyyəsini artırmağa da ehtiyac var və Şura mövcud istiqamətdə də müvafiq iş aparmaqdadır”.


Əflatun Amaşov bildirib ki, jurnalistikada qabiliyyət imtahanı mexanizminin tətbiqi bütövlükdə media ictimaiyyətinin arzusu olaraq ortaya çıxıb: “Ötən il ölkə prezidenti ilə keçirilmiş görüşdə bu istək irəli sürüldü və dövlət başçısı müvafiq tapşırıqlar verdi. İstərdim ki, mövcud prizmadan yanaşma əsas götürülsün və hər kəs öz işini məhz bu prinsipə söykənərək görsün. O zaman məlum olacaq ki, hazırda problematik formada ortaya çıxarılan məsələlər əslində texniki mahiyyət daşıyır və hansısa formada tənzimlənməsi TQDK-nın və ali məktəblərin imkanları daxilindədir”.

SEVİNC


Müəllif: