5 Mart 2015 13:45

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Şüvəlan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Teleqraf.com-un məlumatına görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. Təkliflərə ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, ət kəsimi müəssisəsinin yaradılması, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması daxildir.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Naibə QURBANOVA


Müəllif: