14 İyul 2015 13:07
844

Sahib Əhmədov: “İlanların zərərsizləşdirilməsi ilə bağlı müraciət alırıq, amma bizə elə bir səlahiyyət verilməyib”

Son zamanlar ilan sancmaları ilə bağlı informasiyalar xeyli artıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, may ayından iyulun 9-na kimi ilan sancması diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə ümumilikdə 34 nəfər müraciət edilib. Bu hadisələrin əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.

Bu müddətdə 4 nəfər əqrəb sancması ilə müraciət edib. Həkimlərin səyi nəticəsində əqrəb sancanların həyatını xilas etmək mümkün olub.

İlan həyət evlərində yaşayanları vurur

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, ilan sancması ilə bağlı müraciət edənlərə müvafiq tibbi yardım göstərilib: “Mayda 13 nəfər, iyunda 17 nəfər, iyulda da 6-ci xəstə ilan sancması ilə bağlı müraciət edib. Hazırda onlardan 3 nəfərİ xəstəxananın toksikologiya şöbəsində müalicə alır. Müalicəsini davam etdirənlərdən biri uşaqdır.

İlan sancanlar əksəriyyəti həyət evlərində yaşayır və ya kənd təsərrüfatında işləyir. Rayonlarda ilan sancanlara yerli xəstəxanalarda ilkin yardım göstərilib və onlar həkim məsləhəti ilə paytaxta göndəriliblər.

Kənd təsərrüfatı işləri ilə məşğul olanlar ilan və əqrəb sancmalarından qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl etməlidirlər. İşləyərkən ayaqda ayaqqabı olmalıdır, daşlıq yerlərdə təmizləmə işləri aparılmalı, meşədə istirahətə gedənlər də diqqətli olmalıdır".

Həkim deyir ki, Bakıətrafı ərazilərlə yanaşı, bölgələrdən də ilan sancmaları hallarına rast gəlinir: “İlan sancması ilə bağlı Hacıqabul, Qəbələ, İsmayıllı, Şəmkir, Qazax və cənub rayonlarından müraciət ediblər. Abşeronda, Qaradağda, Qobuda da ilan sancması faktları olub”.

İlan sancan yeri deşmək, sıxmaq olmaz

Azər Maqsudov ilan sancması zamanı ilkin tibbi yardım göstərilməsi ilə bağlı da məlumat verib: “Həkimdən öncə ilan sancan yerə ilkin tibbi yardım göstərilə bilər. Hadisə baş verən kimi, dişlənmiş yeri yod məhlulu və ya spirtlə təmizləmək, ilan çalandan sonra aşağı və yuxarı ətrafı hərəkətsiz saxlamaq, 25 dəqiqə möhkəm olmamaq şərtilə sarımaq lazımdır. Xəstə təcili yardımla xəstəxanaya çatdırmalıdır.

Bəzən ilan sancan yeri deşirlər, sıxırlar, qatıq sürtürlər ki, bunları biz məsləhət görmürük. Çünki bu cür tədbirlər əks-təsir göstərə, üstəlik, yaranı infeksiyalaşdıra bilər. Bu da sonradan uzun müddətli müalicəyə ehtiyac yaradır. Digər şəxslər tərəfindən zəhərin sorulması həmin insanın da zəhərlənməsi ilə nəticələnə bilər".

İlan insana iki diş batıbsa...

AMEA Zoologiya İnstitutunun əməkdaşı, biologiya elmləri üzrə fəlsəfə doktoru Sahib Əhmədov deyir ki, Azərbaycanda ilanlar aprel ayının sonunda qış yuxusundan oyanmağa başlayır: “Bu fəallıq oktyabrın sonuna kimi davam edir. Yaz aylarında ilanlar əsasən günorta vaxtı fəallaşır. Yay vaxtı isə ya səhər, yaxud da axşamlar aktivləşirlər. Havanın temperaturu yüksəldikcə onların da fəallığı artır. Azərbaycanda 31 ilan növü var. Onlardan doqquzu zəhərli ilanlardır”.

Həmsöhbətim deyir ki, əgər ilan insana iki diş batırıbsa, bu, gürzə sancmasıdır: “Yox, əgər balaca dişlər batıbsa, bu, zəhərli ilan dişləməsi deyil. Paralel çoxlu xırda deşiklərlə açılmış yara ilanın zəhərsiz olduğunu göstərir. Ona görə də hansı ilanın sancdığını müəyyənləşdirdikdən sonra zərdabdan istifadə vacibdir.

İlanları öldürməklə onlara qarşı mübarizə aparmaq doğru deyil. Sadəcə, insanlar diqqətli olmalıdırlar. Çünki ilan qorxudulduqda insanı çalır".

Sahib Əhmədovun sözlərinə görə, ilan sancmaları özünümüdafiə xarakterlidir: “İlan adətən, kimsə onu tapdaladıqda sancır. Əslində, ilanlar sancmadan öncə fısqırıb xəbərdarlıq da edir. Başını geri çəkir, bir-iki dəfə yaxın məsafədə atılır və yalnız bundan sonra çıxış yolu tapmadıqda insanı sancır.


Azərbaycanda elmi adı levantin sayılan gürzə qorxulu ilandır. Bu növ ilanlar Abşeron ərazisində də yayılıb.

İlan sancdıqda tez zərdab vurulmalıdır. Hər bir növ ilan üçün zərdablar da fərqlidir. Ona görə də insanı hansı növ ilanın sancdığını bilməsi vacibdir. Bəzən olur ki, insanlar ilanların zərərsizləşdirilməsi ilə bağlı bizə müraciət edirlər. Bizim belə bir səlahiyyətimiz yoxdur. Biz elmi işlərlə məşğuluq. Yəni bizdə belə bir xidmət olmadığı üçün hər çağırılan yerə getmək məcburiyyətində deyilik. İmkanımız çatan qədər kömək eləməyə çalışır, insanlara məsləhətlərimizi veririk".

İlhamə


Müəllif: