18 May 2018 14:43
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə Fərhad Məmmədxanovun vəkili İlham Əsədov çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib. Bildirib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş ailəvi dost olublar: “Uzun müddət birgə kommersiya işi görüblər. 143 min manat məbləğində ziyan istintaq dövründə tam ödənilib”.

Daha sonra sön sözlə çıxış etməsi üçün Fərhad Məmmədxanov şərait yaradılıb. Amma o, son sözə hazır olmadığını deyib. Növbəti proses mayın 23-də davam edəcək.

Qeyd edək ki, prokuror Fərhad Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Fərhad Məmmədxanov bir neçə vətəndaşdan işə düzəltmək adı ilə ümumilikdə 800 min manat alıb. O, həmçinin telefon mağazasından “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınıb.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi, polis pokovniki Fərhad Məmmədxanov həbs edilməmişdən 8 ay öncə təqaüdə çıxıb.


Müəllif: Hacı Zeynalov