7 Mart 2015 19:48

Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, qanunsuz silah-sursat saxlayan və oğurluq edən şəxslər həbs edilib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri Heydər Əliyev prospekti 37 ünvanında yaşayan Nəzir Qədir oğlu Məmmədovun qanunsuz narkotik vasitələri əldə etməsi və silah-sursat saxlaması barədə Şəki ŞRPŞ-ə məlumat daxil olub.


Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Nəzir Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 4,94 qram narkotik vasitə hesab olunan həşiş qatranı aşkar edilərək götürülüb. N.Məmmədovun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbiri nəticəsində “Kalaşnikov” avtomatının 16 ədəd 5,45 çaplı avtomat gülləsi aşkar edilərək götürülüb. Onun ətrafında aparılan əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, N.Məmmədov Şəki rayon sakini Şamil Məmmədyar oğlu Mabudovla əlbir olaraq rayon ərazisində bir neçə oğruluq hadisəsində iştirak edib. Keçirilmiş tədbir nəticəsində Şamil Mabudov həbs edilərək istintaqa təhvil edilib.


İstintaq zamanı məlum olub ki, onlar əlbir olaraq yanvar ayının 16-da rayonun Qoxmuq kənd sakini Vüqar Məmmədovun həyətinə qanunsuz girərək tövlədən 6 baş xırda buynuzlu heyvan, martın 3-də isə rayonun Kiş kənd sakini Bəhruz Allahyarzadənin həyətinə qanunsuz girərək oradan 15 baş qoyun, 2 baş keçi oğurlayıblar. Saxlanılanlardan Nəzir Məmmədov əvvəllər CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb. Saxlanılan şəxslərin rayon ərazisində baş verən digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.


Müəllif: