2 İyul 2014 11:26

Futbolun gözəlliyi qoldur. Milyonlarla tamaşaçı, azarkeş həm arenalarda, həm də ekran qarşısında futbol izlərkən məhz qol görmək arzusunda olur. Ona görə də müasir futbolda hücumçular həm qiymət etibarı ilə, həm də məhşurluq və populyarlıq baxımından digər mövqelərdə çıxış eləyən oyunçu həmkarlarından bir addım öndə dayanır.

Meydandakı bir komandanın 11 oyunçusundan bəlkə də ən məsuliyyətlisi və səhv eləməməyə məcbur olanı qapıçılardı. Təsadüfi deyil ki, futbol mütəxəssisləri tez-tez "Qapıçı komandanın yarısıdır" sözünü işlədirlər.

Müasir futbolda artıq azarkeşlər gözəl qollarla yanaşı möhtəşəm qurtarışlara da maraqla baxır və zövq alırlar. Bəzən olur ki, bütün oyun boyu bir qapıçı öz gözəl oyunu ilə komandasını real qollardan və dolayısı ilə də məğlubiyyətdən xilas edə bilirlər.

Dünya çempionatları da bu baxımdan istisna deyil. Qısa periodda, məğlubiyyəti sığortalamağın çətin olduğu bir zamanda qapıçılar komandaları üçün olduqca vacib fiqurlardan biri olur.

Dünya futbol tarixində komandasına uğur qazandırmış onlarla qapıçının adını sadalamaq mümkündür. Renat Dasayev, Lev Yaşin, Dino Zoff, Taffarel, Çilavert, Bartez, Şumaxer, Köpke, Şmeyhel və digər qapıçıları misal kimi göstərə bilərik. Məsələn, 1994-cü il dünya çempionatının qalibi olan Braziliya millisi bu zəfərini həm də qapıçı Taffarelə borcludurlar.

1990-da çempion olan İtaliyada Palyuka, 1998-in qalibi Fransada Bartez, 2002-ci ildə çempion olmasalar da Almaniya millisinin kapitanı və qapısını qoruyan Oliver Kan, 2010-cu ildə isə İker Kasillas İspaniyanın çempionluğunda rol oynayan əsas oyunçulardan olublar.

Elə hazırda Braziliyada davam eləyən növbəti mundialda da qapıçılar diqqət mərkəzindədirlər. Hətta mən deyərdim, futbol azarkeşləri bu mundialda gözəl qollardan daha çox əla "seyv"lər izləyirlər. Hələ qrup mərhələsi oyunlarından başlayaraq qapıçılar maraq obyektinə çevrilirlər.

Bəzi qapıçılar hazırda komandalarının mübarizəsini davam etdirməsində əsas səbəbkarlardandısa, bəziləri isə bütün cəhdlərinə baxmayaraq artıq kollektivlə birlikdə dünya çempionatını tərk eləyiblər.
Maraqlı bir məqam da var ki, hətta Co Hart, Buffon, Kasillas kimi dünya şöhrətli, təcrübəli qapıçılar da öz komandlarına qrup mərhələsini adlamaqda kömək eləyə bilmədilər.

Bunun əksinə olaraq bəzi favorit olmayan komandaların qapıçıları bu baxımdan əsl qəhrəman kimi çıxış elədilər.

Meksika əgər 1/8 finalda oynayırsa bunun üçün mütləq öz qapıçısına, Gilyermo Oçoaya minnətdar olmalıdır. Fransanın "Ayaçço" klubundan azad agent kimi ayrılan və dünya çempionatına klubsuz kimi qatılan qapıçı öz gözəl oyunu ilə komandasını irəli daşımaqda davam edir. Yəqin bu mundialdan sonra Oçoanın müştəriləri əməlli-başlı növbə yaradacaqlar.

Nigeriyalı Eneyama, Çili yığmasının qapıçısı Bravo, Uruqvayın qapısını qoruyan Muslera, İranlı Həqiqi, Əlcəzair yığmasının qolkiperi Reis Mboli komandalarının göstərdiyi nəticələrdən asılı olmayaraq öz oyunları ilə rəğbət qazanan və alqış alan oyunçulardandır.


Müəllif: Zaur Xudiyev