19 Yanvar 2017 01:02
4 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm ƏHMƏD

Başlığı görüb, bu məsələyə 1990-cı illərdə nöqtə qoyulduğunu deyə bilərsiniz.
İlin-günün bu vaxtında, dollar kimi ciddi bir problemimizin olduğu zamanda sizə mənasız da görünə bilər.

Lavrov kimi ciddi başağrısının dediklərinin daha çox əhəmiyyət daşıdığını da yaza bilərsiniz.
Bir sözlə, xeyli problemimiz var, elə ona görə də, problemləri deyil, bir az özümüzü müzakirə edək.

***

Ötənlərdə İstanbulda “Youtube” ilə əməkdaşlıq edən bir şirkətə getmişdim. Menecerlərdən biri azərbaycanlı olduğumu eşidəndə, bildirdi ki, “artıq bilirik, azəri yox, Azərbaycan türkü deyəcəyik”.
Sözün açığı, bir az çaşdım, sonra yadıma düşdü ki, İlbər Ortaylının bu barədə bir çıxışı var, görünür, onun təsiri xeyli çox olub.

Daha öncə isə Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu ilə görüşərkən o da qeyd etdi ki, “deyəsən, “azəri” sözündən xoşunuz gəlmir, biri mənə dedi ki, Azərbaycan türkü deməliyik”.

Bu gün isə Axundov adına Milli Kitabxanada 1920-ci illərə aid qəzetləri gözdən keçirərkən, bütün manşetlərdə, yazı başlıqlarında “Türk” kəlməsini oxuyanda bir daha bu mövzuya qayıtmaq istədim.

Daha öncə Sizlər üçün şəxsi kolleksiyamda olan bir vəsiqəni yayımlamışdım. 1930-cu ilə aid olan Azərbaycan SSR-nin şəxsiyyət vəsiqəsində milliyyət bölümündə “türk” yazılıb.

"Azəri" sözü o zamanlar ara-sıra işlədilsə də, geniş yayılmamışdı, bilinmirdi, özümüz daxil, qonşularımız da bizə "türk" deyə müraciət edirdi.

Daha sonra adımızı dəyişdirdilər, təəssüf ki, bunu qəbul etdik, amma nə qədər qəribədir ki, ermənilər bizi yenə “köhnə” adımızla çağırmağa başladılar.

1990-ların əvvəllərində öz adımıza dönsək də, zamanla yenə bundan imtina etdik və aradan keçən 20 ildən sonra bu məsələ yenidən gündəmə gəlir.

***

Ötən ilin martında Təbriz və Ərdəbildə oldum. Orada özünə “azəri” deyən bir nəfərə də rast gəlmədim. Güney Azərbaycandakı milli kimlik məsələsinin kəsrəviçilik siyasətinə rəğmən qorunub saxlanılmasına çox sevindim. Çünki şah və onun mənəvi davamçısı olan molla rejiminin basqıları nəticəsində “iranlı” anlayışı şüurlarda kök sala bilərdi. Bu baxımdan oradakı bizlərdən öyrənməli çox məsələlər var.

Türkiyədən bizim necə görünməyimizə gəldikdə isə, "azəri" sözü hələ də öz hegemonluğunu qoruyur. Ara sıra cəmiyyətə təsir edə biləcək şəxslərin yazılarında müsbət nüanslara rast gəlmək olur. Məsələn, 18 yanvarda “Hürriyyət” qəzetinin köşə yazarı Yalçın Bayerin “Azərbaycanda qərənfilin ağladığı gecə” adlı yazısında yayımladığı məktubda 2 dəfə “azəri”, bir dəfə “Azərbaycan türkləri” ifadəsi işlənib. Məlum filmlə bağlı açıqlamasında isə türk aktyor Şahan Gökbahar da “Azərbaycan türkü” ifadəsini işlədərək maraqlı bir addım atıb.

Yeri gəlmişkən, Lavrovun açıqlamasından daha çox sərt təpki ilə qarşılanan həmin səhnədə hər hansı bir qəbahət yox idi. Bu sadəcə illərdir Türkiyə dövlətindən millət olaraq kömək umduğumuz halda, hər dəfə seriallarda, filmlərdə Azərbaycan türklərinin aşağılanmasından qaynaqlanan bir məsələdir.

Mərhum Elçibəyin videosunda söylədiyi məsələlər, daha sonra sərhədlərin açılmasının istənilməsi, stadionda Azərbaycan bayrağının yerə atılması və s. hadisələrin yaratdığı bir problemdir.

Sadə Azərbaycan vətəndaşı düşünür ki, qonşularımızdan ermənilər torpaqları işğal edib, ruslar və farslar bu işğalı dəstəkləyir, gürcülər mövcud durumdan yararlanmaq marağındadır, elə isə heç olmasa, Türkiyə tərəfindən kiçik də olsa, bir ziyan gəlməsin.

Mövzuya dönsək, Azərbaycan türkü ifadəsinin başda özümüz və Türkiyə olmaqla toplum arasında yaymaq lazımdır. Bunun niyə önəmli olduğunu başqa bir yazıda geniş şəkildə yazacam. Qısaca, indi vacibdir ki, İlbər Ortaylı kimi cəmiyyətə təsir edə bilən adamlar bu məsələlərdə həssaslıq göstərsin, başa çatmayan millətləşmə prosesinə dəstək olsunlar.

Əslində, digər problemlərin kökü elə buradan başlayır.


Müəllif: Dilqəm Əhməd