İlqar Nəcəfin rejissoru olduğu “Nar bağı” filminin çəkilişləri yekunlaşmaq üzrədir.
Bunu Teleqraf.com-a açıqlamasında filmin xətti prodüseri Əli İsa Cabbarov deyib: “Filmin çəkilişləri dörd günə başa çatacaq. Gün ərzində çəkilən materiallar yaradıcı heyət tərəfindən incələnir. Burada ali məqsəd insan ruhunun tədqiqidir. Eyni zamanda filmdə nara Azərbaycan simvolu kimi diqqət çəkilir. “Nar bağı” özünəməxsus tərtibatı və şairənəliyi ilə seçilən bir iş olacaq. İlqar Nəcəf “Buta” filmindən sonra yeni bir uğura imza atır”.
Mədəniyyət və Turizm Nazirliyinin şifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin çəkilişləri Göyçayda aparılır.
Dram janrında lentə alınan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, prodüseri Müşfiq Hətəmovdur.
Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhadov, Həsən Ağayev və digərləri canlandırırlar.
Nərmin