18 Avqust 2017 00:56
2 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Hind aktyoru kino üçün kökəlməyə məcbur olub.

Teleqraf.com xarici mətbuta istinadən xəbər verir ki, Ballivud istehsalı olan yeni filmin çəkilişlərində insan iradəsinin və əzminin gücü bir daha sübut olunub. “Danqal” filminin çəkilişləri üçün bir güləşçinin gəncliyini və 42 yaşlı çağını canlandıran Amir Xan 97 kiloqrama qədər kökəlib və 4 ay ərzində yenidən arıqlamalı olub.

Filmin baş qəhrəmanın gənc idmançıdan yaşlı bir adama çevrildiyini əks etdirən sujet xətti olduqca əzm və səbr tələb edib.

Aktyor müsahibəsində oynayacağı xarakterlə bağlı kadrarxası maraqlı məsələlərə toxunub. Çəkilişlərə əsasən öncə baş qəhrəmanın gənclik illəri çəkilməli idi. Sonra isə yaşlı vaxtları. Amma Amir Xan rejissordan xahiş edib ki, planlarda bir az dəyişiklik edilsin. Öncə 42 yaşlı 97 kiloqramlıq obrazı canlandıran aktyor bununla bağlı maraqlı açıqlama da verib.

“Öncə gənclik illərini çəkib sonra kökəlsəydim, hələ də elə olacaqdım. Bədənimi yenidən formaya salmaq üçün motivasiyam olmayacaqdı. O iradəni, o gücü özümdə tapa bilməzdim”.
Daha sonra o 97 kiloqramlıq şişman bir kişidən ideal idman bədən quruluşunacan sərf etdiyi 4 ay ərzində yaşadıqlarını anladıb.

“Öncə bunu bacaracağıma əmin deyildim. Düşünürdüm ki, başıma iş açmışam. 97 kilo, 38% yağ göstəricisi. İmkansız görünürdü. Necə ki, Himalayın zirvəsinə baxanda ora çıxmaq mümkünsüz görünür. Hər şey o qədər çətin görünürdü ki! Xəyal qırıqlığı yaşayıb ilk gün başladığınızı sanarsınız. Yolunuz hələ çox uzundur. Çox uzağı düşünməməyə çalışdım. Sadəcə, günlük hədəfimə kökləndim. Gələcəkdəki nəticəni fikirləşmədim. O günə necə çatacağam? Hər gün addım-addım”.

Bu uzun yolda aktyora ABŞ-da yaşayan dietoloqu Dr. Nikhil Dhurandhar böyük kömək edib. Amir üçün 1800-2500 kalorilik özəl diet proqramı hazırlayan mütəxəssis bədənin inkişafı üçün düzgün qida qəbulunun vacib olduğunu xatırladıb.

Bunu təstiqləyən aktyor da bildirb ki, dayanmadan idman edə bilərsən, amma düzgün diet proqramı olmasa, istədiyin nəticəni ala bilməzsən.


Müəllif: Elçin Murad

Oxşar xəbərlər