4 May 14:40
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan Pediatrlar Assosiasiyasının “Türk Dünyası Pediatrların Zirvə Görüşü Layihəsi 2024″ çərçivəsində 3-5 may tarixlərində “II Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı beynəlxalq elmi praktik konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan və Türkiyədən olan mütəxəssislərin iştirakı ilə keçirilən konfransda iki qardaş ölkədən həkimlər iştirak edib.

Beynəlxalq konfras ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrisinin yad olunması, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağızadə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin mahiyyətindən bəhs edib: “Azərbaycanlılar türk xalqlarının böyük ailəsinə daxildir. Vacib məqamı diqqətə çatdırım ki, 1995-ci il mayın 3-dən etibarən dünyada ölkəmiz üçün çox vacib "Türkçülük günü" qeyd olunur. Həmin gün ərəfəsində təşkil olunan konfransın əsas hədəfi pediatriya sahəsində qardaş ölkə olan Türkiyə alimləri ilə əməkdaşlığı gücləndirmək, uşaqlara tibbi yardımın təşkilinin daha da yaxşılaşması, təkmilləşdirilməsinə hərtərəfli töhfə verməkdir”.

T.Tağızadə qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin ən mühüm prioritetlərindən biri uşaqların sağlamlığı və onun qorunmasıdır: “Ana və uşaqlara qayğı, uşaq ölümünün azaldılması siyasəti dövlətin davamlı inkişafının təminatıdır. Azərbaycan Pediatrlar Assosiasiyası təsis edildiyi vaxtdan etibarən Azərbaycanda uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və pediatriyanın inkişafında fədakar xidmət göstərir. Ölkəmizdə pediatr həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən olan Azərbaycan Pediatrlar Assosiasiyası uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi əsas tutaraq, bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, qardaş ölkə ilə bu sahədə əməkdaşlığını davam etdirir, Türkiyədə fəaliyyət göstərən uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir”.

Konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, konfransın Təşkilat Komitəsinin sədri, Türkiyənin Dicle Universitetinin Tibb fakültəsi Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının professoru İlyas Yolbaş, Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Doğu Pediatriya Dərnəyinin təsisçisi Velat Şen, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, TƏBİB-in nümayəndəsi Səkinə Əzizli, Pediatrik Uzmanlar Akademiyası Dərnəyinin rəhbəri Vefiq Arıca və digərləri bildiriblər ki, konfransda edilən çıxışlar, aparılan müzakirələr pediatriya sahəsi üçün öz müsbət təcrübələri ilə yadda qalacaq. Natiqlər gələcəkdə bu cür tədbirlərin, konfransların keçirilməsinin əhəmiyyətini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar.

Türkiyəli qonaqlar Azərbaycan Pediatrlar Assosiasiyasına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə konfransın təşkilinə görə göstərdikləri dəstəyə görə plaket və hədiyyə təqdim ediblər.

Konfransda uşaqların xəstələnməsinin qarşısının alınmasına və bu xəstəliklər nəticəsində inkişaf edən ağırlaşmaların azaldılmasına dair tətbiq edilən müasir müalicə üsulları və profilaktik tədbirlər, həmçinin də klinik pediatriyanın digər aktual məsələləri müzakirə olunub.

Konfransda Türkiyənin nüfuzlu universitetlərinin çoxsaylı alimlərinin elmi-praktik çıxışları dinlənilib, pediatriya sahəsində aktual problemlərin həlli yolları birlikdə araşdırılıb, xəstəliklərin diaqnostika və müalicəsi sahəsində əldə edilən son yeniliklər konfrans iştirakçılarının nəzərinə çatdırılıb.

Azərbaycan Pediatrları Assosiasiyasının "Türk Dünyası Pediatrların-Zirvə Görüşü Layihəsi 2024" çərçivəsində təşkil edilən bu konfrans zamanı tibb içiləri üçün müntəzəm təlim-kurslarnın keçirilmsi və sertifikatların verilməsi nəzərdə tutulub.


Müəllif: Tapdıq Qurbanlı