18 Yanvar 2023 12:42
2 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəstəyəm, danışa bilmirəm. Məndən heç nə soruşmayım. Mən telefonla ümumiyyətlə, danışmıram”.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Xalq artisti Şəfiqə Məmmədova kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudovun Kinematoqrafçılar İttifaqı haqqında tənqidinə münasibət bildirərkən deyib.

"Yaxın günlərdə İttifaqda sədr seçkisi, yaxud qurultay keçiriləcəkmi?" sualına cavabda xalq artisti deyib: “Bizim nizamnamədə qurultay yoxdur”.

Şeyx Əbdül Mahmudov Kult.az-a bildirib ki, sosial müavinətlə birgə ittifaqa yarım milyon pul ayırılır: “Yarım milyona görə mənim hörmətli tələbə yoldaşım (Şəfiqə Məmmədova – red.) ittifaqdan əl çəkmir. Bu xanım kinoya aidiyyəti olmaya-olmaya, heç bir təşkilati iş görməyə-görməyə dövlətin qanun və nizamnaməsi ilə formalaşan bir ittifaqda artıq 12 ildir qurultayın keçirilməsinə imkan vermir. Qurultayın keçirilməli olduğu tarixdən artıq 7 il ötüb. Demək ki, onlar 7 ildir qanunsuz fəaliyyət göstərirlər”.

Qeyd edək ki, ötən ilin dekabrın sonlarında ARKİ-də ümumi yığıncaq keçirilib. İttifaqdan bildirilib ki, Şəfiqə Məmmədova iclas iştirakçılarının razılığına əsasən yenidən ARKİ İdarə Heyətinin sədri seçilib, İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Daha sonra İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət katiblik seçilib.

Bu, həm kino ictimaiyyətinin, həm də ittifaqın üzvləri arasında ciddi narazılığa səbəb olub.

İclasda iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayev saytımıza açıqlamalarında ARKİ-də sədr seçkisinin keçirilmədiyini, həmin görüşün dəstək iclası olduğunu vurğulayıblar.


Müəllif: Nərmin Muradova