16 Mart 09:05
2 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bura Əməkdar rəssam, “Absurdistan” filminə görə Fransa və Yunanıstanda “Ən yaxşı geyim rəssamı” mükafatına layiq görülən, əsərləri dünyanı gəzən Mehriban Əfəndinin “Azərbaycanfilm” kinostudiyasında yerləşən balaca emalatxanasıdır. İlk gəlişim deyil, amma kinostudiyaya hər gəlişimdə səssiz-səmirsiz dəhlizlərdə mənə canlılığı aşılayan məkandır.

“Səssiz-səmirsiz dəhlizlər” sözünü təəssüflə yazıram... Kinomuzun indiki durğunluq dönəmində “Azərbaycanfilm”in naməlum taleyi bu dəhlizləri daha da səssizləşdirib. Kinostudiyada qızğın iş proseslərinə şahidlik edənlər üçün indiki halın, əhvalın nə qədər acı olduğunu təsəvvür etmək çətin deyil. Yaradıcılığının çox hissəsini kinoya həsr edən, bu nəhəng kino məbədində böyük sənətkarlarla çiyin-çiyinə çalışan Mehriban Əfəndi üçün də...

Bu dəfə kinodan danışmamağa qərar verdik... Al-əlvana bürünən emalatxanada, rənglər aləminin içində mənəvi rahatlığını tapan Əfəndinin ən böyük xoşbəxtliyi əsərlərinin sonradan qulağına çatan əks-sədası, onlardan ilhamlanan insanların fikirləri, həyatlarına bəxş etdiyi sevincdir.

Danışanda qanadlanıb uçmaq istəyir. Xüsusi emosiya, enerji ilə yaratdığı, sayını belə unutduğu sənət əsərlərinin hər biri ona əzizdir. Hər birinin də yaranma sirri yalnız və yalnız özünə məlumdur.

“Bilirdim ki...”

“Bu hissi izah etmək mümkün deyil. Sənətə böyük sevgim uşaqlıqdan başladı. Zamanla bunun Allah vergisi olduğunu başa düşdüm. Bilirdim ki, hansı peşəni seçməyimdən asılı olmayaraq iş otağımda hər zaman molbertim olacaq. Elə alındı ki, rəssamlıq həyatımın bir hissəsinə çevrildi. Düzdür, kinoda daha çox fəaliyyətim olub və var. Amma bircə onu bilirəm ki, heç vaxt rəssamlıqdan ayrılmaram”.

“Ondan sonra özümə söz verdim”

“Bir dəfə sərgidə ağ-qara tonlarla işlədiyim əsərimə baxan bir qadın özünü çox narahat hiss etdi və bu, məndə çox pis təəssürat qoydu. O hadisədən sonra özümə söz verdim ki, əsərlərim insanlara ancaq müsbət enerji ötürməlidir. Ona görə demək olar ki, qara rənglə işləmirəm. Çünki mənə ən çox xoşbəxtlik verən yaratdıqlarımın insanlara ötürdüyü xoş enerjidir”.

“Əsərlərim satışda yoxdur”

“Mənə həm xarici ölkələrdən, həm də Azərbaycandan çoxlu müraciət olur. Sata bildiklərim sifarişlə işlədiyim əsərlərdir. Digərlərini satmağa əlim gəlmir. Ona görə də satışda heç bir əsərimi görə bilməzsiniz”.

“Bura yaradıcılıq üçün mükəmməl yerdir”

Əsərləri Argentina ("Doux"), Amerika (“Churn”) jurnallarında çap olunub. İlk fərdi sərgisini 2005-ci ildə Amerikada təşkil edib. 2016-cı ildən İtaliyanın “Byblos" adlı elektron kitabxanası “Polychromia” jurnalında onun əsərlərini müasir rəssam kimi dərc edir. Avropada bir sıra qrup sərgilərin iştirakçısı olub. 2015-ci ildə "Gecənin mistikası" əsəri İtaliyanın prestijli "Sandro Bottiçelli" mükafatının sahibi olub.

Ötən ay isə Əfəndinin “Mirriad” və “İmpressiya” əsərləri YUNESKO-nun incisi olan Mafra Sarayında sərgiləndi. “Beynəlxalq Surrealizm Now” adlanan bu sərgi Avropanın Bissaya Barretto fondunun təşəbbūsū və dəstəyi ilə Portuqaliyanın məşhur rəssamı Santiaqo Ribeironun kuratorluğu sayəsində yaradılıb.

“Mənə elə gəlir ki, Azərbaycan rəssamları dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq öz ölkələrini təmsil etməlidirlər. Yəni az da olsa öz ölkələrinin təmsilçisi olmalıdırlar. Bu, missiyadır.

Dəfələrlə mənə xarici ölkələrdə qalmaq, orda qaleriya açmaq təklif olunub. Amma heç vaxt razılaşmamışam. Vətənimi çox sevirəm. Azərbaycan yaradıcılıq üçün mükəmməl yerdir. Yəni təbiəti, enerjisi, insanları...

Hər bir sahədə inteqrasiya vacibdir. Bununla yanaşı biz özümüzü, kökümüzü unutmamalıyıq.

Ərazi baxımından kiçik olsaq da tarixi və mədəni irsimiz çox varlıdır. Öz torpağımızı sevməliyik. Və unutmamalıyıq ki, incəsənət xadimlərimiz bizi dünyada çox gözəl, layiqincə təmsil edə bilirlər. Sadəcə Azərbaycanın dünyada tanıtımı mütamadi aparılmalıdır. Necə sülhsevər xalq olduğumuzu hər kəsə çatdırmalıyıq”.

Mehriban xanım söhbət edə-edə fotoqraf Elnur Muxtarla məni çaya qonaq edir.

- Bu otağın çayı, musiqisi və şamları əskik olmaz.

- Elədir, rəsm çəkəndə musiqi və şam mütləq olmalıdır.

- Hər tərəf də al-əlvan...

- Divarların rəngini deyirsiniz?

- Onu da, içindəkiləri də...

- Divarların rəngini dəyişməmişəm. Otaq mənə veriləndə necə idisə, indi də elədir...Çəhrayı meditasiyanın rəngidir. Meditasiya isə insanın içinə dönməyi, özü ilə baş-başa qalmağıdır.

- Mehriban xanım, dünyada nə qədər rəssam var. Hətta bəzən elə olur ki, yaxşı təqlid etməyi bacaranların belə əsərləri sevilir. Üstəlik, sosial şəbəkələr vasitəsilə hər kəs yaratdığını reklam edə bilir. Bu cür qarışıq bir dövranda uzun müddət necə yadda qalmaq, necə seçilmək olar?

- Doğurdan da seçilmək çox çətindir. Məni özünəməxsus rənglərimlə fərqləndirirlər. Rəssam kimi xoşbəxtəm ki, öz stilim var. Bu stilimə görə də sürrealistlər arasında seçilirəm. Bissaya Barretto Fondu məni Salvador Dalidan sonra yaşayıb, yaradan peşəkar, müasir, sürrealist rəssamdan biri kimi qeyd edib. Onlar iki il tədqiqat apardılar və 2010-cu ildə məni dünyanın 56 professional sürrealist rəssamı siyahısına daxil etdilər.

Həqiqətən bəzi adamlar əsərlərini elə böyük cümlələr quraraq təqdim edir ki, sadəcə heyrətlənirsən. Bəlkə də çox insanları aldada bilərsən, amma peşəkarları əsla...

Rəssamlara tövsiyəm öz yollarını tapmalarıdır. Kiməsə oxşatmaq, kiminsə eynisini yaratmaq, bu, yol deyil. Sənətdəki ilk illərimdə məşhur rəssamların işlərinə baxmırdım. Çünki bu insanda böyük təsir buraxır. İnsanın isə təqlid etmək qabiliyyəti çox güclüdür. Bu, bilmədən baş verir. İnsan kənardakının işindən, yaradıcılığından nə qədər əxz etməyə başlayırsa özünün bacarığının qarşısını alır.

Klassik rəssamlıq məktəbini mütləq keçmək, onu yaxşı öyrənmək lazımdır. Yalnız klassik formatı biləndən sonra daxilindəki enerjinin səni yönləndirdiyi istiqamətə getmək olar. O müddət ərzində daxildəki səsə sus deməyi bacarmalısan. Müxtəlif məktəbləri öyrənə bilərsən, amma özünəməxsus olmalısan.

- Səhv etmirəmsə, Azərbaycanda bir dəfə fərdi sərginiz olub. Əsərlərinizi harda nümayiş etdirirsiniz, görmək istəyənlər hara müraciət etməlidirlər?

- Sərgi təşkil etmək sarıdan tənbələm. Bunu üzülərək etiraf edirəm. Amma əsərlərim Mədəniyyət Nazirliyinin qaleriyasında vaxtaşırı nümayiş olunur.

- Bir müşahidəmi bölüşmək istəyirəm. Pandemiya, fikrimcə, ən birinci mədəniyyət sahəsinə ziyan vurdu. Həm maddi, həm mənəvi, amma qəribəsi odur ki, çox insanları da mədəniyyətə qazandırdı, yaxud sevgisini artırdı. Siz necə düşünürsünüz?

- Tamamilə razıyam. İllərlə başqa sahədə çalışan insanlar rəssamlığa meyl etdilər. Onlar kurslara yazılıb, rəsm çəkməyə, özlərini ifadə etməyə başladılar. Hazırda mən də Belkanto İncəsənət Mərkəzi ilə əməkdaşlıq edirəm və oradakı master-klaslarımda insanların bu marağını hiss edirəm. Sanki insanlar pandemiya zamanı hiss etdilər ki, özlərini hansısa formada ifadə etməyə ehtiyacları var. Və bunun da ən gözəl yolu incəsənətdir.

Yaradıcılıq əsəb sistemini çox gözəl sakitləşdirir. Özünü tapmaq, özünlə vaxt keçirmək və özünü ifadə etmək hər kəsə lazımdır. Bununla insan ruhən sakitləşir, dincəlir, rahatlıq tapır.

- İndiki durumda bir rəssam kimi ən çox nədə çətinlik çəkirsiniz?

- Rəssamların çətinlikləri az deyil. Bu, yaradıcı prosesdir, ona görə rəssam işini elə qurmalıdır ki, həm onunla dolanmalı, həm də yaratmalıdır. Dünyada krizis olanda bu, incəsənətə də təsir edir. Rəssamlıq daim dəstəyə ehtiyacı olan sahədir. Biznesmenlərimizə güzəştlər olsa onlar da incəsənət sahəsinə maliyyə ayırarlar.

Foto: Elnur Muxtar


Müəllif: Nərmin Muradova