24 Noyabr 2015 14:30
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış yazıçı Saday Budaqlının “Yaxşı oğlan” hekayəsini təqdim edir:

Onu üzünə tərifləyəndə, hə­mi­şə özü-özündən xofla­nırdı, içində bir etiraz qay­nayırdı, elə bilirdi onu dolayırlar, başını aldadırlar, istəyirdi qarşısındakını sancsın, necəsə incitsin, xətrinə dəysin. Bu hiss ona hələ məktəbdə oxuyandan tanışdı. Oğlanlar vardı, işləri-gücləri qızlara sataşmaq idi. Gündə birinə eşqnamə oxuyurdular, küçədə eşitdik­ləri şit-şit söhbətləri onlara danışmaq­dan ləzzət alırdılar. Belələrinə qızlar, “həyasızdı”, deyirdilər, “pis oğlandı”, deyirdilər. O isə qızların gözündə yaxşı oğlandı, tərbiyəli, qanacaqlı idı. Ancaq elə oğlanlarla qızlarınki tuturdu, elələriylə darıxmırdılar, “həyasızdı” deyə-deyə yenə gedib çənələrinin dibini kəsdi­rirdilər, üçü bir yerə yığışanda da söhbətləri onlardan olurdu. Belə görən­də, heç kimin yadına düşmə­yəndə, hərdən-hərdən onun da ürəyindən pis oğlan olmaq keçirdi.

O vaxtdan xeyli sular axmışdı. Artıq ailəsi, uşağı var idi, saçını ordan-burdan ağartmışdı, müvəqqəti saya-saya iki ildi nəşriyyatda korrektor işləyirdi və çoxu qız-gəlin çalışan, müvəqqəti saya-saya isnişdiyi bu korrektura şöbəsində də, görünür, onun xətrini istəyirdilər, yaxşı oğlan bilirdilər, elə yaxşı oğlan idi ki, hətta ürəyinin ən məhrəm sözünü də ona deyən tapılırdı.

Otaqda altı nəfərdilər. İki-iki otu­rurdular, biri hündürdən əlyazmanı oxuyurdu, o biri korrekturanı yoxlayırdı. Ona görə bu balaca otaq həmişə səsli-küylü olurdu, ancaq səs-küydən çox onu beş qadının içində oturmaq bezdirirdi. Elə bil iynə üstündədi; nə dedi, necə oturdu, nə geyinib, kimə baxdı, necə baxdı – gərək hər hərəkətini, hər sözünü ölçüb-biçəydi, baxışlarını özbaşına buraxmayaydı ki, gedib camaatın ora-burasında xumarlana. Onun qaraltısı da qadınları çox əl-ayaq açmağa qoymurdu, hərdən gözləri onda ola-ola pıç-pıça keçəndə qanırdı ki, otaqda artıq adamdı. Ancaq pıç-pıça qədər danışılanlar bəs eləyirdi, otaqdan çıxmaya-çıxmaya nəşriyyatın dəhliz­lə­rində dolaşan iş yoldaşlarının künc-bu­caq­da, ya nəşriyyatdan xeyli uzaqlarda nə hoqqadan çıxdıqlarından xəbərdar olsun. Yaxşı ki, otağın eyvanı var idi, sərbəst olmaq istəyəndə, siqaret çəkmək bəhanəsiylə bu eyvana çıxırdı, küçədən keçənlərə baxa-baxa gündəlik qayğılardan, müvəqqəti də olsa uzaqlaşıb, özünü baş tutan, baş tutmayan arzularının axarına buraxırdı.

Nərgizi ilk dəfə görəndə, ağlına gəlməzdi ki, həyatında nəsə dəyişəcək, onu bezdirən bu səsli-küylü otaq üçün darıxacaq. Qonurgözlü, sısqa, uzun­bo­ğaz, nəzər-diqqəti cəlb eləməyən cavanca bir qızdı. Otaqdakılara yo­vuş­murdu, çox vaxt orda-burda büzüşüb, qarnı ilə əlləşirdi. Bəlkə elə uzaqdan hiss olunan tənhalığı, fikirli gəzməyi onu çəkdi, ya da hər şey bir yerdə korrektura oxumaqdan başladı. İstər-istəməz hər gün hal-əhval tuturdular, işarası, ya eyvanda da­ya­nanda kəlmə kəsirdilər, nəsə so­ru­şurdular, nə iləsə maraqlanırdılar, ona görə hər gün istər-istəməz bir-birinin haqqında təzə bir şey öyrənirdilər. Əvvəl-əvvəl onun öyrəndiyi üzdə olanlardı; bilirdi, Nərgiz üç ildi Bakıdadı, kiçik qardaşı ilə, telefonuna görə dözdüyü xəfə bir otaqda kirayədə qalır, universitetdə axşam oxuyur, hərdən verilişlər yazdığı radioya da qaçdığından, evə çatanda xurt düşür, daha onun gəzməyi, kinosu, teatrı – paltar yumaq, yemək bişirmək, ən yaxşı vaxtlarda da kitab, jurnal olur. Sonra yağış yağırdı. Sonra soyuqlar düşürdü, payız yarpaq-yarpaq ölürdü. Kiminsə işi çətinliyə düşürdü – o da bilirdi ki, Nərgiz özgə dərdinə biganə deyil, xeyirxahlıq görəndə kövrəlir, yaxşılıq eləyəndə utanır; bilirdi ki, Nərgiz yol getməyi, yağışa baxmağı, yol gedə-gedə fikirləşməyi xoşlayır; bilirdi ki, az qala, hər gün yuxular görür, intəhası, nə qədər çalışsa da, gördüyü yuxunu səhərlər yadına sala bilmir. Elə bil əlinə təzə kitab keçmişdi. Macal tapan kimi istəyirdi götürüb oxusun, qəhrəmanın taleyindən xəbər tutsun, haqqında daha nələrsə öyrənsin və daha çox şey öyrəndikcə, maraq onu çəkib aparırdı, özü də unamadan hadisələrin iştirakçısına çevrilirdi, onunla bir yerdə sevinirdi, ağlayırdı, əzab çəkirdi. Günlərin bir günü isə gördü ki, Nərgiz onun üçün yad adam deyil, Nərgizin həyatını, yaşayışını gözüyumulu təsəvvür eləyə bilir, hətta yada sala bilmədiyi yuxularından da xəbəri var; onu da hiss elədi ki, irili-xırdalı qayğıların içində Nərgiz möhkəmcə darıxır, özünə yer tapa bilmir, nəsə istəyir, nəsə axtarır və nəsə axtara-axtara, nəsə gözləyə-gözləyə bədbinləşir, ümidsizləşir, həyatından bezikir. Bu hal ona tanış idi, bir vaxt o da nə üçün doğulduğu, yaşadığı barədə, həyat, ölüm, xoşbəxtlik barədə baş sındırmışdı, hamıda təmizlik axtarmışdı, tərsəməssəb suallarla özünü çox üzmüşdü. Onu da bilirdi ki, bu hal müvəqqətidi, ötəridi, qızılca kimi bu “xəstəliyi” hansı yaşdasa keçirirsən, oddan, sudan adlayıb dünya ilə barışırsan, gec-tez hər şeyi olduğu kimi qəbul eləyirsən. Elə bunları Nərgizə deyirdi, istəyirdi ona kömək eləsin, təsəlli versin, ümidsizliyin, düşkünlüyün ötəri olduğuna inandırsın. Bir ətrafına bax, deyirdi, hamı sənin kimidi, hərənin öz dərdi-səri var, öz qayğıları var. Heç kim qeyri-adi həyat sürmür, kimsə vur-tut o birindən bekara yaxşı dolanır. Evindəki mebel o birisininkindən bir az qəşəngdi. Gəzmək, görmək, dincəlmək imkanı bir az çoxdu; əgər sən bunları xoşbəxtlik sayırsansa, qibtə eləməyə dəyməz, çünki bunları hamı qazana bilər, bu hamının öz əlindədi. Danışa-danışa da bir laqeydlik duyurdu. Hiss eləyirdi ki, sözləri ürəkdən gəlmir, içini qımıldatmır. Gözündə hamı cılızlaşırdı, mənasızlaşırdı, böyür-başında gördüyü elə bil ölü adamlardı, öz arzularını, istəklərini öldürmüş adamlar; kövrəlirdi, gözləri dolurdu, çünki o da bu adam­lardan biriydi, arzularının heç mində birinə də çatmamışdı, heç vaxt istədiyi kimi yaşaya bilməmişdi, özünü ağrıt­mamaq üçün bacardığı arzu­la­mamaq, arzusuz yaşamaq olmuşdu. Sən indi elə yaşdasan ki, deyirdi, hamını yaxşı görmək istəyirsən. Pisliyin üstündən keçə bilmirsən, yaxşı saydığın adamda pis bir şey tapan kimi bədbinləşirsən, ondan da, özündən də, dünyadan da zəhlən gedir, amma vaxt gələcək, pisdə yaxşı axtaracaqsan, o yaxşını tapanda sevinəcəksən, o adamı başa düşə biləcəksən. Nərgiz ona dinməzcə qulaq asırdı, onu eşidib-eşitmədiyini, onun keçirdiyi hissləri keçirib-keçirmədiyini necəsə sezdirmirdi, ona görə boş yerə danışdığını fikirləşib, bəzən həvəsdən düşürdü, yarı yolda söhbəti dəyişirdi, hərdən də zarafata salıb, məhəbbətdən söz açırdı, bədbinliyinin heç kimi sevmədiyindən olduğunu deyirdi. Nərgiz bircə bu vaxt bir az canlanırdı, başını yırğalayırdı ki, heç bu haqda danışmağa dəyməz, o heç kimi sevməyib, sevmir, sevməyəcək də. Belə sözlərə inanmırdı, ancaq onu sorğu-sualla qısnamırdı da, indi bu cür danışırsan, deyirdi, hələ nə yaşın var, hələ nə görübsən, bir də gözünü açacaqsan ki, bir ağ atlı oğlan peyda olub, həyatını alt-üst eləyib, ürəyini ovlayıb, onda dünya da gö­zəlləşəcək, həyatın da; onda bu gün fikirləşdiklərini yadına salıb, özünə güləcəksən.

İmkan tapdıqca altdan-altdan ona göz qoyurdum, onun zərif boynuna, boynundakı qara xalına, dolu nəmli dodaqlarına baxırdım, fikirləşirdim, görən, o mənim haqqımda nə düşünür, ya heç nə düşünmür, qanıqara olanda, darıxanda məni gözünün qabağına gətirirmi. Deyirdim, görəsən, hiss eləyirmi ki, zəhləm getdiyi işə tələsməyim, bu balaca, səsli-küylü otağa can atmağım, axır vaxtlar geyimimə, görkəmimə vasvasılıqla fikir verməyim ondan ötrüdü; ondan ötrü mən daha nəzakətli, daha səbirli, daha diqqətli olmuşam. Hərdən ağzından bilə-bilməzə elə söz qaçırırdı ki, nələrəsə inanmaq istəyirdim; bir də görürdün, guya filan qızla söhbət elədiyimə görə məni qısqanırdı, ya inciyirdi ki, o, işə gəl­məyəndə niyə zəng çalmamışam, niyə narahat olmamışam. Bunlar yəqin adi sözlərdi, bəlkə belə sözləri yenə kimlərəsə deyirdi, ancaq mən özümlə bacarmırdım, uşaq kimi and-aman eləyirdim, özümü təmizə çıxarmağa çalışırdım və o gün bir yerdə bənd ala bilmirdim, həmin sözün başına fırlanırdım, sözdən söz çəkə-çəkə uzaqlara gedirdim, görüşümüzü, ürəyimizi bir-birimizə açacağımız anı təsəvvürümdə düzüb-qoşurdum. Həmişə də ürəyini birinci o açırdı, ya elə şərait yaradırdı ki, mənə olan sevgisinə, azacıq da olsun, şübhəm qalmırdı; evli olmağım dilimi bağlayırdı. Başına fırlandığım o adi sözlərə uyub qabağa düşməklə aramızda olan pis-yaxşı mehribançılığı da itirəcəyimdən qorxurdum. İşə gəlmədiyim günün əvəzini çıxmaq üçün bəzi axşamlar qalıb, korrekturanı tək oxuyurdum. Həmin vaxtlar fikrimdə düzüb qoşduğum ana lap yaxın olurdum. Deyirdim, əgər mənim zəng eləməməyimdən inciyirsə, başa düşər ki, mən də onun zəng eləməməyindən, məni yadına salmadığından inciyə bilərəm. Hələ ağlıma lap dəli fikirlər gəlirdi, gözümün telefonda qaldığı bir yana, qulağım ayaq səsi arayırdı; hər şıqqıltıya diksinirdim, həyəcandan yerimdə otura bilmirdim. Ancaq özüm də bilirdim ki, əvvəlcə telefon zəngi olmalıdı. Heç nəyə dəxli olmayan bir söz, bir pıçıltı, “neynirsən”, “kefin necədi”, “o boyda binada tək qorxmursan ki” – mən hər şeyi onun səsindən hiss eləyəcəkdim, heç olmasa, inanacaqdım ki, mən yadındayam, onun üçün dünyada mən adlı bir adam var. Bax, ondan sonra gəlişi mənim üçün möcüzə olmayacaqdı, hər şıqqıltıya diksindiyim üçün ürəyimdə sonra özümə gülməyəcəkdim, onu görüş vermiş adam arxayınçılığı ilə gözləyəcəkdim; mən səbrimdən ası­lacaq­dım, qapıyla pəncərənin arasında qalacaqdım, bilməyəcəkdim o içəri girəndə necə oturum: oturummu, başımı əllərimin arasınamı alım, pəncərədənmi baxım; bir də onu görəndə ilk-əvvəl nə deyəcəyimi kəsdirə bilməyəcəkdim, onun qara gözləri, baxışı, özü nəsə başqa cür olacaqdı, heç mən də özümə oxşamayacaqdım, onu görəndə deyə­cəyim söz də, bu vaxta qədər dediyim sözlərə oxşamayacaqdı: onda Allah bilir, bəlkə heç sözə ehtiyac da qalma­yacaqdı.

Bir dəfə Nərgiz gözünə çox həyə­canlı dəydi. Ətrafındakıları görmürdü, eşitmirdi, fikri hardasa uzaqda idi. Yavaşca soruşdu, bəlkə evdə-eşikdə nəsə olub, kimsə xətrinə toxunub. Soruşa-soruşa da başa düşürdü ki, heç kim xətrinə toxunmayıb, heç bir bədbəxt hadisə olmayıb, nə olursa, indi olur, öz aləmində olur, çaşqınlıqdan çıxıb nəyisə birdəfəlik qət eləməyə çalışır. Nərgizin narahat aləmində o adlı adam yox idi – o bunu qısqanclıqla, ağrı ilə hiss elədi, elə bil onu aldadıb atmışdılar, ona qarşı haqsızlıq elə­mişdilər. Ona görə ürəyi durmurdu, özünü necəsə yada salmaq, heç ol­masa, dindirib danışdırmaqla, fikrin­dəkiləri bilməklə, doğma adam kimi təsəlli tapmaq istəyirdi. Eyvanda ikilikdə qalanda bir də bu söhbətə qayıtdı, gö­rürəm axı nəsə olub, dedi, niyə məndən gizlədirsən, bəlkə sənə köməyim dəydi, bir məsləhət verdim, yoxsa mənə inanmırsan?! “Mən sənə inanıram, hamıdan çox inanıram”, – bu sözləri pıçıldayanda da hələ dalğındı, elə bil nə elədiyini hələ də kəsdirə bilmirdi, o uzaqlıqdan geri qayıda bilmırdı. Daha şübhəsi qalmadı ki, nə isə baş verib. Bu saat qeyri-adi bir söz eşidəcək və artıq tərəddüdlə: inanırsansa, danış, dedi. “Mən hiss eləyirəm ki, istəyə bilərəm”, – Nərgizin üz-gözündə hə­yəcanla utancaqlıq bir-birinə qarışmışdı. Yox, o bunu gözləmirdi, unamışdı, qeyri-adi bir şey eşidəcək, ancaq bunu gözləmirdi. Çalışdı zarafata salsın. Bu söhbətin ciddiliyinə inanmadığını nə təhərsə göstərsin: “Necə yəni, istəyə bilərəm, yoxsa sifarişlədi?!” “Bilmirəm, yəqin istəyirəm, – bir az duruxub, – hə, – dedi, – istəyirəm”. Demək, bayaq heç kimi eşitməyəndə, gözü heç kimi görməyəndə, elə bunun üstündə baş sındırırmış, axır ki, qət elədi, şübhədən çıxdı, son sözünü dedi. Bəs o nağıllar harda qaldı: sevmirəm, sevməmişəm, heç vaxt da sevməyəcəm. “O da səni istəyirmi,” – bu sualı verən adam, doğ­rudan da, artıq hər şeydən əlini üzmüşdü, ona, doğrudan da, məsləhət vermək, onu səhv eləməkdən qorumaq istəyirdi. “Deyəsən, istəyir, intəhası, o evlidi”. Elə “deyəsən”, “evlidi” kəlmə­lərinə görə onu səhv eləməkdən qorumaq istəyən adam hirslənməliydi, qarşısındakını danlamalıydı, amma bir az əvvəlki adam qəfil peyda olduğu kimi, qəfil də yoxa çıxmışdı. “Evlidi, demək, evlidi”, – zorla mızıldandı. Daha heç nə düşünə bilmirdi. Özünə gəlib toxtamaq üçün istədi nəsə eləsin; harasa çıxsın, gəzinsin, ya siqaret yandırsın, di gəl əl-ayağının əsməcəsilə bacarmırdı. “Mən axmağam, hə, gicəm?!” – Nərgiz düz onun gözlərinin içinə baxırdı. Elə bil nə hiss keçirdiyini, nə fikirləşdiyini tutmağa çalışırdı. Gözlərini yayındırdı, ancaq bilmirdi baxışlarını harda gizlətsin, əllərini axtara-axtara, səsi titrəyə-titrəyə: “Niyə ki, olur, – dedi, – hər şey olur”. Nərgizin səsində məzəmmət sezdi: “Elə bilirdim, acığın tutacaq, məni danlayacaqsan, abrımı tökəcəksən”. Gərək ehtiyatlı olaydı, içini dolduran sevinci tez-tələsik büruzə verməyəydi. O bu anı çox gözləmişdi, yuxularında, işdən sonra qaldığı boş otaqda vurnuxa-vurnuxa bu anı, bir-birlərini başa düşəcəkləri anı çox yaşamışdı. İndi hər şey fikirləşdiyi kimiydi, özü dilə gəlmişdi, birinci özü ürəyini açmışdı. Nərgiz hələ də gözlərini ondan çəkməmişdi; utancaqlıqla, narahatlıqla azca qıyılmış qonur gözlər onun nə deyəcəyini gözləyirdi. Yenə özünü saxladı, şübhədən biryolluq qurtulmaq üçün cavabında nə eşidəcəyini bilə-bilə, bayaqdan beynində fırlatdığı sözü axır ki, dilinə gətirdi: “O kimdi, mən onu tanıyırammı?”

Özümə heç belə yazığım gəlmə­mişdi, elə bil hamının qabağında döy­müşdülər məni, yaxşıca əzişdir­mişdilər, alçaltmışdılar, gözümün içinə demişdilər ki, mən heç nəyəm, heç nəyə dəy­mə­rəm. Başqa ad eşidəndə, tezcə üzümü əllərimlə qapadım ki, necə pörtdüyümü, gözlərimin yaşsız-filansız ağladığını görməsin. İntəhası, ola bilməzdi, da­nı­şığımdan, sir-sifətimdən haldan-hala düşdüyümü, ürəyimdən nələr keçdiyini duymamış olsun. Yəqin indi onun da mənə yazığı gəlirdi, bəlkə, üstəlik, acığı da tuturdu, fikirləşirdi ki, yaxşılıqdan, xeyirxahlıqdan, adamlıqd­an dəm vu­rur­du, demə, hamısı hoqqaymış, ağlın­dakı tamam başqa şeymiş. Ancaq bunda pis nə var idi ki! İstəyirdim o məni sevsin, lap Nərgiz olmasın, kimsə məni sevsin, dünyadan, özümdən, adilikdən bezəndə, darıxan­da sığın­ma­ğa, üz tutmağa bir yerim olsun, yadıma salım ki, kimsə bu saat məni arzulayır, məni görmək istəyir, bu saat hardasa, kimsə məni düşünür, dünyada mən ona hamıdan əzizəm, doğmayam. Axı bunda pis nə var idi ki.

Sonra avtobus basabasında fikir­ləşdi ki, daha hər şey qurtardı, daha telefon zəngi onu diksindir­mə­yəcək, səhərlərdən heç nə ummayacaq, axşamlar şöbədə tək-tənha qalmaq cəhənnəm əzabına dönəcək. Sonra onu da fikirləşdi ki, görən, öz adını eşitsəydi, həmin an nə deyəcəkdi, nə eləyəcəkdi. Yəqin xoşbəxtlik deyilən şeyi hiss eləyəcəkdi, indiyə kimi nələr keçirdiyini, onu necə gözlədiyini, ondan ötrü necə darıxdığını deyəcəkdi. Bəlkə də xoşbəxt-xoşbəxt susacaqdı, istədiyini almış adam rahatlığı ilə özünü qu­ru­dacaqdı; guya bu onun üçün gözlə­nil­məzdi, bunu heç ağlına da gətirmirmiş, yəqin hələ ona ağıl da verəcəkdi, deyəcəkdi, gəl gözləyək, hər şeyi beləcə də saxlayaq, elə bilək aramızda bu söhbət olmayıb, sən də öz ürəyinə qulaq as, yaxşı-yaxşı düşün, bəlkə ötəri bir hissdi, keçib-gedəcək, unudulacaq. Bəs sonra? Sonrasını beləcə düzüb-qoşa bilərdi, yəqin hələ çox düzüb-qoşacaqdı da. Ancaq bir şeyi yaxşı başa düşürdü ki, bunların hamısı yalan olacaqdı və heç biri ürəyinə toxtaqlıq gətirməyəcəkdi.


Müəllif: