Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur ingilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş tədbir keçirilib.
Teleqraf.com-un xəbərinə görə dünya şöhrətli dramaturqun “Romeo və Culyetta” tamaşasının nümayişindən əvvəl həyata keçirilmiş tədbirdə Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, British Council Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uayt çıxış ediblər.
Mübariz Həmidov çıxışında Azərbaycan teatrının inkişafında U.Şekspir yaradıcılığının müstəsna rolunu diqqətə çatdıraraq teatrlarımızda dramaturqun böyük müvəffəqiyyətlə səhnələşdirilmiş əsərlərindən danışıb. Direktorun sözlərinə görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş Uilyam Şekspir yaradıcılığının ən gözəl nümunələrindən olan, iki aşiqin nakam sevgi hekayəsini əks etdirən “Romeo və Culyetta” əsəri böyük uğurla nümayiş etdirilərək tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. E.Uayt çıxış edərək U.Şekspirin həm faciə, həm də komediya janrlarındakı əsərlərinin dünya şöhrəti əldə edərək dünyanın bir çox dillərinə tərcümə olunub səhnələşdirildiyini qeyd edib. Onun sözlərinə görə, dramaturqun qələmə aldığı əsərlərdəki parlaq insan obrazı əvvəlki dövrlərlə müqayisədə daha uğurlu və rəngarəngdir.
Tədbirdən sonra dramaturqun Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Romeo və Culyetta” tamaşası nümayiş etdirilib. Tamaşada Azərbaycan Dillər Universitetinin müəllim və tələbə kollektivi, teatrsevərlər klubunun üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nərmin