Dünyanın diqqəti iyunun 23-də İngiltərənin Avropa Birliyində (AB) qalıb-qalmasını müəyyənləşdirəcək ümumxalq səsverməsinə - referenduma dikilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İngiltərənin AB-də qalmasına tərəfdar olan Leyboristlər Partiyasının deputatı Co Koks-un öldürülməsindən sonra "qalmaq istəyənlər"in sayında artım müşahidə olunur.
İctimai rəyin öyrənilməsi ilə məşğul olan ORB təşkilatının son anket sorğuları İngiltərənin AB-də qalmasını istəyənlərin 53 faiz, çıxmaq tərəfdarlarının isə 46 faiz olduğunu göstərib. Bu sorğular AB tərəfdarlarının 5 bənd yüksəldiyini, əleyhdarlarının isə 3 bənd düşdüyünü üzə çıxarıb.
İngiltərə Mühafizəkarlar Partiyasının təmsilçisi Lyton Krosbun "Röyters"ə bildirdiyinə görə, ORB-nin anketi məsələnin son məqamda həll olunacağını göstərir: "Ancaq AB-dən çıxmaq kampaniyası təşkilatdan çıxışın riks olduğu fikrini aşılaya bilmədi".
Başqa bir sorğu təşkilatı olan "NatCen"-in anketində AB tərəfdarları 53 faiz, əleyhdarları 47 faiz, The Times-ın internet saytında yerləşdirimiş sorğuya görə isə AB-dən çıxmaq istəyənlər 44, qalmaq istəyənlər 42 faizdir.
İngiltərə baş naziri Devid Kameron kimi İngiltərənin AB-də qalmasına tərəfdar olanlar iqtisadi amili önə çəkirlər. AB-ni tərk eləməyi arzulayanlar isə bu qurumun verdiyi imkanlar daxilində ölkəyə miqrant sayının artımını mənfi hal kimi dəyərləndirirlər.
İngiltərə 1973-cü ildən Avropa Birliyinin üzvüdür. İyunun 23-nə təyin olunmuş refendumun həm Avropanın, həm də İngiltərənin siyasi-istisadi taleyində mühüm rol oynayacaq.
Mahir