Türkiyə parlamentində hərbçilərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı hakim partiya (AKP) üzvləri ilə kürdləri dəstəkləyən partiyanın (HDP) deputatları arasında əlbəyaxa dava olub.
HDP-dən olan deputat Kadri Yıldırım bildirib ki, türk əsgərlər kürd bölgələrdə əməliyyat apararkən hədlərini aşırlar: "Kürdlərin evlərinə girib divarlara "qızlar, gəldik evdə yoxsuz" yazıblar. Hamımızın ailəsi, xanımı, qız və gəlinləri var. Türk əsgərlər sanki bizim kəndləri fəth ediblərmiş kimi özlərini aparırlar. Bu, qardaşlığa sığmır. Kürdlərin üç dəyəri qorunmalıdır. Dini, milliyyəti və insaniyyəti. Kürdlərdə islamiyyət və milliyyət ayrılmaz ünsürlərdir".
AKP-dən olan deputat Bülent Turan isə qeyd edib ki, Kadri Yıldırım deputata və parlamentə yaraşmayan ifadələr işlədir: "Əgər elə bir şey olsaydı, aidiyyəti qurumlar bunun qarşısını alardılar. Xanım deputatların yanında bu cür ifadələr işlətmək əxlaqsızlıqdır".
Bundan sonra HDP-nin Tuncelidən olan deputatı Alican Ünlü AKP-çilərin üzərinə, AKP-nin Trabzon millət vəkli Salih Cora isə HDP-çilərin üzərinə hücum çəkib. Digər deputatlar həmkarlarını ayırmağa çalışıblar.
Ayxan