Bazar günü İstanbulun Yenikapı meydanında keçiriləcək ümumxalq mitinqi üçün planlaşdırılan sürpriz haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ötən gecə demokratiyanı dəstəkləyən vətəndaşlar qarşısındakı çıxışında Ərdoğan Yenikapı mitinqinin 80 vilayətdə qurulmuş ekranlarla nümayiş etdiriləcəyini deyib.
Türkiyə prezidenti Fətullah Gülənin məskunlaşdığı ABŞ-a məxsus Pensilvaniya ştatında da nəhəng ekran quraşdırılcağını bildirib.
Rəcəb Tayyib Ərdoğan Yenikapı mitinqini millətin bir araya gəlmə aksiyası kimi dəyərləndirib: "Millətcə bir arada olacağıq. Eyni zamanda digər 80 vilayətdə də nəhəng ekranlardan bu birliyi izləyəcəklər. 81 vilayət eyni vaxtda birlik nümayiş etdirəcəyik. Tək millət, tək bayraq, tək vətən, tək dövlət deyəcəyik. Bir yerdə daha bir ekran quracağıq. Bilirsinizmi harada? Pensilvaniyada. Oradan da gərəkli yerə mesajımız çatacaq".
Avqustun 7-də İstanbulda "Demokratiya və şəhidlər" adlı mitinq keçiriləcək. Mitinqə CHP və MHP liderlərinin də qatılacağı gözlənilir.
Mahir