Fransanın ətraf mühit naziri xanım Seqolen Royal başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Urmiyə şəhərinə səfər etdikdən sonra avqustun 29-da havadan Urmu gölünə baxış keçirib.
Fransa naziri avqustun 29-da 30 dəqiqəlik baxışdan sonra Urmu gölü ilə bağlı 14 jurnalistin qatılımı ilə mətbuat konfransı da keçirib, lakin nazirin Urmu gölü böhranı ilə bağlı açıqlamaları bu saata qədər kütləvi informasiya vasitələrində yayılmayıb.
İran mətbuatının yaydığı məlumata görə, Seqolen Royal Urmu gölünə baxış keçirdikdən öncə Qərbi Azərbaycan valisi ilə Urmu Gölü ətrafında fikir mübadiləsi aparıb.
İrana rəsmi səfərinin ikinci günü Urmiyədə Qərbi Azərbaycan valisi Qurbanəli Səadət ilə görüşən Fransanın ətraf mühit naziri Seqolen Royal ölkəsinin Urmu Gölünü canlandırma istiqamətində əməkdaşlığa hazır olduğunu ifadə edib. Fransa naziri İran ətraf mühit təşkilatının sədri ilə imzaladığı əməkdaşlıq müqaviləsinə işarə edərək Urmu Gölü mövzusunun da həmin müqavilə çərçivəsində gündəmə gələ biləcəyini bildirib.
Seqolen Royal həmçinin hazırda Urmiyə Gölü ətrafında yerləşən əkin yerlərində istifadə edilən suvarma metodlarının gölə zərər verdiyinə diqqət çəkib. O, qədim suvarma metodları üzündən suyun 80 faizinin tükəndiyini bildirib.
Urmu Gölünü havadan ziyarət edən nazir fransız ekspertlərin yay fəslinin ikinci yarısında da bölgəyə səfər edəcəyini bildirib.
Qərbi Azərbaycan valisi Urmu Gölü ətrafında cərəyan edən ekoloji fəlakətin böyüklüyünə diqqət çəkərək gölü canlandırmaq istiqamətində beynəlxalq qurumlara daha çox ehtiyac olduğunu vurğulayıb.