Avqustun 30-da Qaqauz Muxtar Yerinin paytaxtı Komrat şəhərində görkəmli siyasətçi, Türkiyə Cümhuriyyətinin birinci prezidenti Mustafa Kamal Atatürkün büstünün təntənəli açılış mərasimi keçirilib.
Atatürkün büstü Komrat şəhərinin mərkəzində Türkiyə kitabxanasının ərazisində qoyulub. Tədbirin əvvəlində Moldovanın, Türkiyənin və Qaqauz Yerinin himnləri səslənib. Sonra müasir Türkiyə dövlətinin banisinin xatirəsi bir dəqiqə sükutla yad edilib.
Türkiyənin Moldovadakı səfiri Məhmət Səlim Qartal deyib: “Bu insan 1919-cu ildə ölkəmizi birləşdirib, çoxsaylı islahatlar keçirib, bizim dövlətçiliyimizi yaradıb. Qaqauz xalqına təşəkkür edirəm ki, o, Atatürkün xatirəsinin əbədiləşdirilməsində bizə kömək edir”.
Qaqauz Yeri Xalq Məclisinin sədri Dmitri Konstantinov tədbirdə çıxış edərək vurğulayıb: “Atatürk həm Türkiyənin və dünya tarixinin, həm də qaqauz xalqının inkişafına çox böyük töhfə verib, buna görə biz onun nurlu xatirəsini ehtiramla yad etməyə borcluyuq”.
Xatırladaq ki, avqustun 25-də Kişineuda, Türkiyənin Moldovadakı səfirliyinin binası qarşısında Mustafa Kamal Atatürkün büstünün açılış mərasimi keçirilib. (“Azərtac”)