“Biz Həcc mərasimindən siyasi məqsədlər üçün istifadə olunmasına imkan verməyəcəyik”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Mədinə şəhərinin yaxınlığındakı Mina sarayında Qurban Bayramı münasibətilə müsəlman ölkələrinin səfirləri qarşısında çıxış edən Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl Səud deyib.
Onun sözlərinə görə, dünya müsəlmanları kimlərinsə Həcc mərasimini siyasiləşdirməsinə icazə verməməli və dini ifratçılığın yayılmasına qarşı birləşməlidir: “Dini radikalizm islam birliyinə xələl gətirir, ona zərbə vurur. Elə buna görə də, Səudiyyə krallığı Həcc mərasimindən siyasi məqsədlər uğrunda istifadə edilməsini və bu mühüm ənənənin sekta ixtilaflarına çevrilməsini rədd edir və buna imkan verməyəcək. Dində müsəlmanların birliyinə, onların gələcəyinə, eləcə də onların dünyadakı imicinə xələl gətirən hər hansı bir ifratçılıq pislənilir. Məhz buna görə də hesab edirik ki, müsəlmanların birliyinə arxalanmaqla bu yoluxucu xəstəliyin kökünü qazmaq və onu məhv etməkdən başqa yol yoxdur”.
Qeyd edək ki, İranın dini lideri Ayətullah Əli Xamneyi dünya müsəlmanlarına müraciət edərək, Səudiyyə Ərəbistanı hökumətinə və onun rəhbərlərinə qarşı sərt bəyanatlar səsləndirib və Həcc mərasiminin keçirilməsinin beynəlxalq bir quruma tapşırılmasını tələb edib. Səudiyyə rəhbərlərini “cılız və düşüncəsiz şeytanlar” adlandıran Xamneyi, onları Amerika və sionizmə bağlı olmaqda günahlandırıb.
Samir