Kosovanın Prizren şəhərində Albaniya tərəfindən məktəblərə paylanan xəritələrdə Türkiyənin Şərqi Anadolu bölgəsinin Ermənistan, cənub-şərqi Anadolu bölgəsinin isə Kürdüstan dövləti kimi əks olunması böyük rezonans doğurub.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, Kosova Təhsil Nazirliyinin Prizren şəhərində türk dili üzrə mütəxəssisi Fərdi Kovac nazirlik tərəfindən hər il müntəzəm olaraq kitab və digər dərs vəsaitinin paylandığını deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən şagirdlərə verilən xəritələrdə hər hansı təxribat xarakterli məlumatların olması inandırıcı deyil: “Lakin bəzi xarici ölkələr və xüsusi niyyətli dərnək və təşkilatlar gizli şəkildə məktəblərə bu cür xəritələr paylayır. Diqqətli müəllimlər belə vasitələrdən imtina edir. Amma bizə gələn informasiyaya görə, bəzi müəllimlər məqsədli şəkildə bu vasitələrdən istifadə edirmiş. Prizren Təhsil İdarəsi bu məsələyə nəzarət edəcək, məktəblərin hamısında monitorinq aparılaraq xəritələri yoxlayacağıq”.
Qeyd edək ki, sözügedən şəhərdə 7 məktəb, 4 lisey var. Prizrendə yaşayan türklər xəritəyə görə Albaniyaya etiraz ediblər.
Kəmalə