ABŞ-da prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp arasında ikinci debat baş tutub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, namizədlər debatdan öncə bir-birinin əlini sıxmayıblar. Olay jurnalistlərin diqqətindən qaçmayıb. Missuri ştatının Sent-Luis şəhərində baş tutan debat qarşılıqlı ittihamlarla yadda qalıb.
"Tramp qadınları təhqir edir"
Demokratlar partiyasının namizədi Hillari Klinton rəqibini qadınları təhqir etməkdə, zərif cinsin nümayəndələrinə qarşı hörmətsizlikdə günahlandırıb. O bildirib ki, Trampın qadınlar barəsindəki fikri yanlışdır: “Tramp deyir ki, qadın prezident seçilə bilməz. Biz biri-birimizə hörmət etməliyik. Əslində, Donald Tramp ABŞ-da prezident olmağa layiq deyil. Bundan başqa, o, qadınlardan üzr istəməlidir”.
Klintonun bu çıxışından sonra Tramp qadınlardan üzr istəyib: “Mən bu sözlərimlə fəxr etmirəm. Buna görə həyat yoldaşımdan və bütün Amerika xalqından üzr istəyirəm”.
Tramp prezident seçiləcəyi təqdirdə Klintonu həbs etdirəcəyi ilə hədələyib: “O, həbsxanada olacaq. Mən çalışacam ki, Klintonun istintaqına şəxsən nəzarət edim”.
Klintonun Trampa qarşı daha bir ittihamı milyarderin müsəlmanlarla bağlı fikirləri haqda olub. O bildirib ki, Trampın bu fikirləri terrorçular üçün “hədiyyədir”: “Tramp müsəlmanları “təhlükəli şəxslər” adlandırıb. Bu terrorçular üçün “hədiyyədir”. Tramp anlamalıdır ki, biz İslamla döyüşmürük”.
Respublikaçıların namizədi prezident seçildiyi zaman müsəlmanların ABŞ-a girişinə qadağa qoyub-qoymayacağı ilə bağlı suala cavab verməyib. Bundan başqa, Tramp islamafobiyanı "biabırçılıq" adlandırıb.
Tramp prezident seçiləcəyi təqdirdə ölkədəki vergiləri azaldacağını bildirib. Ancaq Klinton Trampı yalan danışmaqda suçlayıb. O bildirib ki, Respublikaçıların namizədinin bu siyasəti ABŞ-ı faciəyə sürükləyəcək.
Klinton və Tramp arasında Suriya müzakirələri
Tramp seçkilərdə qalib gəldiyi zaman Rusiya ilə əlaqələri yaxşılaşdırmağı və İŞİD terror təşkilatına qarşı birgə mübarizə aparmağı düşündüyünü deyib: “Mən Putini tanımıram, danışıqlar prosesindən məlumatsızam. Ancaq fikirləşirəm ki, biz Rusiya ilə münasibətləri yaxşılaşdırsaq və İŞİD-ə qarşı birgə mübarizə aparsaq, mükəmməl olar”.
Respublikaçıların namizədi Suriyada Bəşər Əsədi dəstəkləmədiyini bildirib: “Mən Əsədi dəstəkləmirəm. Amma Əsəd Rusiya və İranla birgə İŞİD-ə qarşı mübarizə aparır”. O, Vaşinqton rəhbərliyini Suriyada tanımadığı şəxsləri silahlandırmaqda günahlandırıb: “Ora silahlar göndərilir. Biz bilmirik ki, bu silahları qəbul edən şəxslər kimlərdir. Bu vəziyyət Liviyadakı faciənin təkrarlanması deməkdir”.
Klinton da öz növbəsində Suriyadakı vəziyyəti dəyərləndirib: “Suriyadakı hazırki vəziyyət faciəvidir. Bu ölkənin vətəndaşları Rusiya və İran qırıcıları tərəfindən bombardman edilir. Rusiya və Suriya ordusu tərəfindən ölkədə törədilən hərbi cinayətlər araşdırılmalıdır”.
Demorkatların namizədi çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “tampon bölgə” yaradılması fikrini dəstəkləyib: “Suriyada uçuşların qadağan olunduğu təhlükəsiz bölgə yaradılmalıdır. Bu, yerli sakinlərin təhlükəsizliyi üçün də çox vacibdir”. O, ABŞ quru qoşunlarının Suriyada əməliyyatlara qoşulmayacağını bildirib: “Mən Suriyaya qoşun göndərmək niyyətində deyiləm və fikirləşirəm ki, bu çox ciddi səhv olacaq. Bu ağıllı strategiya deyil”.
Klinton İŞİD lideri Əbubəkr əl-Bağdadini məhv edəcəyinə söz verib: “Mən onu təqib edəcəm. Onu “Əl-Qaidə” liderinin aqibəti gözləyir. Prezident olsam, İŞİD-i İraq ərazisindən çıxaracam”.
Debatın nəticələri ilə bağlı sorğu
ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində namizədlərin debatları yekunlaşdıqdan sonra CNN telekanalı və ORC şirkəti sorğu təşkil ediblər. Sorğunun nəticələrinə əsasən, Klinton 57% səslə Trampı üstələyib. Tramp isə sorğu iştirakçılarının 34 faizinin səsini qazana bilib.
Samir İsayev