20 Oktyabr 2016 21:52
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 19-da Berlində “Normand dördlüyü” ölkələri – Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri arasında Minsk razılaşmasının reallaşdırılmasına dair növbəti görüş keçirilib. Bağlı qapılar arxasında keçirilən danışıqlar 5 saatdan çox davam edib. Görüşün yekununda hər hansı sənəd imzalanmayıb. Qərara alınıb ki, yaxın vaxtlarda “Normand dördlüyü” ölkələrinin XİN rəhbərlərinin görüşü keçirilsin.

Görüşü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu da Berlin görüşündə bir nəticə əldə edildiyini düşünmür. O, Teleqraf.com-a açıqlamasında deyib: “Düzdür, Ukrayna prezidenti Petro Poroşenko təklif edib ki, bu görüşlər, ümumiyyətlə Minsk razılaşmasının yerinə yetirilməsi üçün “yol xəritəsi”nə çevrilsin. Ancaq problem ondadır ki, tərəflər, yəni Rusiya və Ukrayna hər biri Minsk razılaşmasını öz bildikləri kimi interpretasiya edirlər. Kiyev üçün əsas vacib odur ki, Ukrayna ordu birlikləri, polisi Ukrayna-Rusiya sərhədinə nəzarəti ələ keçirsin. Çünki Minsk razılaşmasında belə bir bənd var. Rusiya tərəfi isə iddia edir ki, Minsk razılaşmasına görə birinci Ukrayna Donetsk və Luqanskda seçkilərin keçirilməsinə şərait yaratmalı, ölkənin idarəetmə quruluşuna dəyişikliklər etməlidir. Bu o deməkdir ki, əslində konstitusiyaya dəyişikliklər olmalıdır. Məhz bundan sonra Ukrayna sərhədi tam nəzarətə götürə bilər. Tərəflərin ortaq məxrəcə gəldikləri yeganə məsələ ATƏT-in sülhməramlı missiyasının fəaliyyət imkanlarının atəşkəs bölgəsində genişləndirilməsindən ibarət olub. Bu, əvvəlki razılaşmalarda da olub. Buna bəzən riayət olunub, bəzən olunmayıb. Elə bunun nəticəsidir ki, atəşkəs bəzən intensiv şəkildə pozulub, hətta, bəzən döyüşlər olur ki, hər iki tərəf onlarla itki verirlər. İndi də Berlində ümumi fikir mübadiləsi aparılıb. Almaniya kansleri Merkel özü də qeyd edib ki, müəyyən məsələlərdə ortaq məxrəcə yaxınlaşsalar da, sualların sayı hələ azalmır. Bu o deməkdir ki, ümumiyyətlə tərəflər Minsk razılaşmasına riayət etmirlər. Dünən Rusiya prezidenti Vladimir Putinin görüşdən sonrakı mətbuat konfransını bir qədər izlədim. Putin gözlərini yerə dikərək ümumi fikirlər söyləyirdi. Hiss olunurdu ki, o da razı deyil. Putin heç Berlinə gəlmək də istəmirdi. Gəlməsəydi elə siyasi rəy veriləcəkdi ki, Rusiya danışıqlardan çəkinir. Gəldi, iştirak etdi, amma nəticəsi olmayacağını öz də əvvəlcədən bilirdi. Poroşenko özünün də müəyyən tələbləri var, Rusiya tərəfinə iddialar səsləndirir ki, Moskva separatçılara dəstəkdən əl çəksin. Yəni, tərəflərin mövqeləri bir-birindən 180 dərəcə fərqlidir”.

E.Şahinoğlu qeyd edib ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də bənzəyir: “Azərbaycan və Ermənistan prezidentləri də vasitəçilərin iştirakı ilə görüşürlər. Azərbaycanın öz həqiqəti var ki, birinci mərhələli həll planı işə düşməli, işğal altındakı bölgələr boşaldılmalıdır. Ermənistan isə bunun əksinə hərəkət edir və deyir ki, yox, əvvəlcə biz statusu müəyyənləşdirəcək referendumun nə vaxt keçiriləcəyini bilməli, sonra isə torpaqları azad edə bilərik. Eyni situasiya Ukrayna-Rusiya danışıqlarındadır. Yəni, ortada müəyyən razılaşma var – Minsk razılaşması – amma ordakı bəndləri hər bir tərəf öz bildiyi kimi izah edir”.

Qeyd edək ki, Ukrayna prezidenti P.Poroşenko Berlində keçirdiyi brifinqdə Rusiyanın Donbasda ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verdiyini bildirib. Bəs bu məsələni necə şərh etmək olar? E.Şahinoğlu bununla bağlı deyib ki, Rusiya onsuz da bunun əleyhinə çıxış etmirdi: “Söhbət beynəlxalq müşahidəçilərdən gedir. Rusiya bunun əleyhinə deyil. Əksinə bu bəlkə də Rusiyanın xeyrinədir. Rusiya onsuz da qopardığını qoparıb, separatçı bir bölgə yaradıb və istəyir ki, orda separatçılığı qorusun. Qorumağın da yolu ermənilər kimi atəşkəsi uzunömürlü etməkdən keçir. Yəni, problem həll olunmasın, atəşkəs olsun, orda sülhməramlı qüvvələr yerləşdirilsin. Bu, əslində Rusiyanın maraqlarına cavab verir. Rusiya istəyir ki, münaqişə Ukraynanın istədiyi kimi həll olunmasın, amma savaş da olmasın. Çünki savaş da yorucudur və Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə səbəb olur. Ona görə Rusiya obyektiv olaraq bunun əleyhinə çıxmır. Amma Kreml Minsk razılaşmasının digər bəndləri yerinə yetirilməyənədək Ukraynaya Rusiya ilə sərhədi tam nəzarətə götürməyə imkan vermir. Çünki bilirlər ki, belə olarsa toqquşma halında Rusiyanın separatçılara dəstək verməsi artıq problematik olacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər