31 Yanvar 2017 15:44
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın dəstəklədiyi Donetskdəki separatçı qüvvələr səhər saatlarında Ukrayna ordusunun mövqelərinə atəş açmağa başlayıb. Ukrayna ordusunun 72-ci əlahiddə mexanikləşdirilmiş briqadasının mətbuat xidməti bildirir ki, hal-hazırda Donetsk separatçılarının qüvvələri Rusiya ordusu ilə birlikdə Avdeyevka qəsəbəsini intensiv atəşə tutur. Səhər saatlarında qəsəbəyə 4 “Qrad” qurğusundan 160 raket buraxılıb, ciddi dağıntılar var.

Ukrayna tərəfi bildirir ki, Rusiya atəşin dayandırılmasına dair müraciətlərə reaksiya vermir və hazırda artilleriya-raket zərbələri davam edir. Ukrayna ordusunun antiterror əməliyyatları üzrə qərargahının bildirdiyinə görə, separatçılar Avdeyevka rayonuna dəfələrlə həmlə ediblər, lakin Ukrayna hərbçiləri onları geri oturda biliblər.

Qeyd edək ki, bu proses ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladmir Putin arasında baş tutan telefon danışığından sonraya təsadüf edib.

Yaranan durumu Teleqraf.com-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, əslində bu uzunmüddətli prosesdir. Onun fikrincə, belə döyüşlər mütəmadi baş verəcək: “Separatçılar faktiki Ukraynanın bir hissəsini silah və zor gücünə ələ keçirib. Rəsmi Kiyev bununla heç vaxt razılaşmayacaq. Dünya birliyi də bununla razı deyil, qarşı tərəfi separatçı hesab edir. Deməli, biz vaxtaşırı atəşkəsin pozulmasının şahidi olacağıq”.

Mütəxəssis hesab edir ki, burada digər məqam prezident Trampla Putin arasında telefon danışıqları və Donbasla Donetsk separatçılarının bu danışıqların nəticəsindən ruhlanmasıdır: “Çünki Tramp Putinlə münasibətləri yaxşılaşdırmaq istəyir, Rusiya meyilli bəyanatlar verir, Putini böyük siyasətçi hesab edir. Separatçılar da bundan istifadə edərək hücuma keçiblər. Hərbi hücum siyasi məqamlarla müşahidə edilir. Yəni bu hərbi həmlələrin arxasında siyasi məqamlar var. Bu məqam separatçıları ruhlandırır və irəliləyişə təkan verir. Ancaq bu o demək deyil ki, nə vaxtsa Ukrayna dövləti Donbası və ya Donetski boşaldacaq. Artıq atəşkəs pozulub, Minsk razılaşması tapdalanıb. Separatçılar hücuma keçərək gücünü nümayiş etdirir”.

Ukrayna Baş Qərargahının keçmiş rəisi, general-leytenant Yuri Dumanskinin “Krımı geri qaytarmaq üçün Qara dəniz donanmasının yerləşdiyi əsas şəhər olan Sevastopolu Rusiyaya verə bilərik” bəyanatını şərh edən F.Sadıxov hesab edir ki, buna hərbçinin bəyanatı kimi yanaşmaq lazımdır: “Hərbçi siyasi məsələləri həll etmir. Kimin nəyi hara və kimə verəcəyi generalın işi deyil. Hələlik bu məsələ heç gündəmdə də deyil. Məsələ çox mürəkkəbdir. Söhbət ondan gedir ki, Krım yarımadası artıq Rusiya tərəfindən anneksiya olunub”.

Fikrət Sadıxov ukraynalı deputat Nadejda Savçenkonun bir müddət öncə səsləndirdiyi “Donbası geri qaytarmaq üçün Kiyev Krımdan əl çəkməlidir” fikrinin də əsası olmadığı qənaətindədir: “Rəsmi Kiyev heç vaxt Krımdan imtina etməyəcək. Bu beynəlxalq səviyyədə tanınan və etiraf edilən məsələdir. Krım yarımadasının Ukraynanın nəzarətindən çıxarılması bu ölkənin ərazi bütövlüyünün pozulmasıdır. Ukrayna Krımı ancaq hərbi yolla geri qaytara bilər. Əgər xarici və beynəlxalq qüvvələrin iştirakı ilə Rusiyaya qarşı ciddi koalisiya yaradılsa. Ancaq bu məsələ də gündəmdə deyil və belə perspektiv də yoxdur. Biz görürük ki, separatçılar müəyyən qüvvələr tərəfindən dəstəklənir. Bu dəstək xarici qüvvələrin maraqları çərçivəsində baş verir. Asanlıqla hansısa ərazini kiməsə bəxşiş etmək, kompromisə getmək gündəmdə yoxdur”.

Sonda siyasi şərhçi deyib ki, silahlı toqquşmalar baş verəcək, aparıcı dövlətlər isə buna müdaxilə edərək, görüşlər təşkil edəcək: “Biz bu təcrübəni Qarabağın timsalında bilirik. Aparıcı dövlətlər təşəbbüslə çıxış edəcək, tərəfləri masa arxasına gətirəcək, uzunmüddətli danışıqlar gedəcək, atəşkəs elan olunacaq. Sonra atəşkəs yenidən pozulacaq. Amma təəssüflər olsun ki, status-kvo dəyişməyəcək. Görünür, bu da aparıcı dövlətlərin maraqları çərçivəsində deyil. Onlar faktiki olaraq bəyanatlar verir, lakin real addımlar və əməllər ortada olmur. Odur ki, burada paritet yaranır. Moskva Donbası dəstəkləyir, Qərb rəsmi Kiyevi müdafiə edir. Ancaq həm Moskva, həm də Qərb məsələnin başa çatdırılmasında və həllində maraqlı deyil”.


Cavad


Müəllif:

Oxşar xəbərlər