2 Fevral 2017 19:19
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin 220 deputatı birgə bəyanat yayaraq, ölkənin raket sənayesi ilə müdafiə sisteminin gücləndirilməsini tələb edib.

Teleqraf.com-un İran mediasına istinadla verdiyi məlumata görə, bəyanatda bəzi ölkələrin etirazına baxmayaraq, İranın raket sənayesinin genişləndirilməli olduğu bildirilib:

“İran İslam Respublikasının düşmənin mümkün hücumu qarşısında yeganə qabaqlayıcı yolu və imkanı raket sənayesi sahəsindəki gücü və qabiliyyətidir. Bəzi ölkələrin İranın bu sahədəki imkanlarına etirazı qəbuledilməzdir. İranın həyata keçirdiyi raket sınaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd deyil.

Biz İran İslam Respublikasının silahlı qüvvələrinə dəstək verərək, ölkənin milli təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı strategiya çərçivəsində İranın müdafiə sisteminin genişləndirilməsini, o cümlədən də onun raket sənayesinin gücləndirilməsini tələb edirik”.

Xatırladaq ki, İran yanvarın 29-da 500 kiloqramlıq nüvə başlığı daşımağa və 300 kilometrlik bir məsafəni qət etməyə qadir olan ortamənzilli ballistik raketini sınaqdan keçirib. Bu isə bir sıra Qərb ölkələrinin, o cümlədən də Amerikanın yeni prezidenti Donald Tramp hökumətinin kəskin etirazı ilə qarşılanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər