Polis və xüsusi təyinatlı dəstələr bazar günü səhərə yaxın Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törədən nümayişçilərdən tamamilə təmizləyib.
Teleqraf.com xəbər verir ki, “Sputnik Qruziya” agentliyinin məlumatına görə, hüquq mühafizə orqanları radikal ovqatlı mitinqçiləri dağıtmaq üçün rezin güllələrdən istifadə edib. Küçələrdə ciddi qarşıdurma baş verməyib. Səhər saat 7-yə yaxın şəhərdə asayiş bərpa olunub. İğtişaşların iştirakçılarının tutulması üçün əməliyyat keçirilir. Saxlanılanların sayı hələlik açıqlanmayıb.
Yaxın saatlarda Batumi meriyası şəhərə dəyən ziyanı hesablayacaq. Hadisənin mərkəzində olan Çavçavadze küçəsində səkilər zədələnib, vitrinlər sındırılıb, hasarlar dağıdılıb, svetoforlar işləmir. Küçə boyu avtomobillərin yanmış qalıqları görünür.
İlkin məlumata görə, gecə iğtişaşları nəticəsində 30-dan çox insan zərər çəkib.