Rusiyanın kosmik fəaliyyət üzrə dövlət korporasiyası – “Roskosmos”un keyfiyyətə və etibarlılığa nəzarət üzrə sabiq icraçı direktoru Vladimir Yevdokimov saxlanılıdığı 5 saylı Moskva istintaq təcridxanasında ölü tapılıb.
Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtındakı saxlama təcridxanalarını müşahidə komissiyasının üzvü Yeva Merkaçeva məlumat yayıb: “Təsdiqlənmiş məlumata görə, Vladimir Yevdokimov həqiqtən də 5 saylı istintaq təcridxanasının kamerasında vəfat edib. Ancaq ölümün səbəbləri hələlik məlum deyil”.
Moskva hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, ilkin məlumata görə, söhbət “Roskosmos”un sabiq rəsmi şəxsinin intihar etməsindən gedir. Hazırda ölüm faktı üzrə istintaq aparılır.
Xatırladaq ki, V.Yevdokimov dövlət vəsaitini mənimsəmədə ittiham olunur. O, 200 milyon rublu ələ keçirməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, özünü təqsirli bilmirdi.
Səxavət