29 Aprel 2017 01:39
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) qurumun prezidenti Pedro Aqramuntu təşkilatı təmsil etmək hüququndan məhrum edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu qərar onun Suriyaya səfər edərək, orada prezident Bəşər Əsədlə görüşməsi ətrafında yaranmış qalmaqaldan sonraya təsadüf edib.

Aqramunt ötən gün qalmaqallı insidenti şərh etməli və ya istefa verdiyini elan etməli idi, lakin o, iclasa qatılmayıb. Təsdiqlənməmiş məlumatlara əsasən, o, AŞPA-ya vəzifəsindən istefa verməkdən imtina etdiyi barədə sənəd göndərib.

AŞPA prezidentini istefaya göndərməyin hüquqi mexanizmi mövcud olmadığından, AŞPA bürosu ona etimadsızlıq bildirərək qurumu təmsil etmək hüququndan məhrum edib.

"Prezident büronun iclasına gəlməyib və istefa ərizəsini təqdim etməyib. Prezidenti, vəzifəsindən azad etməyə imkan verməyən reqlamenti nəzərə alaraq, büro belə bir addım atmaq qərarına gəlib", - AŞPA-da Britaniya nümayəndə heyətinin başçısı Roger Gale bildirib.

Mart ayında Aqramunt başda Dövlət Dumasının vitse-spikeri Vladimir Vasilyev olmaqla Rusiya parlamentinin nümayəndə heyətilə birgə Suriyaya səfərə yollanıb və prezident Bəşər Əsədlə görüşdə iştirak edib.

Aqramunt qeyd edirdi ki, bu səfərə o, AŞPA rəsmisi kimi çıxmayıb. Lakin AŞPA-da onun səfəri Suriya rejiminə dəstək kimi qarşılanaraq kəskin tənqidə səbəb olub.
Pedro Aqramunt bu həftənin əvvəlində bildirmişdi ki, Suriyaya səfərini səhv addım sayır və bunun üçün üzr istəyir. Aqramunt səfərinin deputatlar tərəfindən belə qarşılanacağını gözləmədiyini deyib.

Lakin deputatlar ona etimadsızlıq bildirilməsi məsələsinin səsverməyə çıxarılmasını tələb etdikdən sonra, Agramunt cümə günü bəyanat verəcəyini elan edib və bundan sonra AŞPA iclaslarına qatılmayıb.


Müəllif:

Oxşar xəbərlər