6 May 21:18
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim partiyasının deputatı Qaqik Melkonyan azsaylı tərəfdarı ilə Tavuşdan İrəvana yürüş edən keşiş Baqrat Qalstanyanı ələ salıb.

Teleqraf.com xəbər verir ki, o, revanşist din adamının özünü inqilabla hakimiyyətə gəlmiş Baş nazir Nikol Paşinyana oxşatdığını deyib.

Melkonyan hökumətin son proseslərə görə dağılmaq ərəfəsində olması ilə bağlı deyilənlərlə razılaşmır:

“Hakimiyyətin sarsıldığı necə məlum oldu? Baqrat Srpazanın (Qalstanyan) Tavuşdan çıxması siyasi hakimiyyəti sarsıdıb? Heç nə olmayacaq. Müxalifət adam toplaya bilmədi, indi də yepiskopla cəmi 40 nəfər gəlir. Nikol Paşinyan 12 nəfərlə Gümrüdən gəlmişdi. Baqrat Srpazan bel çantasını unudub, gərək bel çantasını da götürəydi. Bel çantası yoxdursa, uğur qazana bilməyəcək”.

Deputat revanşistləri Ermənistanı parçalamaqda ittiham edib: “Tavuşda yığışıb nə əldə etdilər? Orada müharibə olsaydı, yenə də bu yolla İrəvana qaçardılar, müharibə yükü də xalqımızın çiynində qalardı. Ciddi olmaq lazımdır”.

Onun sözlərinə revanşistlərdən “5-ci kolon” kimi Ermənistanı müharibəyə sürükləmək üçün istifadə olunur:

“Baqrat Srpazan bir çox başqa din xadimləri kimi Rusiyanın ən yaxşı agentlərindən biridir. Rusiyanın Ermənistanda həmişə agentləri olub, indiyədək də fəaliyyət göstərirlər. Kilsə KQB-yə bağlı idi. Xaricdəki kilsə xadimlərimizin yarıdan çoxu KQB agenti olub”.

Melkonyan belə bir ritorik sual da verib:

“Yepiskop Baqrat Tavuş yeparxiyasının rəhbəridirsə, niyə İrəvana gəlir, İrəvanı işğal etməyə gəlir? Orada səlahiyyətli şəxslər var, ona başa saldılar ki, sərhəd demarkasiya olmalıdır, dövlət sərhədimiz olmalıdır. “Əsgərimizin ayağı olan yerdə sərhədimiz var” deməsi isə çox təhlükəli tezisdir.

Azərbaycanla razılaşdıq ki, 1991-ci il Almatı bəyannaməsinə əsasən demarkasiya edək. Bizim ərazilərimiz olan o sərhədlərin sahibiyik.

Müharibə başlasaydı, əziyyət çəkərdik. Yenə ora rus sərhədçiləri gələrdi, Rusiyanın quberniyası olardıq, hər şey Ermənistanın müstəqilliyinin itirilməsi ilə başa çatardı. İndi Baqrat İrəvana gəlir, çünki Tavuşda xalq onun tərəfində olmadı, ayağa qalxmadı. İrəvana gəlir, bəs onu burada kim qarşılayacaq? Vanetsyan, Arşak Karapetyan – nə qədər Rusiya qaçqını varsa, hamısı ona qoşulur. Onun yanında “Ermənistan” qruplaşması dayanır. Yəni Robert Köçəryanın, Serj Sərkisyanın rəhbərliyi altında olanlar. Həmin adamlar neçə illərdir küçələrdədirlər, qışda içəri girib yayda çıxırlar.

İndi o adamlar xalqı küçələrə çıxara bilmirlərsə, Baqrat Srpazan, Vardan Mamikonyan kimdir ki, xalqı ətraflarında birləşdirsin? Onun Tavuş bölgəsində böyük nüfuzu vardı, xalq onu Tavuş yeparxiyasının rəhbəri kimi qəbul edir, sevirdi. Amma indi o hadisələrdən sonra insanların dediklərinə qulaq asın, onlar artıq “Baş nazir Baqrat” qışqırırlar. Hardansa eşidib ki, baş nazir ola bilər, amma aldadıb atacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu